Mobil versiya
Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq yeni saziş iqtisadi sahədə tərəfdaşlığı daha da genişləndirəcək
Tarix: 21-07-2022 | Saat: 13:26
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq yeni saziş iqtisadi sahədə tərəfdaşlığı daha da genişləndirəcək

Bu gün Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərini inkişaf etdirmək istiqamətində məqsədyönlü addımlar atır. Məlum olduğu kimi 2009-cu ildən ölkəmiz Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Təbii ki, Azərbaycan üçün Şərq Tərəfdaşlığı proqramında prioritet istiqamət məhz ikitərəfli əməkdaşlıq xəttidir. Bu gün Avropa İttifaqı həm də Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşı və ikinci ən böyük idxal tərəfdaşıdır.

Bu baxımdan iyul ayının 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu istiqamətdə atılan növbəti əhəmiyyətli addımlardan biri olmaqla ikitərəfli əməkdaşlığa mühüm töhfədir. Ölkə Prezidenti cənab İlham Əliyevin imzalama mərasimindən sonra mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq artıq yeni bir mərhələyə qədəm qoyur. İlk növbədə Avropa İttifaqı Azərbaycandan idxal etdiyi qazın həcmini ikiqat artırmaq niyyətini açıqlayıb. Bu məqsədlə Avropa İttifaqı imzalanmış Memorandum vasitəsilə öz üzərinə genişləndirilməsi ilə bağlı öhdəlik götürüb. Bununla da Avropa İttifaqı Cənub Qaz Dəhlizinin qitə üçün çox vacib təchizat marşrutu olduğunu bir daha təsdiqləmiş oldu. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti öz çıxışında Cənub Qaz Dəhlizi vasitəsilə hazırda nəql olunan təbii qazın həcmini bir neçə il ərzində 8 milyard kubmetrdən 20 milyard kubmetrə, o cümlədən artıq gələn ildən bu göstəricini 12 milyard kubmetrə çatdırmaq planlarını bəyan etdi.

İmzalanmış memorandumda yer alan daha bir diqqətəlayiq məqam bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıqla bağlıdır. Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensiala malik olması nəzərə alınaraq, Anlaşma Memorandumu vasitəsilə bu sahədə əməkdaşlığın da möhkəm təməli qoyulub. Beləliklə də Azərbaycan Avropa İttifaqı üçün yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, yaxın vaxtlarda həm də bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti Avropa İttifaqı ilə bərabərhüquqlu münasibətlərin qurulması məsələsini həmişə xüsusi diqqətdə saxlayıb. Bu baxımdan möhtərəm dövlət başçımızın Avropa İttifaqı Şurasının prezidenti ilə müntəzəm apardığı dialoqlar xüsusi önəm kəsb edir. Son cərəyan edən proseslər də göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir və bu əlaqələr getdikcə daha çox şaxələndirilmiş xarakter alır. Birmənalı olaraq deyə bilərik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq yeni saziş üzərində çalışmalar aparıldığına dair anonsun yer alması da bunu təsdiq edən məqamlardan biridir. Gözlənilir ki, bu yeni sənədin hazırlanması artıq yaxın vaxtlarda başa çatacaq. Yeni sazişin əsas məqsədi isə Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlığı daha da genişləndirməkdir.

Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024