Mobil versiya
Beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir
Tarix: 27-08-2022 | Saat: 09:46
Bölmə:Ölkə | çapa göndər

Beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan ilə Qazaxıstan arasında çoxəsrlik tarixə malik dostluq əlaqələri, ortaq türk mənşəli, ortaq dini, dili, mədəni və mənəvi əlaqələri olan qardaş dövlətlərimiz və xalqlarımız arasında hərtərəfli münasibətlərin inkişafı, müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq əlaqələri uğurla inkişaf etdirilir. Ölkələrimiz qlobal arenada, TÜRKSOY, Türk Şurası, UNESCO kimi beynəlxalq təşkilatlar çərçivəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləyir.

Azərbaycan və Qazaxıstan beynəlxalq aləmdə etibarlı tərəfdaş, səmimi dost, mehriban qonşu kimi nümunəvi münasibətləri ilə örnək imici qazanıblar.
Azərbaycan-Qazaxıstan münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyev Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yüksəlişinə həmişə böyük önəm verib. Ulu Öndərin həyata keçirdiyi xarici siyasət kursunda Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirilməsinə mühüm əhəmiyyət verilib. Bu dostluq münasibətləri Ulu Öndərin siyasi kursunun davamçısı, Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələlərdən biri hesab edir. Dövlət başçısı bu ölkələrlə iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklif və təşəbbüslərin həyata keçirilməsi türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına əsaslı töhfə verib.

Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük tarixi var. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində səmərəli fəaliyyət göstəriblər. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsində də əməkdaşlıq ediblər və bu ənənə bu gün də davam edir. 2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti N. Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak edib. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi" imzalanıb. Ölkələr İƏT çərçivəsində də fəal əməkdaşlıq edirlər. 2005-ci ildə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalaması ilə ölkələrimizin strateji tərəfdaşlığı rəsmiləşdirilib. Ötən dövrdə iki qardaş ölkə arasındakı münasibətlər strateji müttəfiqlik zirvəsinə yüksəlib.
Qazaxıstan və Azərbaycan dövlət başçıları arasında bugünkü dostluq və qardaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyev ideyalarının ardıcıl olaraq həyata keçirilməsi üçün böyük bir stimuldur. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında Qazaxıstan tərəfinin iştirakı, habelə qardaş ölkənin Azərbaycanın təşəbbüskarı olduğu Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM), TANAP və TRANSXƏZƏR enerji və nəqliyyat dəhlizi layihələrinə dəstək verməsi Bakı ilə Astana arasında strateji əməkdaşlığın yeni göstəricisidir.

Azərbaycan-Qazaxıstan münasibətləri siyasi-iqtisadi sferada olduğu kimi, beynəlxalq münasibətlər müstəvisində də dinamik inkişaf edir. İki qardaş ölkə BMT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY kimi təşkilatlar çərçivəsində qarşılıqlı şəkildə bir-birinin maraqlarını müdafiə etmək üçün çevik mexanizmə malikdir. Qazaxıstan tərəfi son illər Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə fəal iştirakı ilə fərqlənir, bu işə öz qardaş töhfəsini verir.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ikitərəfli münasibətlər Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin təzahürüdür. Prezidentlik fəaliyyəti çərçivəsində tez-tez türkdilli xalqları ziyarət edən İlham Əliyev Avrasiyada Xəzər dənizinin ortaq dəhliz olaraq Azərbaycan iqtisadiyyatına yön verməsi üçün bir sıra strategiyalara imza atdı. Onun göstərmiş olduğu bu ülvi missiya Qazaxıstan dövləti tərəfindən yüksək qiymətləndirilərək Azərbaycan Respublikası Prezidentinə Altın kıran” – “Qızıl qartal” ordeni təqdim edilmişdir. Bu orden Qazaxıstan Respublikası qarşısında müstəsna dövlət xidmətlərinə görə verilir.

Bu günə qədər sözügedən ordenlə 19 dünya lideri mükafatlandırılıb ki, onların arasında Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, II Yelizaveta və Səudiyyə Ərəbistanı kralı da var. Qazaxıstan Respublikasının ən yüksək dərəcəli dövlət mükafatı ilə təltif olunan Prezident İlham Əliyev bu diqqəti çox keşməkeşlərdən çıxmış Qazax-Azərbaycan dostluğunun təzahürü kimi qeyd etmişdir. O qeyd etmişdir ki, bu mükafata layiq görülməyi onun üçün böyük şərəfdir və cənab Prezident bunu xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Azərbaycanın münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət hesab edir. Azərbaycan-Qazaxıstanla münasibətləri həm ikitərəfli, həm də müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıq formatında qurulub.

Ölkələrimiz nəqliyyat, enerji və digər layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün çox işlər görürlər. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, ölkələrimizin əlverişli tranzit potensialı və logistika imkanları beynəlxalq yükdaşımalarda onların rolunun artmasına gətirir.

Azərbaycan və Qazaxıstan humanitar sahədə geniş əməkdaşlıq əlaqələri qurmuşlar. Qazaxıstanda hazırda 5 Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi mərkəzi fəaliyyət göstərir.

Regional miqyasda sınaqdan keçirilmiş əməkdaşlıq modelinin qlobal səviyyəyə genişləndirilməsi hər iki dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Bu çərçivədə nəqliyyat, enerji və təhlükəsizlik istiqamətlərinə ayrıca önəm verilir. Qazaxıstanı və Azərbaycanı qarşılıqlı faydalı əməkdaşlıq üçün ortaq tarix və strategiya birləşdirir. Böyük İpək Yolunda olmağımız ölkələrimiz üçün tranzit komponentinin ən vacib cəhətlərindən biri kimi dəyərləndirilir.
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi. Prezident İlham Əliyev bildirdi ki, bu Mərkəzin Qarabağda açılması ölkələrimiz arasında humanitar əməkdaşlığın daha bir elementidir.
Bu gün hər iki türk dövləti uğurlu inkişaf strategiyası ilə regionda mövqeyini qoruya bilir və qarşılıqlı tərəfdaşlıq həm Azərbaycanın, həm də Qazaxıstanın milli mənafeyinə xidmət edir.

Türkan Şadlinskaya
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü,
Bərdə Heydər Əliyev Mərkəzinin elmi işçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024