Mobil versiya
Vüqar Əliyev: “Azərbaycan həm Ermənistanla, həm də himayədarları ilə müharibədə Qələbə qazandı”
Tarix: 25-04-2022 | Saat: 19:22
Bölmə:Seçki 2024 | çapa göndər

Vüqar Əliyev: “Azərbaycan həm Ermənistanla, həm də himayədarları ilə müharibədə Qələbə qazandı”

Dünya Azərbaycanlılarının Şuşa şəhərində keçirilmiş V Qurultayı Azərbaycanın müəllifi olduğu yeni regional reallıqların həqiqətən də artıq bütün dünya tərəfindən qəbul edildiyini bir daha təsdiq etmiş oldu. Ölkə Prezidenti cənab İlham Əliyev aprelin 22-də Qurultayın açılışında etdiyi tarixi çıxışında bir mənalı olaraq qeyd etdi ki, Azərbaycan ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliklər də xalqımız tərəfindən heç zaman unudulmayacaq. Bununla dövlətimizin başçısı Ermənistandakı bəzi revanşist əhval-ruhiyəli qüvvələrə növbəti dəfə xəbərdarlıq mesajlarını aşkar və net şəkildə çatdırdı.

Heç bir şübhə yoxdur ki, bir çox dünya gücləri bu münaqişənin ədalətli həllundə maraqlı deyildilər. İşğalının 30 ilə yaxın müddət ərzində davam etməsində də Ermənistanın xaricdəki havadarlarının və ikili standartlar siyasəti yürüdən bir çox beynəlxalq təşkilatların müstəsna rolu olub. Həmin dövrdə gedən proseslərin əslində münaqişənin həllinə yönəlmədiyi bu gün daha qabarıq formada özünü göstərir. Bütün bu illər ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. ATƏT-in Minsk Qrupu 29 illik fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdı. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışdırmaq, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirmək üçün var qüvvələri ilə çalışdılar. İşğalın davam etdiyi illər ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti daim deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Buna görə də dövlətimizin başçısı tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğala öz gücünə son qoymaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. Azərbaycana qarşı təxribatlar davam etdirildi.

Münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermirdi. Bu müddət ərzində isə erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törədiblər. O cümlədən müxtəlif addımlarla Ermənistan hər zaman Azərbaycanı təxribata çəkməyə can atıb. Eyni zamanda da Ermənistan rəhbərliyi artıq Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdı. Həmçinin bütün sərhəd boyunca ermənilər mütəmadi olaraq atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Nəhayət 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Tarix göstərir ki, bu münaqişənin artıq heç bir alternativ həlli yolu qalmamışdı.

Aprel ayının 22-23-də Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V qurultayında bütün bu məsələlər bir dah müzakirə olunaraq tam dolğunluğu ilə təhlil edildi. Qurultayın açılışında Prezident İlham Əliyevin söylədiyi geniş nitqdə bu mötəbər tədbir Zəfər qurultayı elan olundu. Bu gün Azərbaycan həqiqətən də bütün sahələrdə ardıcıl olaraq möhtəşəm Zəfərlər qazanır. Dövlətimizin belə nailiyyətlərindən biri də postmüharibə dövrünün reallıqlarının dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınmasıdır. Prezident İlham Əliyev öz çıxışında bu məsələyə xüsusi diqqət yetirərək bildirdi ki, dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən yeni reallıqların qəbul edilməsi Azərbaycanın böyük uğurudur.

Vüqar Əliyev,
Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024