Mobil versiya
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır və yaşayacaq
Tarix: 12-05-2022 | Saat: 11:12
Bölmə:Cəmiyyət | çapa göndər

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır və yaşayacaq




Mövcud olduğu minilliklər boyu Azərbaycanın tarixində nə qədər keşməkeşli illər olmuş, nə qədər şərəfli və qanlı səhifələr yazılmış, nə qədər itkilər olmuş, Azərbaycan xalqı nə qədər haqsızlıqlarla üzləşmişdir. Xüsusən də XX əsrin əvvəllərindən başlayaraq onun torpaqları yenidən parçalanmağa, namərd qonşulara “bağışlanmağa, güzəştə getməyə” məhkum edilmişdir. Sovet İttifaqı dövründə xalqın qaymaqları – ziyalıları repressiyalara məruz qalaraq məqsədyönlü şəkildə məhv edilmişdir. Ancaq sanki xalqımızın alnına “bir ölsək də, min dirilərik” şüarı yazılmışdır. Azərbaycan xalqı bu təzyiqlərə də sinə gərmiş, dözmüş və nəhayət 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin miras qoyduğu müstəqillik ideyalarını həyata keçirməyə başlamışdı.

Dövlətin ağır durumunu daha da gərginləşdirən daxili çəkişmələr, hakimiyyət böhranı 1993-cü ilin iyun ayında ən yüksək həddə çatdı, respublika sanki xaos və anarxiya burulğanına düşmüşdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəticəsində nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı da itirmək təhlükəsi yaranmışdı. Nəhayət ki, kimin kim olduğunu başa düşən xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı .Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Ulu Öndər 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli lider andiçmə mərasimindəki nitqində dedi : “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Tarix Ulu Öndərin verdiyi bu anda sadiq olduğunu sübut etdi.

Bu, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Həmçinin dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Ötən ilin aprelində silahlı qüvvələrin təmas xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə üstün olan Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi.

Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmışdı.

Ulu öndər Heydər Əliyev zamanın çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət idi. Onun fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.


Cavid Əsgərzadə,
YAP Göygöl rayon təşkilatının əməkdaşı
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024