Mobil versiya
Rəşad Cəbrayılov: “Ermənistanın gələcəyi bütünlüklə Azərbaycanla qura biləcəyi münasibətlərdən asılıdır”
Tarix: 15-08-2022 | Saat: 16:24
Bölmə:Gündəm | çapa göndər

Rəşad Cəbrayılov: “Ermənistanın gələcəyi bütünlüklə Azərbaycanla qura biləcəyi münasibətlərdən asılıdır”

“Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasətin bariz nəticəsi olaraq bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş, regional və beynəlxalq mövqelərini getdikcə möhkəmlədən, sürətlə inkişaf edən bir dövlətə çevrilmişdir. Həmçinin bu siyasətin, ölkədə həyata keçirilən əsaslı islahatların sayəsində Azərbaycanın iqtisadi inkişaf modeli özünün unikallığını və müstəsna effektivliyini bütün dünyada isbatlaya bilib. Son illər respublikanın bütün rayon və bölgələrində uğurla həyata keçirilən regionların inkişafına dair dövlət proqramlarının effektiv icrası da məhz bu modelin işləkliyinin və səmərəliliyinin daha bir göstəricisidir. Məlum olduğu kimi, Azərbaycan Prezidentinin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionlarda görülən işlərin effektivliyini təmin edən əsas amillərdən biri kimi çıxış edir. Məhz bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılır. Eləcə də bu səfərlər çərçivəsində baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin göstəricisi kimi çıxış edir. Bir məqamı da vurğulamaq lazımdır ki, Ölkə Prezidentinin regionlara etdiyi səfərlər iqtisadi əhəmiyyəti ilə yanaşı həm də böyük siyasi önəm kəsb edir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov deyib.

Müsahibimiz qeyd edib ki, avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağsu və İsmayıllı rayonlarına etdikləri tarixi səfər bu iki rayonda son illər ərzində görülmüş işlərə yekun vurmaqla bərabər bundan sonrakı dövr üçün qarşıda duran vəzifələrə dair konkret tələblət irəli sürmüş oldu: “Məlum olduğu kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün bölgələrdə aparılan quruculuq-abadlıq işlərinə şəxsən özü nəzarət edir. Məhz buna görə də dövlət başçısı həm işlərin gedişi ilə yerində tanış olmaq, həm də gərəkən tapşırıq və tövsiyyələri vermək üçün müntəzəm olaraq bölgələrə səfərlər edir. O cümlədən son illər ərzində digər regionlarda olduğu kimi Ağsu və İsmayıllı rayonlarında da böyük infrastruktur layihələri icra edilmişdir. Bu barədə avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ölkə Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, hər iki rayonda dövlət proqramı ilə icrası nəzərdə tutulan infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Ağsu və İsmayıll şəhərlərinin hər birində 160 çarpayılıq yeni xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. Həmçinin bu rayonlarda yeni iş yerlərinin yaradılması istiqamətində də mühüm addımlar atılmışdır. O cümlədən, dövlət başçısının açılışında iştirak etdiyi “Basqal Resort & Spa” hotelində 300-ə yaxın iş yeri açılıb. Ölkə Prezidentinin səfər çərçivəsində fəaliyyətilə tanış olduğu Ağsu Aqroparkında isə 200-ə yaxın iş yeri açılıb. Əlbəttə ki, bütün bunlar hər iki rayonun iqtisadi inkişafına verilən mühüm töhfələrdir. Bununla yanaşı möhtərən dövlət başçımız qeyd etdi ki, Azərbaycanda yeni iş yerlərinin açılması prosesi daim aparılmalıdır. Çünki bizim əhalimiz artır, iş yerlərinə tələbat artır.”

Daha sonra Prezident İlham Əliyevin öz müsahibəsində ölkənin ərzaq təhlükəsizliyinin təminatına dair mövcud planlar və görülən işlər barədə söylədiklərinin əhəmiyyətini vurğulayan Salyan RİH başçısının müavini bunları deyib: “Bu gün dünyanın bütün dövlətlərinin qarşısında duran əsas məsələlərdən biri ərzaq təhlükəsizliyi ilə bağlıdır. Bu baxımdan Azərbaycan işğaldan azad edilmiş torpaqlarının ölkə iqtisadiyyatına reinteqrasiyası hesabına böyük imkanlar əldə edəcək. Möhtərəm Prezidentimizin öz müsahibəsində qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün çox münbit iqlim və təbii şərait var. Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da kəskinləşdirdi. Lakin Azərbaycan bu məsələ ilə yalnız indi məşğul olmağa başlamayıb. Belə ki, torpaqlarımız işğalçılardan azad olunandan dərhal sonra Ölkə Prezidenti göstəriş vermişdi ki, bu torpaqlarda əkin-biçin işlərinə başlansın. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq”, - deyə R.Cəbrayılov bildirib.

Sonda müsahibimiz Prezident İlham Əliyevin müsahibəsində yer almış siyasi məqamların önəmini qeyd edərək bunları deyib: “Azərbaycan iki il bundan əvvəl ilk növbədə hərbi, daha sonra hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi və nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Ermənistan hökuməti kapitulyasiya aktını imzalamaqla öz üzərinə məlum öhdəliklər götürdü. Bu öhdəliklərə əməl olunması bütün Cənubi Qafqazda sülhün və inkişafın bərqərar olması üçün zəruri şərtdir. Lakin təəssüflər olsun ki, Ermənistan hələ də bunu dərk etmək istəmir. Azərbaycana qarşı hansısa ərazi iddiaları, hansısa status haqqında cəfəng fikirlərlə Qarabağda gedən proseslərə qarışmaq cəhdləri və hətta ölkəmizin Silahlı Qüvvələrinə qarşı açıq-aşkar silahlı təxribatlar hələ də davam edir. Təbii ki, Azərbaycan bütün bunların qarşısını qətiyyətlə almaq iqtidarındadır və alır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, avqustun 3-də keçirilmiş “Qisas” əməliyyatı da bir cəza tədbiri idi. Növbəti dəfə təxribat törədərək Azərbaycan əsgərinin qanını axıtmış düşmən ciddi şəkildə cəzalandırıldı. Şəhidimizin qanı onlara baha başa gəldi və düşmən bunu unutmamalıdır. Ermənistan yeni reallıqlarla barışmalı və Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün ciddi səylər göstərməlidir. Çünki bu ölkənin gələcək müqəddəratını öz xalqının xeyrinə müəyyən edə bilməsi üçün başqa yolu yoxdur”, - deyə Rəşad Cəbrayılov öz fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024