Mobil versiya
Manaf Manafov: “Bu gün artıq qalib Azərbaycan var, işğaldan azad edilmiş torpaqlarımız var”
Tarix: 26-04-2022 | Saat: 10:19
Bölmə:Seçki 2024 | çapa göndər

Manaf Manafov: “Bu gün artıq qalib Azərbaycan var, işğaldan azad edilmiş torpaqlarımız var”

Azərbaycan 2020-ci ildə torpaqlarının işğaldan azad edilməsi məqsədilə apardığı Vətən müharibəsində şanlı Zəfər qazanmaqla öz tarixinin ən şərəfli səhifələrini yazdı. Lakin həmin gündən sonra da ölkəmiz möhtəşəm uğur və nailiyyətlərə imza atmaqda davam edir. O cümlədən 2022-ci il bütün dünya azərbaycanlıları üçün daha bir möhtəşəm tarixi hadisə ilə əlamətdar oldu. Aprel ayının 22-də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tarixi Vətənlərində, bütün Türk dünyasının göz bəbəyi sayılan qədim Şuşa şəhərində bir araya gəldilər. Dünya Azərbaycanlılarının V qurultayının açılışında Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev söylədiyi geniş nitqində bu mötəbər tədbiri Zəfər qurultayı elan etdi. İlk növbədə dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirilirsə, bu qurultayın adı yalnız Zəfər qurultayı ola bilər. Çünki bu mötəbər tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərindən sonra ilk dəfədir ki, keçirilir və dünya azərbaycanlıları məhz bu münasibətlə qədim şəhərimizə toplaşıblar.

Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, “Dağlıq Qarabağ” münaqişəsinin hərbi həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Bu gün artıq qalib Azərbaycan var, işğaldan azad edilmiş torpaqlarımız var, yox olan isə “Dağlıq Qarabağ” adında ərazi vahidi və onun ətrafında süni şəkildə yaradılmış münaqişədir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman deyirdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Əlbəttə ki, dövlət başçımızın bu əminliyi son 2003-2020-ci illərdə həyata keçirdiyi möhtəşəm hazırlıq işlərinin nəticələrinə əsaslanırdı. Məhz həmin illər ərzində Azərbaycan güclü iqtisadiyyata və qüdrətli orduya sahib olan dövlətə çevrildi. Əlbəttə ki, Ermənistanın bizim qarçımızda heç bir şansı yox idi. Bu ölkə üçün ən əlverişli variant Azərbaycan Prezidentinin tövsiyyələrini eşidib öz işğalçı qüvvələrini ərazilərimizdən çıxarmaq idi. Lakin xarici havadarlarına güvənən Ermənistan bunu etmədi və sonda rüsvayçı məğlubiyyətin acısını çəkməli oldu. Qeyd etmək lazımdır ki, Vətən müharibəsinin gedişində ordumuz bir çox əhəmiyyətli qələbələr qazansa da məhz Şuşanın işğaldan azad olunması hərbi əməliyyatların başa çatmasını şərtləndirən əsas zərbə rolunu oynadı. Bu zərbədən dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bundan cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu.

Bu gün isə artıq bütün dünya azərbaycanlıları doğma şəhərləri olan qədim Şuşaya toplaşmaq imkanı əldə ediblər. Zəfər Qurultayında söylədiyi nitqində Prezident İlham Əliyev bir daha bütün dünyaya mesaj olaraq bəyan etdi ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu əlbəttə ki, həm ölkəmizdə, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün böyük xoşbəxtlikdir.

Azərbaycan Prezidentinin Qurultayda söylədiyi nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi. Azərbaycan xalqının əzmi, Vətən sevgisi, Azərbaycan əsgərinin gücü və bütün bu amillərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğa” çevrilməsi gələcəkdə Azərbaycana münasibətin istiqamətini müəyyən edir. Eyni zamanda, 30 illik həsrətə son qoyan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb olunur. Ona görə də Zəfər qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayanır. Bu gün artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Lakin bizim borcumuz bu istiqamətdə işləri davam etdirmək və Azərbaycan həqiqətlərini indi də məhz yeni reallıqlar fonunda dünyaya çatdırmaqdır.

Heç şübhəsiz Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri də bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, xalqın öz Prezidentinə olan sonsuz inamı və bu zəmində müharibənin ilk günlərindən müşahidə etdiyimiz böyük ruh yüksəkliyi oldu. Azərbaycanın “Dəmir Yumruğ”u erməni faşizminin belini qırdı. Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsilə başa çatdı.

Manaf Manafov
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı
Birliyinin rəisi,Yeni Azərbaycan Partiyasının üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024