Mobil versiya
Aprel döyüşləri əsil vətənpərvərlik və qəhrəmanlıq nümunəsi olmaqla Vətən müharibəsindəki möhtəşəm qələbəni şərtləndirdi
Tarix: 04-04-2022 | Saat: 16:15
Bölmə:Seçki 2024 | çapa göndər

Aprel döyüşləri əsil vətənpərvərlik və qəhrəmanlıq nümunəsi olmaqla Vətən müharibəsindəki möhtəşəm qələbəni şərtləndirdi


Xalqımız gənc nəslin Vətənə məhəbbət, xalqa, elə-obaya hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına daim böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır və apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Bu baxımdan 2016-cı ilin 2-5 aprel tarixli döyüşləri daha bir qəhrəmanlıq nümunəsinə çevrildi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 1994-cü il may ayının 12-də Atəşkəs əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri mövqelərimizə daim atəş açıb, dinc əhaliyə, yaşayış yerlərinə zərər vurmuşdur. Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. Gün ərzində Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirilmişdir. İgid oğullarımızın qanı bahasına erməni qəsbkarlarından Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi, Füzuli rayonu istiqamətində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik "Lələ təpə" adlandırılan yüksəklik onlarla igid Vətən oğlunun şəhidlik zirvəsinə ucalması hesabına azad edilmişdir. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanılmasına şərait yaranmışdır. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixdə "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır.

"Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”, - deyən Ali Baş Komandan İlham Əliyev hər zaman qətiyyətlə bildirir ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcəkdir. 2016-cı ilin apreli bu qətiyyətin başlanğıcı oldu. Bu, Azərbaycan Ordusunun böyük tarixi qələbəsi idi. Bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə xalqın birliyinin qələbəsi kimi tarixləşdi. Əminliklə təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir, ordu xalqa arxalanır. Bu qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi rəyin puç olduğunu da təsdiqlədi.

Zaman-zaman Azərbaycanın oğul və qızları "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılıblar. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Göygöl rayonu 156 nəfər şəhid verib, 3 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Şanlı Aprel döyüşlərində isə Göygöl rayonunun igid oğlu – Bağırov Sərxan Azər oğlu qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Sərxan Bağırov "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan dövlət qayğısı həmişə yüksək səviyyədədir. Tarixə "Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Məhz, Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin “Dəmir yumruğu” öz sözünü dedi və 44 günlük müharibədə Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024