Mobil versiya
Eltun Süleymanov: “Ermənistan hökuməti öz xalqının gələcəyini hansısa bir ümidə bağlamaq üçün Azərbaycanla sülh müqaviləsini imzalamalıdır”
Tarix: 15-08-2022 | Saat: 12:44
Bölmə:Gündəm | çapa göndər

Eltun Süleymanov: “Ermənistan hökuməti öz xalqının gələcəyini hansısa bir ümidə bağlamaq üçün Azərbaycanla sülh müqaviləsini imzalamalıdır”

“Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 12-də Ağsu və İsmayıllı rayonlarına etdiyi səfəri, eləcə də bu səfər zamanı İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi hər zaman olduğu kimi, istər iqtisadi cəhətdən, istərsə də siyasi nöqteyi-nəzərdən bir çox vacib məqamları əhatə etməklə mühüm əhəmiyyət kəsb edir. İlk növbədə dövlət başçısının mütəmadi olaraq respublikamızın bütün rayon və bölgələrinə etdiyi səfərlər regionlarda aparılan və getdikcə daha böyük vüsət alan abadlıq-quruculuq işlərinə, xüsusilə regionların inkişafına dair dövlət proqramlarının icrasına birabaşa ölkə rəhbərliyinin ciddi şəkildə nəzarət etdiyini göstərir. Belə səfərlər zamanı baş tutan müxtəlif profilli obyekt və müəssisələrin açılış və təməlqoyma mərasimləri görülən işlərin həcmindən xəbər verir. Eyni zamanda da Ölkə Prezidentinə edilən məruzələr həmin işlərin icrası prosesində obyektivliyin və şəffaflığın təmin olunmasına xidmət edir.”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, bu gün dövlətin qarşısında duran əsas məsələlərdən biri də əhalinin məşğulluğunun təmin olunması, işsizlik probleminin həlli ilə bağlıdır. E.Süleymanovun sözlərinə görə Azərbaycanda bu istiqamətdə kifayət qədər məqsədyönlü addımlar atılır: “Bu gün ölkəmizdə mövcud olan iqtisadi inkişaf, əhalinin rifah səviyyəsinin getdikcə yüksəlməsi və ictimai-siyasi sabitlik respublikada müsbət demoqrafik vəziyyətin formalaşmasını təmin edib. Ölkə əhalisi getdikcə artır və bu gün Azərbaycan vətəndaşlarının sayı 10 milyon nəfərdən çoxdur. Əlbəttə ki, bu çox müsbət bir haldır. İkinci bir tərəfdən isə, ölkə əhalisinin sayında müşahidə olunan artım bir çox vacib məsələlərin həllini də ön plana çıxarmış olur. Təbii ki, belə məsələlərdən biri də əhalinin işlə təmin olunması ilə bağlıdır. Öz müsahibəsində Ölkə Prezidenti cənab İlham Əliyev də bu məsələyə xüsusi toxunaraq bildirdi ki, yeni iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki ölkə əhalisi artır və buna müvafiq olaraq iş yerlərinə tələbat da artır. Deyə bilərik ki, bu gün ölkəmizdə məhz bu istiqamətdə kifayət qədər səmərəli, məqsədyönlü addımlar atılır. O cümlədən regionların iqtisadi inkişafı üzrə dövlət proqramlarında nəzərdə tutulan prioritet istiqamətlərdən biri də məhz yeni iş yerlərin açılmasını nəzərdə tutur. Dövlət öz tərəfindən həm bir sıra mühüm layihələrin icrası nəticəsində, həm də özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur. Bu baxımdan möhtərəm dövlət başçımızın avqustun 12-də açılışında iştirak etdiyi, Basqal qəsəbəsində yeni inşa olunmuş 179 otaqlı müasir otel də həm bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək, həm də yerli sakinlərə 300-ə yaxın iş yeri təqdim etməklə məşğulluq probleminin həllinə mühüm töhfə verəcək”, - deyə E.Süleymanov qeyd edib.

Daha sonra Eltun Süleymanov Prezident İlham Əliyevin müsahibəsində yer alan siyasi məqamlar barədə danışaraq bildirib ki, dövlət başçısının səsləndirdiyi fikirlərdə eyni zamanda həm düşmənlərimizə yönəlmiş növbəti ciddi xəbərdarlıq, həm də bütün region xalqlarının rifahına xidmət edəcək sülh və əməkdaşlığa çağırış öz əksini tapıb: “Bu gün Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyət həqiqətən özünün unikallığı ilə diqqəti cəlb edir. Bir tərəfdən Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbə və bu əsasda formalaşmış yeni regional reallıqlar bütün region ölkələrinin və qonşu dəvlətlərin iqtisadi inkişafında irəliyə doğru möhtəşəm bir sıçrayış edə bilmək imkanları verir. Əslində Azərbaycanın indiyədək təşəbbüskarı kimi çıxış etdiyi bütün beynəlxalq layihələr iştirakçı ölkələrin hər birinin inkişafına, xalqlarının rifah yüksəlişinə mühüm töhfələr verib. Bu gün isə yaranmış imkanlar daha geniş və daha perspektivlidir. Bu imkanların düzgün qiymətləndirilməsi və reallaşdırılması Cənubi Qafqazı ən yaxın gələcəkdə dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevirə bilər. İkinci bir tərəfdən isə, bu gün Ermənistanın siyasi rəhbərliyinin, eləcə də bu ölkənin hakim dairələrinə təsir imkanlarına malik olan bəzi separatçı qüvvələrin qeyri-adekvat davranışı nəinki yaranmış imkanların reallaşmasını əngəlləyir, həmçinin belə mövqe Azərbaycan dövlətinin nəyin bahasına olursa-olsun qoruyub saxlamağa və möhkəmləndirməyə çalışdığı sülhü böyük təhlükə altına atır. Erməni tərəfinin artıq iki ilə yaxındır ki, imzaladığı 10 noyabr Üçtərəfli bəyanatının müddəalarına hələ də əməl etməkdən yayınması, ölkəmizə qarşı müntəzəm olaraq təxribatlar törətməkdən əl çəkməməsi birmənalı olaraq regional vəziyyətin gərginləşməsinə zəmin yaradır. Təbii ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu nəinki istənilən belə təxribatın qarşısını dərhal və qətiyyətlə almağa, hətta yaxın bir neçə onillik ərzində Ermənistanı belə əməllər barədə düşünmək iqtidarında belə olmayacaq bir vəziyyətə gətirmək imkanlarına sahibdir. Elə avqustun 3-də növbəti erməni hərbi təxribatına cavab olaraq ordumuzun keçirdiyi “Qisas” əməliyyatı da bunu sübut edən növbəti aşkar dəlildir. Ölkə Prezidenti cənab İlham Əliyevin öz müsahibəsində qeyd etdiyi kimi, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Həqiqətən də məğlub Ermənistanın bu gün öz xalqının gələcəyini hansısa bir ümidə bağlaması üçün ata biləcəyi yeganə addım, Azərbaycanla sülh müqaviləsini imzalamaq və münasibətlərin normallaşdırılması üçün çalışmaq ola bilər. Qarabağ mövzusu isə Ermənistanla danışıqlarda ümumiyyətlə müzakirə obyekti ola bilməz. Bu, Azərbaycanın daxili məsələsidir və heç bir xarici dövlət, heç bir kənar qüvvə bu məsələyə müdaxilə edə bilməz,” – deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024