Mobil versiya
Rəhimə xanımın rəhmsizliyi
Tarix: 27-07-2015 | Saat: 13:56
Bölmə:Manşet / Karusel | çapa göndər

Rəhimə xanımın rəhmsizliyi
“İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır”

Heydər Əliyev

Əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu həm ölkəmizin Konstitusiyasında, həm əsas strateji sənədi olan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həm də aidiyyəti hüquqi-normativ sənədlərdə təsbit olunub. Dövlətimizin sosial siyasətini həyata keçirməklə vəifələndirilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin haqqında söz açdığımız strukutur vahidi Nazirliyin özünün internet saytında belə təqdim olunur: “Buzovna 9 saylı psixonevroloji internat evi xüsusi qayğıya ehtiyac duyan ruhi-əsəb əlillərinin dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada əlillər daimi olaraq yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar”.

Əlbəttə, bunlar gəlişigözəl, rəsmi sözlərdir. Gerçək vəziyyət isə başqa cürdür: Orada qalanların adlarının məlum səbəbdən açıqlanmasını istəməyən yaxınları bildirirlər ki, sözügedən müəssisənin dörd mərtəbəli binasında 200-dən çox əlil və qoca yaşayır ( əgər buna yaşamaq demək olarsa-müəllif. ). Hər mərtəbə 50 nəfər üçün nəzərdə tutulsa da, əlavə adam qəbul edildiyindən, iki nəfərlik otaqda 4 nəfər yerləşdirilib. Otaqlarda masa qoyulmadığından, xörəkləri elə çarpayının üstündəcə yeyirlər. Yeməkxananı guya təmiz saxlamaq istəyi, çirklənmədən qorumaq adı altında xəstələri ora buraxmırlar. Bildirildiyinə görə, müəssisədə cəmi bir neçə nəfərə yaxşı baxılır ki, onları da “nümunə” kimi gələn komissiyanın qarşısına çıxarırlar. Əvvəllərdə olduğundan fərqli olaraq indi nə qocaları, nə də xəstələri həyətə gəzintiyə buraxmırlar, onları cəmiyyətdən tamamilə təcrid ediblər, havalarını dəyişməyə belə qoymurlar.

Xəstələrə ağrıkəsicilər və digər dərmanlar verilmir, müəssisənin həyətində mağaza və ya aptek yoxdur. Bu üzdən sakinlər ehtiyac duyduqları bir şey və ya dərman aldırmaq üçün yaxınlarının gəlməsini gözləmək məcburiyyətindədirlər. Əlillərin qidasına ayrılan vəsaitin onların fizioloji mövcudluğu üçün hökumətin müəyyənləşdirdiyi həddən də az olduğunu görə bilərik. Bu onu göstərir ki, xüsusi həssas qrupa daxil olan və qida rasionu müxtəlif vitaminli məhsullardan olmalı olan əlillərə ayrılan vəsait onların sadəcə fiziki mövcudluğu üçün nəzərdə tutulub. İnternat Evinin hazırki direktoru Rəhimə xanım daha əvvəl Göy-Göl 8 saylı əqli və fiziki qüsurlu insanların yaşadığı internat evinə rəhbərlik edirdi. Orada işləyəndə müəssisənin fəaliyyəti barədə olduqca xoşagəlməz söz-söhbətlər yayılmışdı. Başa düşülən deyil kI, hansı təqdirəlayiq xidmətinə görə Rəhimə xanım paytaxtdakı eyni profilli, lakin daha böyük kontingenti olan müəsisəyə rəhbər vəzifəyə irəli çəkildi. Nəticə də bu oldu ki, xanım direktor 8 saylı müəssisədə topladığı oğru idarəçiliyi təcrübəsini 9 saylı müəssisədə “uğurla” tətbiq etməyə başladı. İş o yerə çatıb ki, xəstələr sabun, yuyucu toz və başqa bu kimi gigiyena vasitələrini istəyəndə də direktor onlara deyir ki, “zəhmət çəkin (Yumşaq ifadə ilə əvəzlənib-müəlif.), pensiyanızdan xərcləyin, öz pulunuzla alın!”

Bütün bunlar və hələlik redaksiyada araşdırma mərhələsində olan digər məlumatları tezliklə Nazirliyə, hüquq-mühafizə orqanlarına göndərmək, eləcə də sosioloq- ekspertlərin rəyini dərc etməklə, ictimai qınağın obyektivini bu məsələyə yönəltmək niyyətindəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024