Mobil versiya
Azərbaycan - Qazaxıstan əlaqələri yüksələn xətlə inkişaf edir
Tarix: 27-08-2022 | Saat: 09:28
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan - Qazaxıstan əlaqələri yüksələn xətlə inkişaf edir

2022-ci il 24 avqust tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana etdiyi rəsmi səfər ölkələrimiz və xalqlarımız arasında dərin tarixi köklərə malik olan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcək. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının daha bir təsdiqi olmaqla yanaşı, eyni zamanda da möhtərəm dövlət başçımızın Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Həmçinin ölkələrimiz və xalqlarımız arasındakı dostluğun daha bir təzahürü kimi, Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakını da qeyd etmək lazımdır. Bu baxımdan, Qazaxıstanın Azərbaycana hədiyyəsi olaraq işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi də qardaşlıq münasibətinin daha bir nümayişi idi.

Diqqətəlayiq haldır ki, Azərbaycan və Qazaxıstan istər ikitərəfli münasibətlərdə və istərsə də beynəlxalq problemlərə dair bütün məsələlərdə eyni mövqelərdən çıxış edirlər. Bu, bir daha deməyə əsas verir ki, Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir. Təbii ki, bu yaxınlıq ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi və inkişafı üçün əlverişli zəmin yaradır. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında xüsusi olaraq qeyd etdi ki, Qazaxıstan və Azərbaycan əməkdaşlığı beynəlxalq səviyyədə də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz üzv olduqları ən mötəbər və aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birini dəstəkləyir və bu, gələcəkdə də davam edəcək. Əlbəttə ki, bu münasibətlər ölkələrimiz arasında sıx iqtisadi əməkdaşlığın formalaşmasında və genişlənməsində mühüm rol oynayır. Xüsusi olaraq nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük perspektiv planlar mövcuddur ki, bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. Hazırda ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi məqsədilə Orta Dəhliz layihəsi həyata keçirilir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var.

Məlum olduğu kimi, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı ölkələrimiz arasında əməkdaşlığa dair 20-dən artıq sənəd imzalanmışdır. Əlbəttə ki, bu sənədlərin hər biri qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Məhz bu sənədlərin imzalanması ilə ölkələrimiz arasındakı iqtisadi, ticari, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir. Bununla belə imzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. İlk növbədə bu sənəd artıq təsdiq edir ki, Azərbaycan və Qazaxıstan sadəcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərdir. Bu Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın bir çox istiqamətlərini əhatə edir və gələcək fəaliyyət üçün ciddi baza rolunu oynayır. Qeyd etmək lazımdır ki, Bəyannamədə son dərəcə mühüm siyasi məqamlar da əks olunub. Belə ki, bu sənəddə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi qeyd edilib. Bu, Orta Dəhlizin tərkib hissəsi olacaq. Beləliklə də Qazaxıstan Azərbaycanın beynəlxalq siyasi müstəvidə haqlı mövqeylərini dəstəklədiyini bir daha təsdiq edir və ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə vermiş olur.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam
orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024