Mobil versiya
Avropa İttifaqı Azərbaycanı özünün ən etibarlı tərəfdaşları sırasında görür
Tarix: 20-07-2022 | Saat: 18:14
Bölmə:Ölkə | çapa göndər

Avropa İttifaqı Azərbaycanı özünün ən etibarlı tərəfdaşları sırasında görür

İyul ayının 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” Azərbaycanın beynəlxalq əlaqələrini qarşılıqlı faydalı əməkdaşlıq əsasında inkişaf etdirmək istiqamətində atılmış növbəti əhəmiyyətli addımlardan biridir. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin rəhbərliyi ilə Avropa İttifaqının nümayəndə heyətinin respublikamıza bu səfəri isə Avropa ölkələrinin Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlı olduqlarının daha bir təsdiqidir. Avropa Komissiyasının Prezidenti öz bəyanatında – “Avropa İttifaqı daha etibarlı və etimad doğuran tərəfdaşlara üz tutmaq qərarına gəldi və mən Azərbaycanı onların sırasında hesab etməkdən məmnunam. Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız”, – fikrini ifadə etməklə ölkəmizlə əməkdaşlığın Avropa İttifaqı üçün önəmli olduğunu bur daha vurğulamış oldu. Həm də nəzərə almaq lazımdır ki, Avropa İttifaqı bu Anlaşma Memorandumunu imzalamaqla artıq çox vacib təchizat marşrutu kimi dəyərləndirdiyi Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürmüş oldu.

Bu gün biz Azərbaycanın beynəlxalq nüfuzunun günü-gündən artdığını tam aşkar şəkildə müşahidə edirik. Uğurla aparılan xarici siyasət, xüsusilə də son dərəcə uğurlu enerji siyasəti ölkəmizin qarşısında çox böyük perspektivlər açır. Anlaşma Mümorandumunun imzalanmasından sonra mətbuata bəyanatla etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaş ölkələrin dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Avropa ölkələri arasında enerji sahəsində mövcud olan əməkdaşlığın on beş ildən artıq tarixi var. Bu, ilk növbədə Azərbaycanın etibarlı tərəfdaş olmasını nümayiş etdirən bir göstəricidir. Azərbaycan hər zaman öz öhdəliklərini vaxtında və layiqincə yerinə yetirən ölkə olub. Məhz buna görə hazırda dünyanın ən böyük və nüfuzlu şirkətləri ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. Enerji sahəsində fəaliyyətinə ilk olaraq neft hasilatı ilə başlamış Azərbaycan az sonra qaz hasilatına başladı. Bunun ardınca Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin çəkilişini nəzərdə tutan nəhəng layihə həyata keçirildi. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və Azərbaycanın təbii qazı Avropaya çatdırıldı. Dövlət başçımızın dediyi kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir. Lakin Azərbaycanın enerji ixracı imkanları bununla tükənmir. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji mənbələrini də nəzərdə tutan danışıqlar gedir. Məlumdur ki, ölkəmizin bərpaolunan enerjinin istehsalı sahəsində malik olduğu böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Məlum olduğu kimi, ölkəmizdə artıq külək və günəş enerjisinin istehsalı kimi sahələrə sərmayə qoyuluşu prosesinə başlanıb və ilkin qiymətləndirməyə görə, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində bu enerji növlərinin potensialı 9200 meqavat həcmində, Xəzər dənizində isə külək enerjisinin potensialı 157 qeqavata bərabər dəyərləndirilib. Bütün bunlar, eləcə də istismarına hələ növbəti illərdə başlanması nəzərdə tutulan təbii qaz yataqları Azərbaycanı nəhəng enerji resurslarına sahib olan ölkəyə çevirir. Bu isə, öz növbəsində ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsinin həllində oynadığı rolun önəminin getdikcə artmasını şərtləndirir.

Öz çıxışında Prezident İlham Əliyev daha bir vacib məqam olaraq bunu da qeyd etdi ki, bu gün ölkəmiz Xəzərdə ən iri ticarət donanmasına, müasir infrastruktura, gəmiqayırma imkanlarına, yeni dəniz limanına, bütün qonşu ölkələrə daşımaları təmin edə bilən dəmir yolları şəbəkəsinə sahibdir. Həqiqətən də son illər ölkə rəhbərliyi tərəfindən Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində görülən əhatəli işlər artıq öz nəticələrini verir. Azərbaycanın Şimaldan Cənuba və Şərqdən Qərbə uzanan yolların kəsişmə nöqtəsində yerləşməsi isə ölkəmizin coğrafi mövqeyini daha da əlverişli edir. Ölkəmizin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi üçün isə mühüm dövlət tədbirləri həyata keçirir. Bununla da Azərbaycan təkcə sahib olduğu enerji resurslarının ehtiyatına görə deyil, həm də irimiqyaslı tranzit daşımalarını həyata keçirən ölkə olaraq beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir və möhkəmləndirir.

Vüqar Əliyev,
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024