Mobil versiya
İdmançılarımız beynəlxalq yarışlarda bayrağımızı fəxri kürsülərə qaldırmaqda davam edirlər
Tarix: 14-04-2022 | Saat: 12:14
Bölmə:Seçki 2024 | çapa göndər

İdmançılarımız beynəlxalq yarışlarda bayrağımızı fəxri kürsülərə qaldırmaqda davam edirlər

Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən, Budapeştdə reallaşan yarışda idmançılarımızın böyük qələbə ilə Vətənə qayıtmalarını mühüm hadisə kimi qiymətləndirib. Belə ki, dövlətimizin başçısı görüşdə Azərbaycanda idmanın bütün növlərində, o cümlədən güləşdə rəqabətin ildən-ilə artdığını, müxtəlif ölkələrdə keçirilən yarışlarda güclü idmançılarımızın üzə çıxdığını vurğulayaraq, bu sahədə yüksək mübarizə şəraitinin mövcud olduğu Avropada yüksək nəticələr qazanmağı böyük nailiyyət kimi dəyərləndirib. Prezident İlham Əliyev daha sonra yarışlarda uğurlu nəticələr qazanmağın önəmini bildirib: “Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq bir daha demək istəyirəm ki, böyük nailiyyətimizdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Böyüklər arasında biz öz gücümüzü hər dəfə təsdiqləyirik, ölkəmizin idman şöhrəti və bütövlükdə ölkəmizin nüfuzu artır”.

Bu məqamda vurğulamaq yerinə düşər ki, 44 gün ərzində böyük tarixi Qələbə qazanan xalqı həm də idman arenalarında təmsil etmək böyük məsuliyyətdir. Dövlət başçımız xüsusilə, gənc nəslin vətənpərvərlik və milli dəyərlər əsasında formalaşmasına diqqət çəkməsi də təsadüfi deyil. Bu məsələ dövlətçiliyin möhkəmləndirilməsi baxımından olduqca vacibdir. Çünki biz Qarabağ müharibəsində də Azərbaycan gəncinin vətənpərvərlik ruhunu gördük. Biz müharibəni ləyaqətlə apardığımız kimi, idman arenalarında da mübarizəmizi ədalətlə aparırıq.

Dövlət başçımızın da söylədiyi kimi, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub edirik, bundan sonra da belə etməliyik. Prezidentin “qələbədən daha vacib ləyaqətdir” ifadəsi hər birimiz üçün nümunədir. İdmançılarımız da hər zaman mübarizəni layiqli qələbə uğrunda aparmalıdır. Təsadüfi deyil ki, Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanovun yarışların birində ləyaqətli davranışı dövlət başçımız tərəfindən də təqdir olundu. Yəni, bu davranış xalq olaraq bizim obrazımızın, xarakterimizin dünyaya təqdimatıdır. Çünki idman yarışlarının auditoriyası çox geniş olur və bu arenada, milyonlar qarşısında çıxış etməyin məsuliyyəti də böyükdür. Burada yalnız idman yox, bütün keyfiyyətlər diqqətlə izlənilir və hər bir idmançının davranışı həm də onun ölkəsinin, xalqının imici deməkdir. Bu baxımdan Azərbaycan idmançılarına böyük təşəkkür düşür. Çünki hər zaman dövlətimizi ləyaqətlə təmsil ediblər. Bu gün Azərbaycan idman sahəsində də ədalətli ölkə kimi tanınır. Prezident İlham Əliyev güləşçilərlə görüşdə bu məsələyə toxunmaqla idmançılarımıza gələcəkdə də bu prinsiplərə sadiq olmağı tövsiyə edib.
Yeri gəlmişkən, hazırda ölkə idmançılarının qarşısında duran əsas vəzifələrdən biri də “Paris-2024” Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmaqdır. Məlumdur ki, olimpiadalar tarixində ilk dəfə gender bərabərliyi təmin olunub. 32 idman növünün hər birində bərabər sayda kişi və qadın idmançılar mübarizə aparacaqlar. İki il sonra baş tutacaq oyunlarda bütün idman növləri üzrə idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər.
Beləliklə, idmançılarımız beynəlxalq yarışlarda bayrağımızı fəxri kürsülərə qaldırmaqda davam edirlər. Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən və 16 medal qazanmış Azərbaycan millisinin üzvləri ilə görüşdə də qeyd etdiyi kimi, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Sevindirici haldır ki, güləşdəki ənənələrimiz yaşayır və bu sahədə güclü gənc nəsil yetişir.

Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024