Mobil versiya
Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasət.
Tarix: 22-04-2022 | Saat: 14:18
Bölmə:Seçki 2024 | çapa göndər

Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasət.

Hər bir dili yaşadan və inkişaf etdirən onun mənsub olduğu xalqdır. Dilin hərtərəfli inkişafı, zənginləşməsi, yüksək zirvələrə qalxaraq beynəlxalq nüfuz qazanması xalqın böyük övladlarının adı ilə bağlıdır. Tarixi təcrübə göstərir ki, dilin inkişafında milli müstəqillik ideyaları və dövlətçilik ənənələrinin, həmin ideya və ənənələri öz fəaliyyətində gerçəkləşdirən və həyata keçirən qüdrətli dövlət başçılarının, xalqının tarixində şərəfli yer tutan böyük siyasi xadimlərin müstəsna rolu olur. Belə qüdrətli dövlət başçısı və siyasi xadimlər cərgəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı öz yüksək və layiqli yerini tutur.

Ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü  durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlamış və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin tədbirlər sırasında "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli Fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəm-ləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Belə ki, Fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda həmçinin, müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait yaranması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu. Fərmanda Azərbaycan dilinin tarixi ilə xalqımızın tarixi arasında sıx və qırılmaz tellər olduğu vurğulanır və dil siyasətinin azərbaycançılıqla bağlılığı qeyd olunurdu. Ümummilli liderin əsəri olan bu tarixi Fərmanda müstəqil Azərbaycan dövlətinin dil siyasətinin mərkəzində iki başlıca ideya dayanırdı. Birincisi, Azərbaycan dilinin dövlət dili kimi qorunması, ikincisi isə - bu dilin dövlət dili səviyyəsində inkişafı üçün hər cür imkan və şəraitin yaradılması. Fərmanda irəli sürülən müddəalar və ideyalar başlıca olaraq Azərbaycan dilinin bir dövlət dili kimi qorunması, müxtəlif sahələrdə geniş tətbiqi, işlənməsi və inkişaf etdirilməsi kimi qlobal məsələləri özündə ehtiva edir və onlardan irəli gələn hədəflərə, vəzifələrə çatmaq üçün konkret yolları göstərir, istiqamətləri müəyyənləşdirirdi.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlət dilimiz olan Azərbaycan dili haqqında dediyi aşağıdakı sözləri bu qayğının ən bariz nümunəsidir: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir". Ulu öndərin Azərbaycan dili haqqında bu sözləri hər bir Azərbaycan vətəndaşını, xüsusilə də dilçilik sahəsində çalışan mütəxəssisləri ədəbi dilimizin saflığı keşiyində dayanmağa, onun düzgün şəkildə tətbiqi və inkişafı istiqamətində düşünüb-daşınmağa səsləyir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan dili ilə bağlı verdiyi Fərmanlar ədəbi dilimizin fəaliyyət meydanını daha da genişləndirmiş, onun  dövlət səviyyəsində tətbiqi işini, inkişafı məsələlərini gücləndirmişdir. Bu tarixi qərarlar bütövlükdə götürdükdə Azərbaycan dili və dil mədəniyyətimiz qarşısında yeni imkanlar və geniş üfüqlər açmışdır.
Beləliklə, bütün bu deyilənlər müstəqil Azərbaycan Respublikasında ana dilinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini açıq-aşkar bir şəkildə sübut edir.
Məlum olduğu kimi, hər hansı bir dilin qoruyucusu və daşıyıcısı onu təmsil edən xalqdır. Məhz bu mühüm amili nəzərə alaraq, hər bir Azərbaycan vətəndaşı millətimizin varlığı və qürur mənbəyi olan dövlət dilini ürəkdən sevməli, sevdirməli və bu dildə danışmağı ilə fəxr etməlidir.

Şövqi Həsənov
YAP Şəmkir rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024