Mobil versiya
Novruzəli Aslanov: “Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur”
Tarix: 19-07-2022 | Saat: 12:50
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur”

“Azərbaycan özünün beynəlxalq əlaqələrini qarşılıqlı faydalı əməkdaşlıq əsasında uğurla inkişaf etdirməkdə davam edir. O cümlədən iyul ayının 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu istiqamətdə atılmış növbəti strateji əhəmiyyətli addımlardan biridir. Həmçinin qeyd etmək lazımdır ki, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin rəhbərliyi ilə Avropa İttifaqının nümayəndə heyətinin respublikamıza bu səfəri də Avropa ölkələrinin Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlı olduqlarının daha bir təsdiqidir. Prezident İlham Əliyevin keçirdiyi geniş tərkibli görüşdə də xanım Lyayen: “Şərq Tərəfdaşlığı xüsusi olaraq Azərbaycanı əhatə edir. Əla münasibətləri daha da dərinləşdirmək istəyirik”, - deməklə, ölkəmizlə əməkdaşlığın Avropa İttifaqı üçün önəmli olduğunu bur daha vurğulamış oldu. Təsadüfi deyil ki, Avropa İttifaqı Anlaşma Memorandumunu imzalamaqla artıq çox vacib təchizat marşrutu kimi dəyərləndirdiyi Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürdü.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov ifadə edib.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın artan iqtisadi gücü və imkanları ölkəmizin Avropanın enerji təhlükəsizliyi konsepsiyasında tutduğu yerin, bu konsepsiyanın reallaşmasında oynadığı rolun əhəmiyyətini getdikcə artırır: “Bu gün biz Azərbaycanın beynəlxalq nüfuzunun günü-gündən artdığını tam aşkar şəkildə müşahidə edirik. Uğurla aparılan xarici siyasət, o cümlədən və xüsusilə də son dərəcə uğurlu enerji siyasəti ölkəmizin qarşısında çox böyük perspektivlər açır. Anlaşma Mümorandumunun imzalanmasından sonra mətbuata bəyanatla etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaş ölkələrin dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Avropa ölkələri arasında enerji sahəsində mövcud olan əməkdaşlığın on beş ildən artıq tarixi var. Bu, ilk növbədə Azərbaycanın etibarlı tərəfdaş olmasını nümayiş etdirən bir göstəricidir. Azərbaycan hər zaman öz öhdəliklərini vaxtında və layiqincə yerinə yetirən ölkə olub. Məhz buna görə hazırda dünyanın ən böyük və nüfuzlu şirkətləri ölkəmizlə əməkdaşlığa üstünlük verirlər. Enerji sahəsində fəaliyyətinə ilk olaraq neft hasilatı ilə başlamış Azərbaycan az sonra qaz hasilatına başladı. Bunun ardınca Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin çəkilişini nəzərdə tutan nəhəng layihə həyata keçirildi. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və Azərbaycanın təbii qazı Avropaya çatdırıldı. Dövlət başçımızın dediyi kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir. Lakin Azərbaycanın enerji ixracı imkanları bununla tükənmir. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji mənbələrini də nəzərdə tutan danışıqlar gedir. Məlumdur ki, ölkəmizin bərpaolunan enerjinin istehsalı sahəsində malik olduğu böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Məlum olduğu kimi, ölkəmizdə artıq külək və günəş enerjisinin istehsalı kimi sahələrə sərmayə qoyuluşu prosesinə başlanıb və ilkin qiymətləndirməyə görə, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində bu enerji növlərinin potensialı 9200 meqavat həcmində, Xəzər dənizində isə külək enerjisinin potensialı 157 qeqavata bərabər dəyərləndirilib. Bütün bunlar, eləcə də istismarına hələ növbəti illərdə başlanması nəzərdə tutulan təbii qaz yataqları Azərbaycanı nəhəng enerji resurslarına sahib olan ölkəyə çevirir. Bu isə, öz növbəsində ölkəmizin Avropanın enerji təhlükəsizliyi konsepsiyasının formalaşmasında və reallaşmasında oynadığı rolun önəminin getdikcə artmasını şərtləndirir”, - deyə N.Aslanov bildirib.

Daha sonra deputat Azərbaycanın Avropa ilə əməkdaşlıq münasibətlərinin inkişafı baxımından ölkəmizin tutduğu coğrafi mövqeyin də xüsusi önəm kəsb etdiyini vurğulayaraq bunları deyib: “Öz çıxışında Prezident İlham Əliyev daha bir vacib məqam olaraq bunu da qeyd etdi ki, bu gün ölkəmiz Xəzərdə ən iri ticarət donanmasına, müasir infrastruktura, gəmiqayırma imkanlarına, yeni dəniz limanına, bütün qonşu ölkələrə daşımaları təmin edə bilən dəmir yolları şəbəkəsinə sahibdir. Həqiqətən də son illər ölkə rəhbərliyi tərəfindən Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində görülən əhatəli işlər artıq öz nəticələrini verir. Azərbaycanın Şimaldan Cənuba və Şərqdən Qərbə uzanan yolların kəsişmə nöqtəsində yerləşməsi isə ölkəmizin coğrafi mövqeyini daha da əlverişli edir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirir. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışı, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsi baxımından unikal imkanlar yaradır. Şərq-Qərb dəhlizi isə ölkəmizə Çindən Avropaya və əksinə yükdaşımaların mühüm bir qismini öz ərazisindən reallaşdırmaq imkanı verir. Bütün bunlar Azərbaycanın Avrasiya məkanında mövqelərini möhkəmləndirən amillər kimi çıxış edir, o cümlədən ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlıq imkanlarının bundan sonra daha da genişlənəcəyini və münasibətlərin dərinləşəcəyini söyləməyə əsas verir”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024