Mobil versiya
Dünya azərbaycanlıları bu dəfə doğma Şuşada birlik və həmrəylik nümayiş etdirəcəklər
Tarix: 22-04-2022 | Saat: 09:53
Bölmə:Gündəm | çapa göndər

Dünya azərbaycanlıları bu dəfə doğma Şuşada birlik və həmrəylik nümayiş etdirəcəklər


Vətən müharibəsinin taleyini həll edən və böyük qələbəni xalqımıza bəxş edən ən mühüm uğurlardan biri Azərbaycan Ordusunun qəhrəman övladları tərəfindən Şuşanın işğaldan azad edilməsi oldu. Məhz Şuşanın azad edilməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin şərtləri əsasında Ermənistanın baş naziri kapitulyasiya bəyanatına imza atdı. Şuşanın azad edildiyi gün isə Prezident İlham Əliyevin Sərəncamı ilə tariximizə Zəfər Günü kimi həkk olundu. İndi Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun layihələri əsasında Şuşada genişmiqyaslı abadlıq və quruculuq işləri gedir.

Bu bir həqiqətdir ki, xalqımızın möhtəşəm tarixi olan Şuşa düşmənə boyun əyməyən əzəmətli mədəniyyət abidəsidir. Ermənistan 28 ildən artıq davam edən işğal dövründə Şuşanı erməniləşdirə, doğma Azərbaycan şəhərinin tarixini, mədəniyyətini özününküləşdirə bilmədi. Belə ki, işğal dövründə ermənilər Şuşanı sadəcə dağıtmaqla məşğul olublar. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsgərinin qəhrəmanlığı, şücaəti ilə azad edilən Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib. İndi şəhərin yaraları sağalır, Şuşa öz ənənələrini və şöhrətini bərpa edir.

Şuşa həm də hər bir azərbaycanlını özünə çəkir. Şuşa bizi özünə ona görə çox çəkir ki, artıq həm də hər bir azərbaycanlının qürurunun ünvanıdır. Şəhərdə bərpa işləri getsə də, dövlət vətəndaşlarımızın 28 illik həsrətdən sonra Şuşanı görə bilmələri üçün də imkanlar yaradır. Təşkil edilən müntəzəm avtobus reyslərinə müraicət edənlərin sayının çoxluğu da Şuşa sevgisinin təcəssümüdür. Şuşaya bu cür münasibət işğaldan əvvəl də belə olub. Qarabağın mirvarisi mədəniyyətimizin beşiyi olmaqla yanaşı, hər kəsin üz tutduğu ünvanlardan biri olub. Ötən il dekabrın 24-də – 60 illik yubileyində
Şuşaya səfər edən Prezident İlham Əliyev bu barədə deyib: “Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada – Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada – Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm”.

Qeyd etdiyimiz kimi, Şuşa mədəni ənənələrini bərpa edir. Artıq ötən il şəhərdə “Xarıbülbül” Musiqi Festivalı, “Vaqif Poeziya Günləri” keçirilib. Azərbaycan Milli Məclisinin “Şuşa ilinə” töhfəsi olaraq Şuşada parlamentin komitə iclaslarının keçirilməsinə başlanılıb.

Bu günlərdə isə Şuşa daha bir tədbirə evsahibliyi edəcək. Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycanın mədəniyyət paytaxtında keçiriləcək. Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultay iştirakçıları əvvəlcə Bakıda Fəxri xiyabanı, I və II Şəhidlər xiyabanını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, Vətən müharibəsi xalqımızın milli həmrəyliyinin təntənəsi oldu. Həmin günlərdə dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Belə ki, diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara müraciətlər göndərdilər. Prezident İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın bu istiqamətdə göstərdikləri fəaliyyət barədə deyib: “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri qələbəmizə layiqli töhfə olmuşdur”.

Sonda qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq. Bu baxımdan, dünyanın dörd bir yanından gələn soydaşlarımızın Şuşada toplaşmasının böyük rəmzi mənası var. Belə ki, dünya azərbaycanlıları bu dəfə doğma Şuşada birlik və həmrəylik nümayiş etdirəcəklər. Azərbaycan xalqı qürur duyur ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, düşünülmüş və qətiyyətli siyasəti sayəsində torpaqlarımızın işğaldan azad olunması bu reallığı mümkün etdi.

Vüqar Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının fəal üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024