AZ RU Mobil versiya
Novruzəli Aslanov: “Ümummilli lider Heydər Əliyev cümhuriyyət qurucularının fədakar və misilsiz mübarizəsini çox yüksək qiymətləndirib”
Tarix: 27-05-2022 | Saat: 10:09
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ümummilli lider Heydər Əliyev cümhuriyyət qurucularının fədakar və misilsiz mübarizəsini çox yüksək qiymətləndirib”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirərək 2018-ci ildə, Cümhuriyyətin 100 illiyi münasibətilə keçirilən tədbirdə etdiyi çıxışında demişdir: “Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkədir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib , öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik dəyərlərinə sadiq olmasının bariz nümunəsidir.”

1918-ci ilin 28 mayında Şərqin ilk demokratik respublikası kimi yaradılan AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib olan Azərbaycanın həyatında mühüm rola malik oldu. Eyni zamanda, Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. 2 iyul 1918-ci il tarixində Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu.

Bu arada bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu gün ölkəmizə böyük uğurla fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti də 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Milli Cəmiyyət Azərbaycan Cümhuriyyətinin varislərindən sayılır. Milli Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Xalq Cümhuriyyətinin hərbiyyə (müdafiə) naziri əvəzi, məşhur tarixi şəxsiyyət, general-leytenant Əliağa Şıxlinski olmuşdur. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Naziri olan Fətəli Xan Xoyski də Milli Qızıl Aypara Cəmiyyətinin yaradılmasının ən yaxın dəstəkçilərindən biri olmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev tərəfindən təşkilatımızın fəaliyyətinin yüksək qiymətləndirilməsi də, Cəmiyyətinin üzvlərinin müxtəlif vaxtlarda dövlət mükafatları ilə təltif olunmaları da dövlət başçımızın Cümhuriyyət irsinə yüksək dəyər verdiyinin daha bir göstəricisidir.

Yenidən ötən əsrin əvvəllərinə dönərək daha bir vacib məqamı vurğulamaq istəyirəm. Həmin dövrdə uğurlu xarici siyasət Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınmasını şərtləndirmişdi. 1918-ci il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. Səmərəli xarici siyasətin ən əhəmiyyətli nəticələrindən biri də bu oldu ki, Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olundu. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

Ümummilli lider Heydər Əliyev Şərqdə ilk müsəlman demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verməklə yanaşı, cümhuriyyətin qurucularının fədakar və misilsiz mübarizəsini çox yüksək qiymətləndirirdi. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyətdən sonra süquta uğrasa da, müstəqillik ideyası 70 illik sovet imperiyası dövründə millətimizin qəlbində və şüurunda yaşamışdır. Respublikamız sovetlər imperiyasının tərkibində olduğu dövrdə ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının müstəqil Azərbaycan dövləti ideyalarını həyata keçirmək istiqamətində çox böyük işlər görmüşdür. Belə ki, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, hərbi kadrların hazırlanması üçün hərbi məktəblərin yaradılması, milli – mədəni dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi gələcək müstəqil Azərbaycan dövlətinin bünövrəsi idi.

Məlum olduğu kimi, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Müstəqilliyini yeni bərpa etmiş dövlətimizin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdə hər zamankı kimi xalqın çağırışına cavab vermiş ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya gəldi və öz xilaskarlıq missiyasını yerinə yetirdi. Ümummilli liderin qarşısında yenə də müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti azad edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Ulu öndər ölkədə yenidən hakimiyyətə qayıdaraq Xalq Cümhuriyyəti qurucularının müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, möhkəm dövlətçilik təsisatlarının siyasi, hüquqi, iqtisadi bünövrəsini qoydu, ölkəni parçalanmadan və müstəqilliyimizi itirilmə təhlükəsindən qorudu. Möhkəm təməllər üzərində qurulan Azərbaycan Respublikası artıq dünyanın önəmli və müasir ölkələrindən birinə çevrilərək dünya birliyində öz layiqli yerini tutub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1993-2003-cü illər ərzində Azərbaycan Xalq Cümhuriyyətinin axıra çatdıra bilmədiyi mühüm tədbirlər reallaşdırıldı. Ölkədə möhkəm ictimai-siyasi sabitliyə nail olundu, ölkənin iqtisadiyyatı gücləndi, qüdrətli ordu yaradıldı.

2003-cü ildən sonra keçən illər ərzində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ictimai tərəqqiyə yeni güclü təkan verməklə, cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini özündə əks etdirib. Azərbaycan dövlətinin daxili və xarici siyasəti dünyada gedən geosiyasi və iqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilir. Müstəqil Azərbaycan dövləti bu gün regionda reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bu möhtəşəm layihələr isə Azərbaycanın dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsidir.

Bu gün gücü, qüdrəti getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Qələbə isə Azərbaycanda Heydər Əliyev ideyalarının bu gün də yaşadığının, Heydər Əliyev siyasətinin bu gün də uğurla davam etdirildiynin ən bariz göstərisidir.

Müstəqil Azərbaycan dövlətinin dünyadakı nüfuzu daim artmaqdadır. Azərbaycan müstəqil, balanslaşdırılmış, düşünülmüş xarici siyasət yürüdür. Bu siyasət dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmlənməsinə, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yönəlib.

Novruzəli Aslanov,
Milli Məclisin deputatı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi

8169 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2022