Mobil versiya
Azərbaycan-Qırğızıstan əlaqələrində yeni səhifə açılır
Tarix: 23-04-2022 | Saat: 10:11
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan-Qırğızıstan əlaqələrində yeni səhifə açılır

Dövlət müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycanla Qırğız Respublikası arasında diplomatik münasibətlər bir qədər gec qurulsa da, iki ölkə arasında hər zaman mədəni və iqtisadi əlaqələr mövcud olub. Təbii ki, bunun da əsas səbəbi Azərbaycan və qırğız xalqlarının dil və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlı olmasıdır. Təsadüfi deyil ki, iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Diplomatik münasibətlər ilk vaxtlar özünün intensivliyi ilə seçilməsə də, sonrakı dövrdə bu sahədə mühüm irəliləyiş baş verib. Qırğızıstanın siyasi həyatında  ötən dövrdə bir sıra hadisələr baş versə də, Azərbaycanla bu ölkənin münasibətləri həmişə yüksək səviyyədə olub. Prezident İlham Əliyev 2016-cı ildə MDB Dövlət Başçıları Şurasının iclasında, 2018-ci ildə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib. Bu səfərlər zamanı keçirilən görüşlər əlaqələrin inkişafına töhfələr verib.

Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısı zamanı imzalanmış sazişə əsasən  yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsisçi  üzvlərindən biri Qırğız Respublikasıdır. Azərbaycanla Qırğız Respublikası Türk Dövlətləri Təşkilatı çərçivəsində də fəal əməkdaşlıq edir. Ümumiyyətlə, hər iki dövlət bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birinin maraqlarını müdafiə ediblər. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğız dövləti respublikamıza dəstək nümayiş etdirib. Qırğızıstan artıq həllini tapmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, problemin həlli üçün fəallıq göstərməyə çalışıb.

Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri nəzərdən keçirildi, əməkdaşlığa dair məsələlər ətraflı müzakirə olundu. Dövlət başçılarının həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərində, həm də mətbuata bəyanatlarında tərəflərin münasibətləri daha da intensivləşdirmək əzmində olduqları ifadə edildi.

Onuda qeyd edək ki, səfər zamanı imzalanmış sənədlər də məzmun baxımından əhatəlidir və hər iki tərəfin əlaqələrin daha da inkişafında maraqlı olduğunu göstərir. "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum", "Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum", "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikası İctimai Teleradio Yayımları Korporasiyası arasında əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş",  "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Qırğız Respublikası İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimlənməsi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum", "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum", "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında Saziş", "Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi arasında əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında Memorandum", "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" iki dövlət arasındakı müqavilə-hüquq bazasını əhəmiyyətli dərəcədə genişləndirir.

Yeri gəlmişkən, imzalanan sənədlərdən ən əsası  "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə"dir. Bu sənəd iki dövlət arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəldir. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və hər iki dövləti məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Prezident İlham Əliyev bildirmişdir: "Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir"

Türkdilli dövlətlər arasındakı sıx əməkdaşlıq bütün türk dünyası üçün əhəmiyyət kəsb edir. Bu baxımdan Sadır Japarovun səfəri zamanı Bakıda əldə olunan razılaşmalar, müzakirə olunan məsələlər həm  Azərbaycan-Qırğızıstan əlaqələrində yeni səhifə açacaq, həm də türkdilli dövlətlər arasında əməkdaşlığın daha da güclənməsinə töhfələr verəcək.

Rza Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə
kənd ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024