Mobil versiya
Novruzəli Aslanov: “Tarixi yazan, tarix yaradan müzəffər xalq, qalib dövlət, güclü sərkərdədir”
Tarix: 29-06-2022 | Saat: 09:45
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Tarixi yazan, tarix yaradan müzəffər xalq, qalib dövlət, güclü sərkərdədir”

“İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Cənab Ali baş Komandan İlham Əliyevin birbaşa göstərişi ilə ilk dəfə 24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışı bu yolda mühüm addımların atıldığını, silahlı qüvvələrimizin gütdikcə daha yüksək səviyyəyə çatdırıldığını sübut edir”.

Bu sözləri millət vəkili Novruzəli Aslanov Prezident İlham Əliyevin 26 iyun tarixində Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışını mətbuata şərh edərkən söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “30 ilə yaxın müddətdə erməni təcavüzündən əziyyət çəkən xalqımız 44 günlük müharibədə qalib xalq olduğunu göstərdi. Təəssüf ki bu müddətdə heç kim işğalçıya nəinki “Azərbaycan torpaqlarından çıx” demədi, əksinə bir çox halda onun başı sığallandı. Xüsusən ATƏT-in Minsk qrupu 30 il ərzində bu işlə məşğul oldu. Və bu reallıqlar göstərdi ki beynəlxalq güclər heç də beynəlxalq qanunlar çərçivəsində hərəkət etmir və ikili standartlar hələ də öz qüvvəsində qalmaqda davam edir. Buna görə də Azərbaycan rəhbərliyi ilk növbədə ordu quruculuğuna önəm verdi.Təməli ölkəmizin iqtisadi gücünə söykənən hərb siyasəti nəticəsində müasir standartlara cavab verən silah və texnikalar arsenalımıza daxil edildi, şəxsi heyətin hərbi hissədə gündəlik fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün arzuolunan şərait yaradıldı, hərbçilərin sosial rifahının yüksəldilməsi üçün böyük işlər görüldü. Həmçinin Ali Baş Komandanın tapşırığı ilə ordu rəhbərliyi tərəfindən aparılan islahatlar nəticəsində hərbi qulluqçuların döyüş vərdişlərinin artırılması, habelə, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məqsədilə fəaliyyətlər planlı və mərhələli şəkildə həyata keçirildi. Bir sözlə, Azərbaycan Ordusunun qüdrətlənməsi üçün uzun yol qət edildi. Nəticədə ordumuz böyük uğurlara imza atmağı bacardı. Dünyanın güclü orduları sırasında qərarlaşan Şanlı Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardıqları uğurlu hərb siyasətinin təcəssümüdür. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan əsgərinin 44 günlük haqq savaşında qazandığı Böyük Qələbə Ali Baş Komandana sədaqətin, xalqa inamın qələbəsi oldu. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər”.

Millət vəkili bildirmişdir ki, “Müharibədən sonrakı keçən hər gündə Azərbaycan Ordusunun güclənməsi sahəsində çox böyük işlər görülmüşdür. Bu özünü həm təchizat, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərindən göstərir. Ordumuz ən müasir silahlarla silahlanıb, döyüş qabiliyyəti artıb. Kəlbəcər rayonunda, Laçın rayonunda və azad edilmiş digər rayonlarda bir çox hərbi hissələr yaradılıb, demək olar ki bütün sərhəd boyu ərzilərimizə tam nəzarət təmin edilib. Cənab Ali Baş Komandan İlham Əliyev yaratdığı qüdrətli, müzəffər ordunun gücündən və Vətən müharibəsində ortaya qoyulan qətiyyətdən söz açaraq bildirib ki, Azərbaycan get-gedə daha da güclənir və bu proses davam etdikcə silahlı qüvvələrimiz də modernləşir. Yeni açılan hərbi hissə isə torpaqlarımızın müdafiə və mühafizəsində çox mühüm tapşırıqları yerinə yetirəcək. Qalib komandan hər zamankı kimi, bir daha işğalçı Ermənistana mesajlar ünvanlayıb və bu dəfə sərt xəbərdarlıq edib: ”Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz.”
Bu gün azad olunmuş ərzilərimizdə aparılan tikinti-quruculuq işlərinin geniş vüsət aldığını bildirən millət vəkili qeyd edib ki, “çətin relyefi olan Laçın və Kəlbəcər rayonlarına yolların çəkilməsi, 10 yerdə tunel tikintisi, bir neçə elektrik stansiyasının qurulması kimi mühüm işlərin görülməsi çoxlarında heyrət doğurur. Amma bu reallıqdır. Azərbaycan xalqının onun rəhbərinin iradəsi və qətiyyəti sayəsində reallaşan infrastruktur layihələri çoxlarını heyrətləndirir və heyrətləndirəcəkdir. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Bu günlərdə Kəlbəcər şəhərində cənab Prezident tərəfindən İşğal və Zəfər muzeylərinin təməli qoyuldu. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. İnfrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən işlər göstərir ki, bu torpaqların əsil sahibləri qayıdıb və yeni həyat quruculuğu başlayıb. Xalqla iqtidarın birliyi, Vətən sevgisi, qurub yaratmaq, abadlaşdırmaq istəyi bu xalqın ruhundadır və bunu biz əməlimizlə dünyaya göstərə bilirik. Bu birliyin və əzmin qarşısında duracaq qüvvə isə ola bilməz.Çünki indi tarixi yazan və tarix yaradan müzəffər xalq, qalib dövlət və güclü sərkərdədir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024