Mobil versiya
Azərbaycan neft-qaz ölkəsi olaraq bu gün digər ölkələr üçün vacib tranzit imkanlarını real olaraq təqdim edir
Tarix: 07-06-2022 | Saat: 18:06
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan neft-qaz ölkəsi olaraq bu gün digər ölkələr üçün vacib tranzit imkanlarını real olaraq təqdim edir

Ötən 30 illik tariximizə nəzər salsaq görərik ki, Azərbaycanın inamlı inkişafında neft-qaz amilinin müstəsna rolu olub. Müasir dünyada neft-qaz resursları zəngin olan ölkələr çevik və zamanın dəyişən çağırışlarına uyğun siyasət həyata keçirməklə dinamik inkişaf edir. Burada əsas məqam enerji siyasətini düzgün formalaşdırmaqdan, milli maraqları və geosiyasi amilləri məharətlə uzlaşdırmaqdan, investisiya qoyuluşu üçün münbit şərait yaratmaqdan, neft gəlirlərini strateji sahələrə yönəltməklə səmərəli idarə etməkdən ibarətdir.

Azərbaycanın xoşbəxtliyi ondadır ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasında bu kimi həssas məqamlar və milli maraqlarımızın təmin olunması xüsusi olaraq nəzərə alınmışdır.

Ən əsası isə odur ki, Ulu Öndərin təməlini qoyduğu yeni neft strategiyası 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Belə ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq neft-qaz satışından gələn gəlirlər ardıcıl şəkildə milli mənafe baxımından xüsusi önəm daşıyan layihələrin icrasına, iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, insan kapitalının formalaşdırılmasına yönəldilir ki, bunların da nəticəsində ölkəmizdə yeni-yeni müsbət reallıqlar formalaşır.

Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə yatırdığı sərmayə bu gün öz müsbət nəticəsi ilə səciyyələnir. Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. İlk vaxtlardan etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyini bəyan etdi. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edildi.

Bunu günümüzün reallığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi zamanı səsləndirdiyi fikirlər təsdiq edir.

Açılış mərasimində ölkə başçısı qeyd edib ki, “Cənub Qaz Dəhlizin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması xalqımızın iradəsini, komanda daxilində işləmək və böyük uğurlar qazanmaq bacarığını nümayiş etdirdi. Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin təzahürüdür. Bizim qaz potensialımız yalnız “Şahdəniz”lə məhdudlaşmır. Digər yataqlar da çox perspektivlidir. Gələn il onların bəzilərində hasilat başlayacaq. Bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır”

Yalnız yüklər üçün deyil, eyni zamanda elektrik enerjisi üçün də mühüm ixrac marşrutu olacaq Zəngəzur dəhlizinin fəaliyyətinə start verilməsinin məqamı çatdığını vurğulayan cənab İlham Əliyev bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımların atıldığını qeyd etməklə ölkəmizin köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazır olduğunu bildirməsi məhz Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirməklə yanaşı bu günki mövqeyini real olaraq ortaya qoyur.

Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialının təchizatçılar tərəfindən vaxtında düzgün qiymətləndirilmədiyini vurgulayan Prezident İlham Əliyev bu gün artıq onların fikirlərini dəyişdiyini bildirərək qeyd etmişdir ki, “Hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günlərindən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac matşrutlarımız var. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri, 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq. Hazırda Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpaolunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb. Ən əsası, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artmaqdadır”.

Bəli bu gün ölkədə daxili bazarda tələbat tam təmin edilib və Azəbaycan digər ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynayır.

Eyni zamanda, paralel olaraq, ölkəmizdə neft hasilatını artırmaq və beynəlxalq bazarlara çatdırmaq məqsədilə beynəlxalq sərmayədarlarla, dünyanın aparıcı enerji şirkətləri ilə fəal iş aparılır.

Azərbaycan bu gün digər ölkələr üçün vacib tranzit imkanlarını real olaraq təqdim edir və bunun üçün bizdə siyasi iradə vardır.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024