Mobil versiya
Akif Məmmədov: “Postmüharibə dövründə proseslər Azərbaycanın maraqlarına uyğun inkişaf edir”
Tarix: 26-04-2022 | Saat: 14:00
Bölmə:Seçki 2024 | çapa göndər

Akif Məmmədov: “Postmüharibə dövründə proseslər Azərbaycanın maraqlarına uyğun inkişaf edir”

Bu gün artıq bütün dünya birliyi postmüharibə dövrünün yeni reallıqlarını, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu qəbul və etiraf edir. İşğaldan azad olunmuş Şuşa şəhərinin nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirildiyi mərkəzə çevrilməsi də bu faktı təsdiqləyir. Mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Şuşada keçirilməsi və postmüharibə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş xarici siyasətin məntiqi nəticəsidir. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi gündən indiyədək həyata keçirdiyi ardıcıl, düzgün və məqsədyönlü siyasətinin bəhrəsi son vaxtlar Şuşada bir-birindən əhəmiyyətli tədbirlərin keçirilməsində özünü büruzə verir.

Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi isə həm mənəvi, həm də siyasi baxımdan mühüm tarixi hadisə oldu. Eyni zamanda da bu mötəbər tədbir diasporumuzun fəaliyyət tarixində yeni mərhələnin başlanğıcıdır. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, aprel ayının 22-də dünya azərbaycanlıları Şuşada sözün əsil mənasında özlərinin Zəfər qurultaylarını keçiriblər. Bu seçim Şuşanın 50 milyonluq Azərbaycan xalqı üçün mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərir.

Dünya Azərbaycanlılarının həmrəyliyi ideyasının banisi, Ulu Öndər Heydər Əliyevin illər öncə söylədiyi fikirlər bu gün reallığa çevrilir. Ümummilli Lider deyirdi ki, biz Qarabağa qayıdacağıq, özü də qələbə ilə qayıdacağıq. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi və artıq bütün dünya bunun şahidi oldu. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Təsadüfi deyil ki, Ölkə Prezidenti seçildiyi ilk gündən bu günə qədər cənab İlham Əliyev bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi məqsədilə bütün gücləri səfərbər etmişdir. Dövlət başçısı məqsədlərimizə çatmaq üçün ilk növbədə bütün xalqın, həm ölkə daxilində, həm də xarixdə yaşayan azərbaycanlıların həmrəyliyinə nail oldu. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, öz birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya haqlı mövqeyini sübut etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimizə olan bir təcavüz idi. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilməyiblər. Təbii ki, eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni ideoloqlarının necə deyərlər, öz başlarında çatladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdulr və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular.

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra regionda yaranmış reallıqlar və dünyada baş verən mürəkkəb proseslər kontekstində yeni çağırışlar və hədəflər meydana çıxıb. Məhz bu baxımdan da Azərbaycan diasporunun yeni tarixi mərhələdə fəaliyyət istiqamətlərini məhz Şuşada müəyyənləşdirməsi xüsusi məna kəsb edir. Şuşa bizim üçün mədəniyyət paytaxtı, zəfər rəmzi olmaqla yanaşı, həm də artıq birliyimizin, dünya azərbaycanlılarının həmrəyliyinin rəmzidir. Azərbaycan Prezidentinin Qurultaydakı nitqində səsləndirdiyi tövsiyələr isə qarşıdakı dövrdə diasporun fəaliyyətini müəyyən edən əsas ideoloji istiqamətlər olacaq. Vətən müharibəsinin nəticələri Cənubi Qafqazda geosiyasi reallıqları dəyişməklə yanaşı, diasporun qarşısında da fərqli vəzifələr müəyyən edib. Təbii ki, azərbaycançılıq məfkurəsindən irəli gələn ideoloji hədəflər dəyişməz olaraq qalır. Dünya azərbaycanlılarının birliyi, ölkəmizin tarixi, müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği və digər ideoloji postulatlar bu gün də aktualdır. Digər tərəfdən isə hazırda Azərbaycan diasporu dövlətimizin yürütdüyü siyasətin məqsədlərini, Cənubi Qafqazda sülh, sabitlik, əmin-amanlıq və əməkdaşlığın zəruriliyini ifadə edən çağırışlarını dünyaya çatdırmaq kimi vacib missiyanı da üzərinə götürür.

Akif Məmmədov,
Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024