Mobil versiya
Azərbaycanla Qazaxıstan arasında imzalanan Bəyannamə münasibətlərin gələcək xarakterini müəyyənləşdirir
Tarix: 26-08-2022 | Saat: 10:52
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanla Qazaxıstan arasında imzalanan Bəyannamə münasibətlərin gələcək xarakterini müəyyənləşdirir

Azərbaycanla Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri münasibətlərimizin inkişafına daha da təkan verəcək.

Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, səfər zamanı hər iki ölkənin rəhbərləri qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə ediblər, dövlətlərarası sənədlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. Dövlətimizin başçısı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin daha da güclənməsinə böyük önəm verildiyini diqqətə çatdırıb. İmzalanan sənədlər arasında iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd bizim münasibətlərin gələcək xarakterini və formasını müəyyən edir. Strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Qazaxıstan Respublikasının Prezidenti iki ölkə arasında əməkdaşlığın daha fəal şəkildə davam etdirilməsinin vacibliyinə diqqət çəkib. Qazaxıstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şəraitin mövcudluğunu qeyd edən ali qonaq iki dövlət arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində Prezident İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndirib. Azərbaycan Prezidentinin qazaxıstanlı həmkarı tərəfindən "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif edilməsi isə dövlətimizin başçısının fəaliyyətinə, dünyadakı nüfuzuna verilən dəyərdir.

Sevinc Fətəliyeva Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin qədim tarixə malik olduğunu qeyd edib. Bildirib ki, hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir. Ölkələrimiz arasında əlaqələr davamlı olaraq inkişaf edir. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır.

“Bu gün dünyada baş verən dərin proseslər bizə yeni münasibətlər qurmaq üçün tarixi imkanlar verir. Biz Türk Dövlətləri Təşkilatı müstəvisində də fəal əməkdaşlıq edirik. Türk dünyasında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur, öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Qazaxıstan Prezidenti bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün göstərdiyi fəaliyyəti, ərazi bütövlüyümüzün bərpası istiqamətindəki qətiyyətli mövqeyini xüsusi qeyd edib. İşğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən yaradıcılıq mərkəzinin tikilməsi isə qardaşlıq münasibətlərinin növbəti nümunəsidir. Hesab edirəm ki, qarşılıqlı səfərlər, aparılan görüşlər və verilən qərarlar bu hədəfə çatmağımızda mühüm rol oynayacaq. Nəzərdə tutulan layihələrin reallaşdırılması birliyimizi daha da möhkəmləndirəcək”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024