Mobil versiya
Novruzəli Aslanov: “Ölkə Prezidentinin tövsiyyələrinə dəqiqliklə əməl olunmalıdır”
Tarix: 27-07-2022 | Saat: 17:42
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ölkə Prezidentinin tövsiyyələrinə dəqiqliklə əməl olunmalıdır”

“Artıq neçə müddətdir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar ölkənin ictimai-siyasi həyatında real nəticələrini göstərməkdədir. O cümlədən biz bu islahatların ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın təmin edilməsində, vətəndaşların rifah və məmnunluq səviyyəsinin yüksəlməsində, peşəkar və səmərəli dövlət qulluğu institutlarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edən dövlət idarəetmə sistemində də uğurla həyata keçirildiyini müşahidə edirik. Eyni zamanda da idarəetmədə aparılan islahatlar ölkədə korrupsiya və rüvətxorluğa qarşı həyata keçirilən mübarizə tədbirləri fonunda dövlət strukturlarında böyük təmizləmə işləri ilə müşayiət olunur. İyulun 25-də Ölkə Prezidenti cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına təyin olunmuş yeni İcra Hakimiyyəti başçlarını qəbul edərkən etdiyi çıxışında bu məsələlərə xüsusi olaraq toxundu və qeyd etdi ki, bu gün hakimiyyət təmizlənir və insanlar bunu görürlər.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın bütün bölgələrində dinamik inkişaf müşahidə olunur və bu, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrasının nəticələridir: “2020-ci il sentyabrın 27-dən başlanmış Vətən müharibəsinin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdırılması və rəşadətli ordumuz tərəfindən ölkənin 30 ilə yaxın müddət ərzində işğal altında olan ərazilərinin azad olunması respublikanınnsosial-iqtisadi inkişafına mühüm töhfə oldu. Bu gün artıq işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonlarında yenidənqurma işləri böyük vüsətlə həyata keçirilir və heç bir şübhə yoxdur ki, bu bölgələr də ən qısa zamanda ölkənin digər regionları kimi çiçəklənən diyara çevriləcəklər. Qeyd etmək lazımdır ki, dövlət başçısının həm işğaldan azad edilmiş ərazilərə, həm də respublikamızın digər rayonlarına mütəmadi səfərləri Dövlət Proqramının icrasını sürətləndirməklə, regionların davamlı inkişafının təmin edilməsi və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülən işlərə hər dəfə yeni təkan verir. Xüsusilə son illər ərzində bütün rayon və bölgələrimizdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri həyata keçirilib, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən müxtəlif problemlərin böyük bir hissəsi aradan qaldırılıb. Rayon və kəndlərdə elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilib”, - deyə N.Aslanov bildirib.

Daha sonra Milli Məclisin deputatı vurğulayıb ki, bu gün Azərbaycanda şəhid ailələrinə, eləcə də qazilərə və müharibə iştirakçılarına diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və bu, öz təsdiqini Prezident İlham Əliyevin yeni təyin olunmuş rayon İcra Hakimiyyəti başçılarına verdiyi konkret tapşırıq və tövsiyyələrdə də öz əksini bir daha tapıb: “Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına daim xüsusi diqqət göstərilir. Bu kateqoriyaya aid insanların məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik avtomobilləri verilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev yeni təyin olunmuş rayon İcra Hakimiyyəti başçılarına verdiyi tövsiyyə və tapşırıqlarında da bu məsələni xüsusi olaraq diqqət mərkəzinə çəkmiş və vurğulamışdır ki, rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdırlar. Dövlət başçısı bu məsələyə son dərəcə həssas yanaşma nümayiş etdirərək bir daha xatırlatmışdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə də hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Ölkə Prezidentinin bu sözləri tutduğu vəzifədən asılı olmayaraq hər bir dövlət məmuru üçün əsas fəaliyyət proqramı olmalı və hər kəs dövlət başçımızın bu tövsiyyələrinə öz çalışdığı sahədə mütləq şəkildə əməl etməlidir”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024