Mobil versiya
Novruzəli Aslanov: “Əməkdaşlıqdan strateji tərəfdaşlığa doğru addımlar atıldı”
Tarix: 22-04-2022 | Saat: 09:19
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Əməkdaşlıqdan strateji tərəfdaşlığa doğru addımlar atıldı”

Prezident İlham Əliyevin dəvəti ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən 10 sənədin imzalanması gələcək fəaliyyətin istiqamətlərini müəyyənləşdirməklə yanaşı, iki qardaş xalqın vahid platformadan çıxış etməsinə də imkan verəcəkdir.
İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər.”

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər.

Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.

Bu günlərdə imzalanan sənədlər isə əməkdaşlıqdan strateji tərəfdaşlığa gedən yolun təməli olacaqdır. Çünki yaradılacaq Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaq, qarşılıqlı əlaqələr genişlənəcək və vahid platforma müəyyən ediləcəkdir.

Qeyd etmək yerinə düşər ki, Qırğızıstan müstəqillik dövründə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, haqlı mübarizəmizdə bizə dəstək verən ölkələrdən biri olub. İndi də həm beynəlxalq, həm regional təşkilatlarda Azərbaycan və Qırğızıstanın bu qarşılıqlı dəstək platforması davam etdirilir və etdiriləcəkdir.

Mühüm nəqliyyat yollarının kəsişdiyi Azərbaycan qardaş ölkə iqtisadiyyatının inkişafı üçün geniş imkanlara malikdir. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Bu imkanların Qırğızıstan üçün açıq olması, logistika imkanlarından səmərəli istifadəyə imkan verəcək, qarşılıqlı əlaqələrin inkişafı üçün perspektivlər açacaqdır.
Öz növbəsində Qırğızıstanda enerji sektoru Azərbaycan sərmayəçiləri üçün geniş imkanlar açır. Bu sahədə zəngin təcrübəyə malik Azərbaycan qardaş ölkənin enerji sektoruna investisiya qoya, kiçik elektrik stansiyalarının yaradılmasında iştirak edə bilər”.

Millət vəkili daha sonra demişdir ki “ hər iki ölkədə aqrar sektorun inkişafı çox mühüm məsələlərdən biridir. Bu yöndə atılacaq addımlar hər iki ölkədə bu sahənin inkişafına təkan verəcəkdir. Qırğızıstan prezidentinin Azərbaycan sahibkarlarını öz ölkəsinə dəvət etməsi bizim sahibkarlar üçün yeni bazarların yaranması deməkdir. Bu da hər iki ölkənin iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcəkdir”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024