Mobil versiya
Elşad Vəliyev: “Zəfər Qurultayı 50 milyonluq Azərbaycan xalqı üçün Şuşanın mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərdi”
Tarix: 26-04-2022 | Saat: 10:00
Bölmə:Seçki 2024 | çapa göndər

Elşad Vəliyev: “Zəfər Qurultayı 50 milyonluq Azərbaycan xalqı üçün Şuşanın mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərdi”

Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi həm mənəvi, həm də siyasi baxımdan mühüm hadisə olmaqla yanaşı, diasporumuzun fəaliyyət tarixində yeni mərhələnin başlanğıcıdır. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, aprel ayının 22-də dünya azərbaycanlıları Şuşada sözün əsil mənasında özlərinin Zəfər qurultaylarını keçiriblər. Bu seçim Şuşanın 50 milyonluq Azərbaycan xalqı üçün mənəvi dəyərinin nə qədər yüksək olduğunu göstərir.

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra regionda yaranmış reallıqlar və dünyada baş verən mürəkkəb proseslər kontekstində yeni çağırışlar və hədəflər meydana çıxıb. Məhz bu baxımdan da Azərbaycan diasporunun yeni tarixi mərhələdə fəaliyyət istiqamətlərini məhz Şuşada müəyyənləşdirməsi xüsusi məna kəsb edir. Şuşa bizim üçün mədəniyyət paytaxtı, zəfər rəmzi olmaqla yanaşı, həm də artıq birliyimizin, dünya azərbaycanlılarının həmrəyliyinin rəmzidir. Azərbaycan Prezidentinin Qurultaydakı nitqində səsləndirdiyi tövsiyələr isə qarşıdakı dövrdə diasporun fəaliyyətini müəyyən edən əsas ideoloji istiqamətlər olacaq. Vətən müharibəsinin nəticələri Cənubi Qafqazda geosiyasi reallıqları dəyişməklə yanaşı, diasporun qarşısında da fərqli vəzifələr müəyyən edib. Təbii ki, azərbaycançılıq məfkurəsindən irəli gələn ideoloji hədəflər dəyişməz olaraq qalır. Dünya azərbaycanlılarının birliyi, ölkəmizin tarixi, müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliği və digər ideoloji postulatlar bu gün də aktualdır. Digər tərəfdən isə hazırda Azərbaycan diasporu dövlətimizin yürütdüyü siyasətin məqsədlərini, Cənubi Qafqazda sülh, sabitlik, əmin-amanlıq və əməkdaşlığın zəruriliyini ifadə edən çağırışlarını dünyaya çatdırmaq kimi vacib missiyanı da üzərinə götürür. Qurultay nümayəndələri “Zəfər yolu” ilə Şuşaya doğru irəlilədikcə insanları həyəcanlandıran ziddiyyətli mənzərələrə şahid olurdular. Bir tərəfdən 30 il boyunca erməni vandalizminin xarabazara çevirdiyi şəhər və kəndləri, məhv edilmiş infrastrukturu ürək ağrısız seyr etmək mümkün deyil, digər tərəfdən isə simurq quşu kimi külündən yenidən yaranan, bərpa edilən və dirçələn Qarabağda aparılan işlər fərəh doğurur.

Bu gün Azərbaycan Qarabağda dünya urbanizasiya təcrübəsinin ən müasir modellərini yaradır, “ağıllı şəhər“ və “ağıllı kənd” layihələri həyata keçirir. Bu onun göstəricisidir ki Qarabağ Azərbaycan xalqının dədə-baba yurdudur. “Qarabağ bizimdir” deyib hayqıran ermənilər 30 il ərzində burada ancaq vandalizmlə məşğul olmuş, heç vaxt onların olmamış və olmayacağını bildikləri bu torpaqları viranəliyə çevirsələr də torpağın əsil sahibləri qayıtmış, bu ərazilərdə bərpa, quruculuq işləri geniş vüsət almışdır. Azərbaycan xalqı sübut edir ki, o, yaradıcı, sülhsevər və gələcəyə böyük ümidlərlə baxan xalqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin devizə çevrilən “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” cümləsinin ilyarımlıq qısa müddətdən sonra əməli olaraq sürətlə reallaşdığını görmək insanı fərəhləndirir.

Dünya Azərbaycanlılarının həmrəyliyi ideyasının banisi, Ulu Öndər Heydər Əliyevin 30 il bundan əvvəl söylədiyi fikirlər bu gün reallığa çevrilir. Ümummilli Lider deyirdi ki, biz Qarabağa qayıdacağıq, özü də qələbə ilə qayıdacağıq. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini gerçəyə çevirdi və artıq bütün dünya bunun şahidi oldu. Qarabağ münaqişəsinin həlli Azərbaycanın qarşısında duran başlıca vəzifə idi. Təsadüfi deyil ki, Ölkə Prezidenti seçildiyi ilk gündən bu günə qədər cənab İlham Əliyev bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi məqsədilə bütün gücləri səfərbər etmişdir. Dövlət başçısı məqsədlərimizə çatmaq üçün ilk növbədə bütün xalqın, həm ölkə daxilində, həm də xarixdə yaşayan azərbaycanlıların həmrəyliyinə nail oldu. Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi, öz birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya haqlı mövqeyini sübut etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Bu şəhərin işğal altında olmağı mədəni irsimizə olan bir təcavüz idi. Erməni qəsbkarları 1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da buna nail ola bilməyiblər. Təbii ki, eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni ideoloqlarının necə deyərlər, öz başlarında çatladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdulr və bununla da Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına birdəfəlik son qoydular.

Elşad Vəliyev
Xətai Bələdiyyəsinin sədiri,
Yeni Azərbaycan Partiyasının üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024