Mobil versiya
Şəhla Hacıbalayeva: “Prezident İlham Əliyevin həyata keçirdiyi təşəbbüslər siyasi sabitliyə və davamlı inkişafa xidmət edir”
Tarix: 04-04-2022 | Saat: 13:30
Bölmə:Seçki 2024 | çapa göndər

Şəhla Hacıbalayeva: “Prezident İlham Əliyevin həyata keçirdiyi təşəbbüslər siyasi sabitliyə və davamlı inkişafa xidmət edir”

Azərbaycanda həyata keçirilən daxili və xarici dövlət siyasəti birmənalı olaraq xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasətdir. Prezident İlham Əliyev 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışında demişdi: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Bu, həqiqətən də ölkəsini, xalqını və dövlətini düşünən bir Prezidentin sözləridir. Əbəs yerə eyil ki, 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində də Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Əlbəttə ki, xalqın bu seçimini şərtləndirən bir çox amillər vardır. İlk növbədə qeyd olunmalıdır ki, Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar. 2018-ci il prezident seçkilərinin nəticələri bir daha Azərbaycan xalqının iradəsini əks etdirdi, vətəndaşlarımızın görülən işlərə yüksək qiymət verdiyini təsdiq etdi. Azərbaycan xalqı inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verdi. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşdü. Bu, bir daha onu göstərdi ki, seçkilər xalqın iradəsini əks etdirib. Təsadüfi deyil ki, keçirilmiş seçkilər barədə beynəlxalq rəy də kifayət qədər yüksək idi. Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdir: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”.

Həmçinin vurğulamaq lazımdır ki, 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Təbii ki, yaranmış vəziyyətdə seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi də, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin bir təzahürü idi. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Bu islahatlar isə təbii ki, ölkənin inkişafını sürətləndirən amil kimi çıxış edirlər.
Prezident İlham Əliyev hər zaman deyir: “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”. Həyata keçirdiyi daxili və xarici siyasət kursunun əsas istiqamətlərinin müəyyən edilnəsində məhz bu baza prinsipinə əsaslanan dövlətimizin başçısı qtisadiyyat sahəsində də islahatların təşəbbüskarı kimi çıxış edir. Buna görə də 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.

2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir.

Həmçinin 2003-2018-ci illər milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi əlamətdar olub. Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Qeyd olunan illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin, həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olundu. Məhz bu amillər də nəticə etibarı ilə 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini təmin edən amillərdən oldu.

Bu gün ölkə ictimaiyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən son bir neçə ildə həyata keçirilən və ölkəmizdə milli və siyasi həmrəylik mühitinin formalaşmasına xidmət edən mütərəqqi təşəbbüslərinin müsbət nəticələrini aşkar şəkildə müşahidə etməkdədir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu təşəbbüslər milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin əsl təcəssümünə çevrilib.

Şəhla Hacıbalayeva,
M.Şeyxzadə adına Ağdaş Texniki, Təbiət və Humanitar
fənlər təmayüllü Gimnaziyanın direktoru




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024