Mobil versiya
İdeoloji dayanıqlılıq və milli maraqların qorunması dövlət siyasətinin əsas istiqamətləridir - DEPUTAT
Tarix: 27-10-2026 | Saat: 17:14
Bölmə:Siyasət | çapa göndər

İdeoloji dayanıqlılıq və milli maraqların qorunması dövlət siyasətinin əsas istiqamətləridir

Milli təhlükəsizlik, hərbi gücün artırılması, ideoloji dayanıqlılıq və milli maraqların qorunması... Prezident İlham Əliyevin bütün çıxışlarında bu məsələləri dövlət siyasətinin əsas istiqamətləri kimi ön plana çəkilir. Bu yanaşma təhlükəsizliyi yalnız hərbi potensialla məhdudlaşdırmır, onu siyasi müstəqillik, iqtisadi imkanlar, cəmiyyətin intellektual səviyyəsi və milli birliyin vəhdətində nəzərdən keçirir.

Bu sözləri mətbuata açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.

O bildirib ki, birinci mühüm istiqamət hərbi gücün artırılması və çəkindirici potensialın möhkəmləndirilməsidir. Azərbaycanın yaxın tarixindən çıxarılan nəticə ondan ibarətdir ki, milli maraqların etibarlı müdafiəsi üçün güclü orduya, müasir silahlanmaya və istənilən təhdidə adekvat cavab vermək imkanına malik olmaq zəruridir. Dünyada geosiyasi qarşıdurmaların dərinləşdiyi, müharibə risklərinin artdığı şəraitdə müdafiə xərclərinə xüsusi diqqət yetirilməsi dövlətin təhlükəsizlik prioritetlərini müəyyənləşdirir. Güc amili burada yalnız hərbi üstünlük deyil, həm də mümkün təhdidlərin qarşısını alan çəkindirici mexanizm kimi çıxış edir. Tarixin acı təcrübəsinin təkrarlanmaması üçün Azərbaycanın güclü olması strateji zərurətdir.

İkinci istiqamət milli suverenliyin qətiyyətlə qorunması və müstəqil xarici siyasətin davam etdirilməsidir. Prezidentin ölkəyə qarşı yönələn zərbələrin cavabsız qoyulmaması barədə fikirləri dövlətin öz maraqlarını müdafiə etmək əzmini ifadə edir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, heç bir xarici qüvvə Azərbaycanın daxili və xarici siyasətinə diktə etmək imkanına malik olmamalıdır. Dövlətin gücü həm də təzyiqləri neytrallaşdırmaq, müdaxilələrin qarşısını almaq və milli maraqları qorumaq qabiliyyəti ilə ölçülür. Bununla yanaşı, uzunmüddətli təhlükəsizlik üçün güc amilinin beynəlxalq hüquq, strateji hesablama və diplomatik imkanlarla uzlaşdırılması da mühüm əhəmiyyət daşıyır.

İdeoloji təhlükəsizliyin təmin edilməsi

“Digər istiqamət ideoloji təhlükəsizliyin təmin edilməsidir. Müasir dövrdə təhlükələr yalnız dövlət sərhədlərini keçən hərbi vasitələrlə məhdudlaşmır. İnternet, sosial şəbəkələr, kiberhücumlar və süni intellekt texnologiyaları informasiya mübarizəsinin miqyasını genişləndirir. Dezinformasiya, saxta xəbərlər, manipulyativ təbliğat və cəmiyyət daxilində qarşıdurma yaratmağa yönələn təşəbbüslər milli təhlükəsizliyin yeni çağırışları sırasındadır. Belə şəraitdə ideoloji təhlükəsizlik informasiya məkanının qorunması ilə yanaşı, cəmiyyətin tənqidi düşüncə qabiliyyətinin, informasiya savadlılığının və milli maraqlara əsaslanan ictimai şüurun inkişafını tələb edir

Bu baxımdan, təhsil milli təhlükəsizliyin fundamental dayaqlarından biridir. Bilikli, savadlı və analitik düşünmə qabiliyyətinə malik cəmiyyət yalan məlumatları daha asan müəyyənləşdirir, təxribatlara daha az həssas olur və informasiya mənbələrini tənqidi qiymətləndirməyi bacarır. Deməli, təhsil siyasəti yalnız iqtisadi inkişaf və əmək bazarının tələbləri ilə məhdudlaşmır. O, eyni zamanda, dövlətin ideoloji və informasiya təhlükəsizliyinə xidmət edir. Müasir texnologiyalardan səmərəli istifadə, rəqəmsal savadlılığın artırılması və gənclərdə müstəqil düşüncənin formalaşdırılması bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir”,-deyə K.Əliyeva vurğulayıb.

Vətənpərvərlik, milli birlik və informasiya məkanının qorunması

Professor əlavə edib ki, dördüncü mühüm amil vətənpərvərlik və milli birlikdir. 44 günlük Vətən müharibəsinin təcrübəsi göstərdi ki, cəmiyyətin vahid məqsəd ətrafında səfərbər olması dövlətin imkanlarını əhəmiyyətli dərəcədə artırır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi xalqın iradəsinin, ordunun peşəkarlığının, siyasi rəhbərliyin qərarlarının və dövlətin uzunmüddətli hazırlığının qarşılıqlı təsirini nümayiş etdirdi. Xarici siyasi dəstək və beynəlxalq təzyiqlər şəraitində belə milli məqsədlərin ardıcıl müdafiəsi Azərbaycanın öz maraqlarını reallaşdırmaq qabiliyyətini ortaya qoydu. Bu təcrübənin əsas dərsi ondan ibarətdir ki, milli birlik yalnız böhran və müharibə dövründə deyil, sülh şəraitində də qorunmalı, cəmiyyətin ümumi inkişaf məqsədlərinə yönəldilməlidir.

“Beşinci istiqamət informasiya və ideoloji məkanın milli maraqlar baxımından qorunmasıdır. Xarici təsir imkanlarının, müxtəlif şəbəkələrin və informasiya manipulyasiyalarının müəyyənləşdirilməsi dövlət təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Bununla belə, ideoloji təhlükəsizliyin davamlı təmin olunması yalnız zərərli təsirlərin neytrallaşdırılması ilə deyil, həm də cəmiyyətin institusional dayanıqlılığının gücləndirilməsi ilə mümkündür. Dövlətə və ictimai institutlara etimad, şəffaf idarəçilik, qanunun aliliyi və vətəndaşların ictimai proseslərdə məsuliyyətli iştirakı daxili sabitliyin möhkəm əsaslarını yaradır”, - deyə K.Əliyeva əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2026