Mobil versiya
Səttar Möhbalıyev: “Qurtuluş Günü Azərbaycanın bütün uğurlarının başlanğıcıdır”
Tarix: 13-06-2022 | Saat: 09:29
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

Səttar Möhbalıyev: “Qurtuluş Günü Azərbaycanın bütün uğurlarının başlanğıcıdır”

“Xalqımızın müdrikliyi ondadır ki, hansı sahədə olursa-olsun onun taleyində və tarixində əhəmiyyətli rol oynamış şəxsiyyətləri heç vaxt unutmur, hər zaman yaddaşında yaşadır, adını uca tutur, gələcək nəsillərə ötürür. Əgər belə olmasaydı, bu gün biz Babəkdən, Cavanşirdən, Xətaidən, Nizamidən, Füzulidən xəbərdar olmazdıq. Xalqımız aydın dərk edir ki, bu şəxsiyyətlərin yeri və rolu onun tarixində nə qədər əzəmətlidir. Məhz buna görə də həmin insanların adını şanlı tarixinə qızıl hərflərlə həkk edərək hər zaman xatırlayır, xidmətlərini yüksək dəyərləndirir və onları özünün milli sərvəti hesab edir. Bu, böyük Azərbaycan xalqının dəyişməz xarakteridir ki, yarandığı gündən bu ənənəni davam etdirir. Bu gün xalqımızın Heydər Əliyevə olan ali münasibəti dediklərimizin möhürüdür. İstər onun doğum günündə, istər anım günündə, istərsə də digər əlamətdar günlərdə Ulu Öndərin məzarı ziyarət olunur, əziz xatirəsi dərin ehtiramla yad edilir, tariximizdə gördüyü taleyüklü işlər bir daha xatırlanır”.

Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Heydər Əliyevin həyatının və fəaliyyətinin hər bir məqamı xalqımızın gözü qarşısında olub. Biz də xalqımızın bir nümayəndəsi kimi açıq şəkildə görürük ki, bir insan olaraq o, yalnız Vətəni və xalqı üçün yaşadı. Bu, onun həyat amalı, yaşam tərzi idi. Nə edirdisə, xalqı və Vətəni üçün edirdi. Bu gün onun həyatına nəzər salan hər bir şəxsdə vahid fikir formalaşır ki, o, xalq üçün doğulmuşdur, xalq adamı idi. Gördüyü işlərin miqyasına və əhəmiyyətinə görə belə qənaətə gəlinir ki, Heydər Əliyev Uca Yaradanın Azərbaycan xalqına ən böyük mükafatı idi. O, iki fərqli, bir-biri ilə əks qütblərdə dayanan sistemlərdə Azərbaycana rəhbərlik etdi. Mahiyyət isə ortada idi: Vətən və xalq üçün çalışmaq. Məhz bu amal onu xalqının Ümummilli Liderinə çevirdi. Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə hər bir addımının arxasında xalqının hərtərəfli inkişafına, rifahına, maddi-mənəvi zənginliyinə xidmət dayanırdı. Zaman keçdi, illər ötdü xalqımız müstəqil oldu. Bizi müstəqilliyə aparan yolu araşdırarkən aydın oldu ki, bu yolun təməli ötən əsrin 70-ci illərində qoyulub. Həmin vaxt onun planlarının önündə müstəqil yaşamağı bacaran, özünü hərtərəfli təmin edə bilən, elmi-texniki cəhətdən yüksək inkişaf etmiş Azərbaycana nail olmaq gəlirdi. Görülən tədbirlər, ölkənin hərtərəfli inkişafı üçün həyata keçirilən islahatlar, demək olar ki, buna hesablanmışdı”, - Milli Məclisin deputatı deyib.

S.Möhbalıyev qeyd edib ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır: “Müstəqilliyin ilk illərində ölkənin ictimai-siyasi həyatında ağır böhran hökm sürürdü, cəbhədə məğlubiyyətlər davam edirdi, ölkədə xaos baş alıb gedir, separatçı meyillər artırdı. Bir sözlə, müstəqilliyimizin itirilməsi və dövlətimizin parçalanması təhlükəsi ilə üz-üzə qalmışdıq. Yaranmış faciəli vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Belə bir məqamda xalq öz polad iradəsini ortaya qoyaraq qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçiyə üz tutdu. Təbii ki, bu istəyə qarşı çıxan, dövlətimizin parçalanmasında maraqlı olan qüvvələr də az deyildi. Amma xalqımızın sınmaz iradəsi qarşısında onlar davam gətirə bilmədilər, xalq Heydər Əliyevi Bakıya gətirərək çətin və ağır vəziyyətdən çıxmaq üçün öz taleyini ona həvalə etdi. Bu, Azərbaycan xalqının böyük qələbəsi, qurtuluşa gedən yolun başlanğıcı idi. Heç də təsadüfi deyil ki, illər sonra xalq həmin günü faciələrdən qurtulduğu gün kimi böyük coşqu ilə bayram etməyə başladı. Ulu Öndər özünün zəngin təcrübəsi, yüksək idarəçilik məharəti ilə Azərbaycanı bəlalardan xilas etdi, xalqımızın xoşbəxt, dövlətimizin qüdrətli gələcəyinin təməllərini müəyyənləşdirdi”.

“Heydər Əliyev gördüyü işlərlə özünü müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi kmi təsdiq edib. Dövlət qurmaq, onu qüdrətli etmək, əbədi yaşatmaq asan məsələ deyil. Bu iş geniş dünyagörüş, fitri istedad, müdriklik, qətiyyət, siyasi iradə, dərin zəka, bilik, dözüm, səbr tələb edir. Heydər Əliyevin fenomenallığı da məhz bunda idi”, - S.Möhbalıyev vurğulayıb.
AHİK sədri bildirib ki, Milli Qurtuluş Gününün mahiyyətini və fəlsəfəsini dərk etmək üçün bügünkü Azərbaycana baxmaq kifayətdir: “Hazırda ölkəmizdə bütün sahələrdə dayanıqlı inkişafa nail olunub, əmin-amanlıq, sabitlik höküm sürür, xalqımız xoşbəxt və firavan yaşayır. Həmçinin Azərbaycan müstəqil dövlət olaraq dünyada öz mövqeyini müəyyənləşdirib, regionun lider dövləti hesab olunur, qlobal təşəbbüslərlə çıxış edir. Dünyanın aparıcı dövlətləri Azərbaycanla əlaqələr qurmaqda, genişləndirməkdə çox maraqlıdırlar. Bir sözlə, Azərbaycan tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır. Bütün bu uğurlar Ulu Öndərin siyasi kursunun layiqli davamıdır ki, dövlətimizin başçısı cənab İlham Əliyev bu işin öhdəsindən ləyaqətlə gəlir. İnanırıq ki, Heydər Əliyevin ideyaları hər zaman yaşayacaq, xalqımızı daha böyük uğurlara, parlaq gələcəyə doğru aparacaq”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024