Mobil versiya
Ümummilli Lider Heydər Əliyev doğma Azərbaycan dilimizin xilaskarıdı
Tarix: 22-04-2022 | Saat: 09:59
Bölmə:Seçki 2024 | çapa göndər

Ümummilli Lider Heydər Əliyev doğma Azərbaycan dilimizin xilaskarıdı

IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına dair VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyev həmin dövrdə heç kəsin cəsarət edə bilməyəcəyi bir təklif irəli sürdü. Bu təklif Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada verməyi nəzərdə tuturdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri oldu. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən biri olan ana dilimizi qorudu və onun sonrakı inkişafının bazasını yaratdı.

Tarixdən də məlumdur ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmi olaraq dövlət dili elan olunsa da, nəticə etibarı ilə dilimizin bu statusu uzun müddət sürə bilməmişdi. Yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə respublikada hakimiyyətə gəldikdən sonra Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilinə çevrildi və özünün dinamik inkişaf tarixi fazasına qədəm qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında olan ən böyük tarixi xidmətlərindən biri oldu.

Ulu Öndər Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirib. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ümummilli Lider bir çox ziyalıların və dövlət xadimlərinin cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai-siyasi, ideoloji-mənəvi həyatın normallaşmasına, stabilləşməsinə nail oldu. Əlbəttə ki, Ümummilli Liderimizin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də məhz dil məsələsi idi. Məsələnin ciddiliyini nəzərə alan dövlət rəhbəri mütəxəssislərin iştirakı ilə geniş müzakirələr keçirdi və həmin müzakirələr mövcud problemlərin həlli üçün kifayət qədər məhsuldar oldu. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndərin müstəsna xidmətləri var. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli Lider demişdir: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli Lider ana dili məsələsinə yeni səviyyədə - müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın təcrübəsini yaratdı. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına təsir etdi, dövlət dilinin müstəqil dövlət üçün nə demək olduğunu əyani şəkildə göstərdi. Həmçinin Ulu Öndər Heydər Əliyev ana dilimizin mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair vacib qərarlara imza atıb. Belə tarixi sənədlərdn biri 2001-ci il iyunun 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmandır. Bu sənəd müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Bundan başqa Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun isə ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktıdır. Bu Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024