Mobil versiya
Akif Məmmədov: “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının müasir dövlətçilik ideyalarının yaradıcısıdır”
Tarix: 06-05-2022 | Saat: 09:30
Bölmə:Gündəm | çapa göndər

Akif Məmmədov: “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının müasir dövlətçilik ideyalarının yaradıcısıdır”

Ulu öndər Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, Azərbaycan xalqı isə öz xilaskar övladının sevgisini daim uca tutmuşdur. Məhz xalqına olan bu məhəbbəti ulu öndəri yenidən, ikinci dəfə Azərbaycanda ölkə rəhbərliyinə qaytarmışdır. Ümummilli lider Heydər Əliyevin həyatı öz xalqının tərəqqisinə, regionda və bütün dünyada sülhə və sabitliyə xidmətin nümunəsidir. XX əsrin sonlarında regional və qlobal siyasətin formalaşmasında əhəmiyyətli rol oynamış müdrik siyasətçinin, bütün Cənubi Qafqazda və Xəzər regionunda sülhün və sabitliyin təminatçısı olmuş dahi şəxsiyyətin xatirəsi bu gün bütün dünyada ehtiramla yad edilir, həyat və fəaliyyəti öyrənilir.

XX əsr tariximizin ən parlaq siması, ən böyük şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən ali və dayanıqlı keyfiyyətlərinin canlı təcəssümüdür. XX əsrin sonlarında Azərbaycan xalqı ulu öndərin rəhbərliyi altında yüksək iradə sərgiləməklə, milli yaddaşını, mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini cəmləyə bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır. Ümummilli lider bütün maneələri adlayaraq Azərbaycanın milli inkişaf konsepsiyasını irəli sürmüş, cəmiyyətdə bütün sahələr üzrə proporsional inkişafın konseptual formulunu ortaya qoymuşdur.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin ən əhəmiyyətli dövrü kimi xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. İstər 1969-1982-ci illərdə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə Heydər Əliyev yalnız respublikamızın inkişafı, milli azərbaycançılıq ideyalarının qorunub saxlanılması, xalqımızın firavan gələcəyi barədə düşünmüş və buna nail olmuşdur. Ötən əsrdə cərəyan edən əhəmiyyətli ictimai proseslərin, tarixi hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlanıb və ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. İdarəçilik fəlsəfəsi özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atıb. Həmin illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunub, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb. ulu öndər Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutub, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış edib, prinsipiallıq göstərib. Neft sənayesinin iqtisadi inkişafdakı rolunu böyük uzaqgörənliklə nəzərə alan ulu öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olub. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanıb, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulub.

Artıq müstəqillik dövründə ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışıb. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini qeyri-neft sektorunun, regionların inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilib. Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən iqtisadi siyasət belə deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar olması üçün ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını vacib sayıb. Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılıb, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilib, torpaq islahatı kimi çətin və ağrılı proses uğurla başa çatdırılıb, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik bazası yaradılıb, respublikanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib.

Heydər Əliyev dühasının usanmaz fəaliyyətinin, həyata keçirilən zəruri tədbirlərin, uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün ölkəmiz iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, xalq-dövlət-ordu birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib. Ulu öndər Heydər Əliyevin memarı olduğu Azərbaycan bütün dünyada daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə sürətlə inkişaf edən, istisnasız olaraq hər addımda insan və şəxsiyyət amilini uca tutan, xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən ölkə kimi tanınır. Bu gün hər bir azərbaycanlı ümummilli lider Heydər Əliyevin Vətən və Millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha böyük ehtiram hissi ilə xatırlayır, bugünkü firavan həyata, ictimai-siyasi sabitliyin davamlı olmasına və müstəqilliyə görə ulu öndərə minnətdarlığını bildirir.

Akif Məmmədov,
Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025