Mobil versiya
Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirirdi
Tarix: 21-04-2022 | Saat: 17:53
Bölmə:Seçki 2024 | çapa göndər

Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirirdi

Hər bir millətin varlığının əsas şərtlərindən və göstəricilərindən biri, qürur mənbəyi onun ana dilidir. Dil hər bir xalqın varlığının yeganə təminatçısı kimi onun milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülməsində mühüm rol oynayır. Azərbaycan dili də əsrlərdir ki, xalqımızın milli-mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Təsadüfi deyil ki, ana dilimiz də dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi, hər bir azərbaycanlı üçün müqəddəsdir,əzizdir. Xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixi olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən bövük mənəvi sərvətimizdir.

Azərbaycanın həm Sovet İttifaqı, həm də müstəqillik dövründə inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulub. Həmin vaxt siyasi hakimiyyətə gələn müdrik şəxsiyyət Heydər Əliyev respublikamızın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb, Azərbaycanı həm SSRİ, həm də dünya miqyasında tanıdıb. 1969-cu ilə qədər iqtisadi tənəzzüldə boğulan, SSRİ-nin geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, eyni zamanda, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti, incəsənəti, alimi, əmək adamı ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı hesab olunur.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Ulu Öndər Heydər Əliyev ana dilimiz haqqında demişdir: "Ana dilimiz Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir" , "Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir". "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm"

1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev əvvəllər olduğu kimi, Azərbaycan dilinin dövlət səviyyəsində geniş tətbiqi və inkişaf etdirilməsi məsələsınə xüsusı önəm verərək bu sahədə bir sıra mühüm tədbirlər həyata keçirdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olsa da, müzakirələrin məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində öz əksini tapdı.

Ana dilinin inkişafina xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılmasını da nəzərdə tutan bu fərman Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsinin genişlənməsinə böyük imkanlar açdı.Dilimizin böyük hamisi və sadiq keşikçisi olan ümummilli liderimiz 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” yeni bir fərman da imzaladı. Həmin fərmanda deyilir: “Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin”.Bu fərman bütün sahələrdə Azərbaycan dilinin daha mükəmməl səviyyədə tətbiq olunması işini daha da sürətləndirdi, bundan sonra bütün yazılı sənədləşmələr latın qrafikalı Azərbaycan əlifbası ilə aparıldı.

Ulu öndər Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici yer tuturdu. Ümummilli liderimiz böyük qürur hissi ilə deyirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”.Bütün sahələrdə ulu öndərin siyasətini ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin geniş şəkildə tətbiqinə və beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə xidmət edir. Dövlət başçısı İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də, 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmlı nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ana dilinin həyatımızın bütün sahələrində işləkliyini gerçəkləşdirmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin bu gün apardığı uğurlu dil siyasəti ulu öndərimizin vaxtilə söylədiyi bu dahiyanə mülahizələrdən qaynaqlanır: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dil siyasəti ilə baglıdır. Ölkə Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bütün bunlar ana dilimizin qorunması və zənginləşdirilməsi işinin mötəbər siyasi-hüquqi təminatıdır.


Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024