Mobil versiya
İNTERNET TARİFLƏRİ ARTIRILIB? - Aylıq abunə haqqı ödənsə də, borc silinmir
Tarix: 10-08-2022 | Saat: 15:07
Bölmə:Media | çapa göndər

İNTERNET TARİFLƏRİ ARTIRILIB? - Aylıq abunə haqqı ödənsə də, borc silinmir

Artıq bir neçə gündür ki, internet xidməti tarifləri və ödənişlərilə bağlı müəmmalı vəziyyət yaranıb. Belə ki, xüsusilə “Baktelecom” abunəçilərindən aylıq xidmət tariflərilə bağlı ikiqat ödəniş etmək məcburiyyətində qaldıqlarına dair şikayətlər daxil olmaqdadır.

Abunəçilər həmişəki kimi aylıq ödənişləri həyata keçirsələr də, borc məbləği dəyişmir və yalnız təkrar ödənişdən sonra internet açılır. Birinci ödənişin hara getdiyi, hara silindiyi barədə isə heç nə aydınlaşdırmaq olmur.

155 “çağrı mərkəzi”nə müraciət etdikdə, operatorlar heç bir normal izahat vermirlər və standart cavablarla kifayətlənirlər. Sadəcə, bildirirlər ki, onlar yalnız abunəçinin borcunun olub-olmadığını görə bilirlər. Ödəniş edən abunəçi ödədiyi pulun hara getdiyini soruşduqda isə bunun guya onlara aidiyyatı olmadığını, məsələni ödəniş etdikləri qovşaqla, yaxud terminalla aydınlaşdırmağı “tövsiyə edirlər”. Hansı ki, poçt, yaxud da terminal ödəniş barədə çek verib. Borc isə yerində qalıb. Vətəndaş məcbur olub ikinci dəfə ödəniş edir və internet bərpa olunur.

Xüsusilə avqustun əvvəlindən “Baktelecom”-la bağlı bu cür şikayətlər kütləvi hal alıb. Bəs, bunun izahı nədir? İnternet bahalaşıbmı? Qeyd edək ki, bundan bir qədər öncə “Aztelecom”-un saytında tariflərlə bağlı belə bir məlumat dərc edilib: “İstehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Aztelekom” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edəcək. Abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək.

Məlumat üçün bildirək ki, 4 mbit/s və 10 mbit/s-lik xidmətindən 15 mbit/s və 30 mbit/s paketinə keçid almış müştərilərin gələcəkdə daha sürətli internet paketlərinə keçidi üçün təklif olunan yüksək sürətli tariflərdən birini seçmək imkanı da var”.

Bu, qiymətlərin dolayısı yolla artırılması deməkdir. Belə çıxır ki, vətəndaşın razılığı alınmadan xidmət və tarif dəyişdirilir. Nəticədə qiymət artırılır. İnternetin sürətinin və keyfiyyətinin guya adekvat şəkildə artırılmasına dair deyilənlər isə reallıqdan çox-çox uzaqdır.

Ancaq maraqlıdır ki, avqust ayında 4 mbit/s və 10 mbit/s-lik xidmətdən istifadə edənlər və köhnə tariflərlə ödəniş edənlər də var. Yəni ki,Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Aztelecom” və “Baktelecom”-un “səyləri” nəticəsində bir növ qarışıq bir vəziyyət yaranıb və buna heç bir dolğun izahat verən yoxdur. Bundan əziyyət çəkən isə sıravi vətəndaşlardır.

C.Məmmədov
“AzPolitika.info”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024