Mobil versiya
Şəhla Həbibova: Qarabağda böyük layihələr reallığa çevrilir
Tarix: 19-04-2022 | Saat: 11:32
Bölmə:Seçki 2024 | çapa göndər

Şəhla Həbibova: Qarabağda böyük layihələr reallığa çevrilir



Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa – quruculuq işləri, müxtəlif istiqamətli layihələrin sürətli icra prosesi gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su – elektrik stansiyaları tikilir. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə cənab Prezidentimiz mütəmadi olaraq xalqı məlumatlandırır. 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkə başçısı doğma Qarabağımızda reallığa çevrilən genişmiqyaslı layihələrdən ətraflı danışıb.

Qeyd edib ki, azad edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin icrası bu il nəzərdə tutulur. Bu layihələrin xüsusiyyəti ondan ibarətdir ki, hazırlıq işləri çox vaxt aparır. Çünki layihələndirmə işləri düzgün aparılmalıdır, yerlər düzgün seçilməlidir. Eyni zamanda, artıq təsdiq edilmiş layihələrin icra edilməsi üçün də biz mütləq vəsait tapmalıyıq. Burada da qeyd olundu ki, biz indi büdcəni profisitlə icra edirik. Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox və gömrük orqanları 200 milyon manatdan çox vergi toplamışlar. Yəni, bizim indi imkanımız var. Möhtərəm Prezidentimiz suvarmanın bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olduğunu xüsusi vurğulamışdır. Bildirmişdir ki, biz çaylarımızdan içməli su mənbəyi kimi istifadə etməliyik. İşğal dövründə çaylarımız da ekoloji terrora məruz qalmışdır, çaylarımız da işğal altında idi və düşmən bizi çaylarımızdan da məhrum etmişdi. Çünki biz Tərtər çayının suyundan faktiki olaraq istifadə edə bilmirdik.

Tərtər çayı isə Azərbaycanın ən böyük çaylarından biridir. Suqovuşan ermənilərin əlində olduğu üçün yayda suyu kəsirdilər, bizə qarşı ekoloji terror törədilmişdi. Qışda isə buraxırdılar ki, o da daşqınlara səbəb olurdu. Tərtər çayının suyundan bizi məhrum etmişdilər. Ümummilli Liderimiz Heydər Əliyev Suqovuşan su anbarını inşa edəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağını suvarması nəzərdə tutulurdu və su gedirdi. İndi biz Suqovuşana qayıtmışıq, indi suyu bərpa etmişik və yeni kanallar da çəkiləcək. İşğal altında qalan böyük su anbarlarımız var idi. Xudafərin - 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı, Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd – bax, bu su anbarları işğal altında idi. İndi biz onları bərpa edirik və bərpa edəcəyik. Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri.

Onu da bildirməliyəm ki, Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni, böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var. Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol Sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi nəzərdə tutulur. Çünki sovet vaxtında olan su mənbələri bəzi səbəblərə görə uyğun olmaya bilər. Ona görə bu kompleks tədbirlər nəzərdə tutulur və Bərgüşad su anbarının layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır. Bu yaxınlarda verilən yeni təklif əsasında Zəngilan, ya da Qubadlı rayonlarının birində yeni su anbarının tikintisi nəzərdə tutulur və bu kanalların inşası bizə imkan verəcək ki, yaxın zamanlarda 10 min hektarı suvarma ilə təmin edək.

Qarabağı və Şərqi Zəngəzuru quruculuğun əsas meydanına çevirən Möhtərəm Prezidentimiz işğaldan azad edilmiş ərazilərdə lazımi şəraitin yaradılması üçün bütün mümkün addımları atır. Xalqımız əmindir ki, tezliklə nəzərdə tutulan işlər sona çatacaq, soydaşlarımız doğma yurd – yuvalarına qayıdacaqlar. Ölkəmizin həyatında sözün əsl mənasında yeni mərhələ başlayacaq.

Şəhla Həbibova
YAP Qazax rayon təşkilatının əməkdaşı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024