Mobil versiya
Aqiyə Naxçıvanlı: “Türkiyə- Azərbaycan birliyi sülh və təhlükəsizlik deməkdir”
Tarix: 01-06-2022 | Saat: 14:43
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Türkiyə- Azərbaycan birliyi sülh və təhlükəsizlik deməkdir”

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər.

Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” - deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat qeyd edib ki, “Azərbaycan öz müstəqilliyini elan etdiyi gündən 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Min illərə söykənən bu dostluğun, bu qardaşlığın tarixi analizini aparsaq görərik ki, Dədə Qorquddan Koroğluya qədər, Mövlanədən Nəsimiyə qədər, Nuru paşadan, Çanaqqala savaşından, Əhməd Cavadın az qala hər kəsin əzbər bildiyi “Çırpınırdı Qara dəniz”-inə qədər həddindən artıq ortaq dəyərlərə sahibik. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan və bir-birinə bağlı olan ikinci belə bir nümunə yoxdur. Genetik bağlılıqları olan xalqlar, ortaq tarixi olan dövlətlər yetərincədir, ancaq Azərbaycan və Türkiyə qədər bağlı dövlətlər yoxdur. Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir” söyləyərkən, bu ifadədə qardaş bağlılığını hiss edə bilərik.
Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”.

Deputat əlavə edərək bildirib ki, “İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

“TEXNOFEST” festivalında çıxışı zamanı cənab Prezidentin qeyd etdiyi -“Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEXNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”- fikri çox böyük siyasi məna daşıyır. Bununla da, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri yeni və tam fərqli bir inkişaf mərhələsinə qədəm qoydu. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, “Texnofest” festivalı da bu yeni mərhələnin uğurlu addımlarından biridir. Bu, özlüyündə Azərbaycan və Türkiyənin gələcəyə birgə addımladığının bütün dünyaya nümayiş olunmasıdır”.

Deputat Aqiyə Naxçıvanlı fikirlərinin davamı olaraq, qeyd edib ki, festivalda Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi : “Azərbaycan və Türkiyə birliyinin ən mühüm önəmi ondan ibarətdir ki, bu birlik təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq”. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik.
Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir.
Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir.

Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Digər güc mərkəzlərindən fərqli olaraq Türkiyə-Azərbaycan birliyi regionda sülh və dayanıqlı sabitliyin təmin olunmasına öz töhfəsini verəcəkdir”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024