Mobil versiya
Azərbaycanın hər bir təşəbbüsü Qoşulmama Hərəkatının dünyada nüfuzunun artmasına xidmət edib
Tarix: 06-07-2022 | Saat: 15:59
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanın hər bir təşəbbüsü Qoşulmama Hərəkatının dünyada nüfuzunun artmasına xidmət edib

Azərbaycan hər zaman qonşu dövlətlərin və ümumiyyətlə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşıb. Təbii ki, eyni münasibəti özümüzə qarşı digər ölkələrdən də tələb etmək bizim haqqımızdır. Lakin təəssüflər olsun ki, müasir dünyada bəzi ölkələrin hərbi-siyasi rejimləri tarixi “Bandunq prinsipləri”nin əsasını təşkil edən bu davranış normalarına əməl etmirlər. Bu isə öz növbəsində müharibələrə, regional silahlı münaqişələrə səbəb olur. O cümlədən Ermənistan hökumətinin yürütdüyü işğalçı siyasətin nəticəsi olaraq Azərbaycan da 30 ilə yaxın müddət ərzində ərazilərinin 20%-dən məhrum şəraitdə yaşamalı olub. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində öz işinə başlamış “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında çıxış edən Prezident İlham Əliyev bu barədə verdiyi açıqlamasında bildirdi ki, Azərbaycan 2020-ci ilin 27 sentyabrında erməni təxribatlarına cavab olaraq başladığı və 44 günə tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq, 30 ilə yaxın bir müddət ərzində Ermənistanın etinasızlıq göstərdiyi BMT Qətnamələrinin icrasını təkbaşına həyata keçirib, işğalçıları öz torpaqlarından qovub və ölkənin ərazi bütövlüyünü təmin edib. Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərində möhtəşəm yenidənqurma işləri aparır. Artıq bütün dünya həmin torpaqlarda erməni vandallarının törətdikləri vəhşiliklərin, insanlıq əleyhinə cinayətlərin acı nəticələrini görür. İşğal etdikləri ərazilərdə ermənilər təkcə şəhər və kəndlərimizi deyil, hətta qəbirstanlıqları da talayır, viran qoyurdular. Bununla ermənilər həmin ərazilərdə əsrlər boyu yaşamış azərbaycanlıların tarixi izlərini silmək istəyirdilər. Lakin sonda ədalət öz yerini aldı. Azərbaycanlılar yenidən öz yurdlarına qayıtdılar və artıq əbədi olaraq həmin ərazilərdə yaşayacaqlar.

Həmçinin dövlətimizin başçısı bir daha vurğuladı ki, Qoşulmama Hərəkatı ölkələri beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstək veriblər və bu münasibət bizim üçün çox qiymətlidir. Xatırlamaq yerinə düşər ki, 2019-cu il də keçirilmiş Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. 2020-ci ilin iyulunda isə, Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul etdi. Həmçinin 2020-ci ilin oktyabr ayında, Vətən müharibəsinin ən qızğın çağında Hərəkatın nazirlər səviyyəsində keçirilən onlayn iclası çərçivəsində xüsusi bəyanat qəbul olundu. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəklədilər və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə etdilər.

Qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük siyasi təsisatdır. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğun olduğuna görə, ölkəmiz 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən düşünülmüş və praqmatik xarici siyasət qısa müddət ərzində Azərbaycana Təşkilatda olduqca böyük nüfuz və etimad qazandırıb. Nəticədə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdu. Hərəkata sədrlik etdiyi dövrdə Azərbaycan bir sıra mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib və bu təşəbbüslərin hər biri üzv ölkələrin maraqlarını təmin etməklə yanaşı təşkilatın dünyada nüfuzunun artmasına xidmət edib. Məhz elə bu səbəbdən də Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə Azərbaycanın Təşkilata sədrlik müddəti 2023-cü ilin sonunadək uzadılıb.

Cavanşir Yusubov,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024