Mobil versiya
Avropa İttifaqı Azərbaycanı ən etibarlı tərəfdaşlarından biri olaraq tanıyır
Tarix: 21-07-2022 | Saat: 13:35
Bölmə:Ölkə | çapa göndər

Avropa İttifaqı Azərbaycanı ən etibarlı tərəfdaşlarından biri olaraq tanıyır

Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın beynəlxalq arenada mövqelərinin günü-gündən möhkəmlənməsi, nüfuzunun daha da yüksəlməsi Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi, respublikamızın inkişafına, xalqın rifah yüksəlişinə xidmət edən düşünülmüş, praqmatik xarici siyasət kursunun bariz nəticələridir. Ölkəmizin sahib olduğu nəhəng enerji resursları, həmçinin unikal coğrafi mövqeyinin verdiyi imkanlar bütünlüklə xalqın və dövlətin mənafeylərinə xidmətə yönəldilib. Bpyük potensial və illər ərzində ölkəmizin dünyada formalaşmış etibarlı tərəfdaş imici aparıcı dünya dövlətlərini, ən iri beynəlxalq şirkətləri Azərbaycanla əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə sövq edir.

Əlbəttə ki, Azərbaycanın xarici əlaqələrindən, o cümlədən əməkdaşlıq əlaqələrindən danışarkən Avropa İttifaqı ilə olan münasibətlər xüsusi qeyd olunmalıdır. Deyə bilərik ki, bu gün ölkəmizin Avropa İttifaqı ilə əlaqələri yüksələn dinamika ilə inkişaf edir. Hazırda bu əlaqələrin daha da şaxələndirilməsi ilə bağlı geniş müzakirələr aparılır və artıq bir çox önəmli razılaşmalar əldə olunub. Belə ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” tərəflər arasındakı əməkdaşlığı daha yüksək səviyyəyə çıxarmaq istiqamətində atılmış növbəti əhəmiyyətli addımdır. İmzalama mərasimindən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında da qeyd etmişdir ki, yeni imzalanmış Memorandum Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış birinci sənəd deyil. Belə ki, 2006-cı ildə tərəflər arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Bu isə o deməkdir ki, Azərbaycan – Avropa İttifaqı qarşılıqlı əməkdaşlığının kifayət qədər uğurlu tarixçəsi və real nailiyyətləri vardır. Dövlət başçımızın dediyi kimi, Azərbaycanın başlatdığı demək olar ki, bütün enerji layihələri Avropa İttifaqı tərəfindən dəstəklənib və nəticə etibarı ilə bu layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişir. Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq mövcuddur ki, bu da böyük nailiyyətdir.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqını təmsil edən Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen də öz bəyanatında Azərbaycanla tərəfdaşlığın Avropa İttifaqı tərəfindən çox yüksək dəyərləndirildiyini qeyd edib. Vurğulanıb ki, qitənin şərqində cərəyan edən məlum hadisələrin fonunda Avropaya qaz təchizatı öz etibarlılığını itirib. Buna görə də Avropa İttifaqı daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəlib və bu sırada Azərbaycanın xüsusi yeri vardır. Belə bir önəmli məqam da qeyd edilib ki, Azərbaycan təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı tərəfdaş olub. Yeni imzalanmış Anlaşma Memorandumu isə Avropa İttifaqı ilə ölkəmizin enerji tərəfdaşlığını daha da gücləndirir.

Artıq bəyan edildiyi kimi, Memorandumun strateji əhəmiyyətini əks etdirən daha bir mühüm məqam da bərpaolunan enerji ilə bağlıdır. Məlumdur ki, Azərbaycan bu sahədə də nəhəng potensiala malikdir. Ölkə Prezidenti cənab İlham Əliyev öz bəyanatında bu məqama xüsusi toxunaraq bildirdi ki, ilkin qiymətləndirməyə görə, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavata, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Anlaşma Memorandumunun imzalanması ilə bu vacib sahədə də Azərbaycanla Avropa İttifaqı arasında gələcək əməkdaşlığın möhkəm təməli qoyulmuş oldu.

Öz çıxışında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi daha bir vacib məqam bu oldu ki, bu gün ölkəmiz Xəzərdə ən iri ticarət donanmasına, müasir infrastruktura, gəmiqayırma imkanlarına, yeni dəniz limanına, bütün qonşu ölkələrə daşımaları təmin edə bilən dəmir yolları şəbəkəsinə sahibdir. Həqiqətən də son illər ölkə rəhbərliyi tərəfindən Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində görülən əhatəli işlər artıq öz nəticələrini verir. Bütün bu atılan məqsədyönlü addımlar isə Azərbaycan dövlətinin qüdrətinin daha da artmasına, Azərbaycan xalqının daha firavan yaşamasına zəmin yaradır.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam
orta məktəbin direktoru,YAP Goranboy rayon təşkilatının fəalı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024