Mobil versiya
Aprel döyüşləri - böyük Zəfərin başlanğıcı
Tarix: 04-04-2022 | Saat: 16:19
Bölmə:Seçki 2024 | çapa göndər

Aprel döyüşləri - böyük Zəfərin başlanğıcı



Tariximizə böyük Zəfərin başlanğıc günü kimi düşən Aprel döyüşlərindən 6 il ötür. 2016-cı ilin aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirdi və düşməni ağır məğlubiyyətə uğratdı. Nəticədə, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi və bir neçə yüksəklik işğaldan azad edildi. Həmçinin, Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Muharibədən keçən cəmi iki ay ərzində Cocuq Mərcanlı kəndi tamamilə yenidən quruldu və sakinlər öz doğma obasına qaytarıldı. Bununla da Böyük Qayıdışa start verilmiş oldu.

Dörd günlük müharibə aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin qondarma Dağlıq Qarabağ Republikasının hərbi birləşmələri arasında baş vermiş bir münaqişə idi. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlərdən olub. Döyüşlər Silahlı Qüvvələrimizin Qələbəsi ilə nəticələnmişdir. Talış kəndi ətrafındakı yüksəkliklər Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Gülüstan kəndi, Qazaxlar kəndi və Suqovuşan kəndi istiqamətində ərazilər düşməndən azad olunmuşdur.
Aprelin 4-ü ermənistan ordusu itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə - Tərtər və Xocavənd – Füzuli istiqamətində mövqelərimizə yenidən hücum etdi və təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti nəticəsində düşmən məqsədinə nail ola bilmədi. Hazırlıqlı bölmələrimiz tərəfidən düşmənin Suqovuşan məntəqəsindəki hərbi qərargahına və erməni könüllüləri daşıyan avtobusa zərbələr endirildi.

Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bu döyüşlərdə 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. 30-dək düşmənin tank və zirehli texnikası, 25-dən artıq artileriya qurğusu sıradan çıxardıldı. Aprel döyüşlərindən sonra Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə Vyanada görüş keçirdilər. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması haqqında razılıq əldə edildi.

Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzli ölkələr Aprel döyüşləri ilə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin Sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, Qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın qazandığı diplomatik uğurlar ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur.

Ermənilər özləri haqqında mif yaratmışdılar ki, guya Sovet vaxtı erməni generalları, marşalları olub və onların döyüş təcrübəsi güclüdür. Guya onların sayı az olsa da Azərbaycan üzərində qələbələr qazana bilər. Amma, Azərbaycanda sərkərdə və əsgər birliyi, o cümlədən texnoloji üstünlük onu göstərdi ki, bu ermənilərin mifi yalandan başqa bir şey deyil. Aprel döyüşlərindən sonra artıq beynəlxalq hüquq yada düşməyə başladı. Təəssüf ki, böyük dövlətlər kampaniya xarakterli təbliğat apardılar və yenə də Qafqazda müsəlman dünyasının içində xristian anklavını yaradaraq onu bəsləyib yemlədilər və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə imkan vermədilər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmişə bəyan edib ki, Ermənistanın müstəqil bir ölkə kimi fəaliyyəti qonşularla münasibətlərini tənzimləməkdən və öz qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarmaqdan asılıdır. Lakin Ermənistan Aprel döyüşlərindən sonra da dinc dayanmadı, Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirdi. Tovuz və Naxçıvan istiqamətindəki döyüşlər bunun bariz nümunəsidir.

Dövlət başçısının Aprel döyüşləri barədə fikirlərinə diqqət edək: "Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın".

Ali Baş Komandanın bu sözləri ilə bir daha təsdiqləyir ki, Azərbaycan hər zaman haqq yolunda olub və daim bu yoldan gedərək qərarlar alıb. Necə ki, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan xalqının 30 ilə yaxın idi ki, gözlədiyi o QƏRAR verildi. Və çox qısa müddətdə - cəmi 44 günə Ermənistan ordusu tamamilə məhv edildi, dövləti isə diz çökdürüldü. Nəticədə 10 noyabr tarixli kapitulyasiya (təslim) aktına imza atdı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi və Dağlıq Qarabağ münaqişəsi ifadəsi tarixdə qaldı.

Təbii ki, 44 günlük Vətən müharibəsində əldə edilən şanlı zəfər məhz Aprel döyüşlərindən qaynaqlandı. İstər xalqımızın, istərsə də hərbçilərimizin onsuz da dərin olan milli vətənpərvərlik ruhu məhz 2016-cı ilin Aprelində yenidən oyandı. Bu döyüşlər həm də Azərbaycan Ordusunda bundan sonra nəyi necə etməyi qətiləşdirdi, düşmən mövqelər və onların potensialı öyrənildi. Nəticədə, 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ savaşı, digər adı ilə Vətən Müharibəsi ilə Azərbaycan öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı.

Ona görə də Aprel döyüşləri hər zaman Azərbaycan dövləti və xalqı üçün Vətən Müharibəsinin bir parçası olaraq daim müqəddəs tarix kimi xatırlanacaq.


Rövşən Qayayev
YAP Qazax rayon təşkilatının əməkdaşı
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024