Mobil versiya
Aprel döyüşlərinin mühüm nəticələrindən biri hərbi-psixoloji üstünlüyün Azərbaycan tərəfinə keçməsi idi
Tarix: 02-04-2022 | Saat: 20:01
Bölmə:Seçki 2024 | çapa göndər

Aprel döyüşlərinin mühüm nəticələrindən biri hərbi-psixoloji üstünlüyün Azərbaycan tərəfinə keçməsi idi

Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yanaşı, həm də dünyaya, xüsusilə də torpaqlarının bir hissəsi işğal altında olan bir çox ölkələrə nadir nümunə göstərdi. Azərbaycan Ermənistanın uzun müddətdir davam edən təxribatlarına lazımı anda cavab verdi. Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” tezisi, əslində, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin geosiyasi fəlsəfəsini çox dəqiq şəkildə ifadə edir. Aprel döyüşlərinin 6-cı ildönümünü qeyd etdiyimiz bu günlərdə biz Vətən müharibəsinə daha geniş baxış bucağından yanaşmaq imkanına sahibik.
Məlum olduğu kimi, 2016-cı il aprelin 2-də Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması əks-həmlə əməliyyatını zərurətə çevirdi. Azərbaycan Silahlı Qüvvələri Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində bəzi mövqeləri düşməndən azad etdi. Bu, Ermənistanın işğal altındakı ərazilərdə qurduğu “keçilməz sədd” kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələn strateji əhəmiyyətli qələbə idi.
Buna görə də bir çoxları, o cümlədən yerli və xarici ekspertlər Aprel döyüşlərini “44 günlük müharibənin məşqi” adlandırırlar. Onlar xeyli dərəcədə haqlı ola bilərlər, lakin müharibələr həm də təhlükəsizlik baxımından açıqlanması məqsədəuyğun hesab edilməyən gizli strategiyalara əsaslanır. Bununla belə, Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilən bu əməliyyatın tərəflərin qüvvələr nisbətini üzə çıxarmaq, geosiyasi mənzərəni, regionda təsiri olan qüvvələrin maraq və mənafelər dairəsini aydınlaşdırmaq baxımından mühüm rol oynadığını demək mümkündür.
Aprel döyüşlərini işğalçı Ermənistanı sülhə məcbur etmək cəhdi kimi də qiymətləndirilə bilər. Belə ki, Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri hərbi-psixoloji üstünlüyün Azərbaycan tərəfinə keçməsi idi. 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra formalaşmış təsəvvürlər alt-üst oldu. Ona görə ki, 2016-cı ilə qədər bir çoxları yeni müharibənin status-kvonu dəyişməyəcəyini düşünürdü. Azərbaycan Ordusu döyüş meydanında nəyə qadir olduğunu göstərdi. 2016-cı ilin aprelindən sonra 20 ildən çox bir müddətdə formalaşmış bu baxış əsaslı şəkildə dəyişdi.
Hərbi əməliyyatların dayandırılmasından sonra aparılan danışıqlarda irəliləyişin əldə olunmamasına baxmayaraq, Ermənistanın getdikcə daha çətin duruma düşdüyünü artıq beynəlxalq ekspertlər də, danışıqlar prosesinin bütün iştirakçıları da anlayırdı. 2016-cı ildən 2020-ci ilə qədər olan dövrdə baş verən bir çox hadisələr, əslində, Azərbaycanın öz torpaqlarını azad etmək üçün bütün imkanlarını səfərbər etdiyini göstərirdi.
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra sülhə inamı artırsa da, daha sonrakı mərhələdə bu ümidlərin əsassız olduğu üzə çıxdı. 2020-ci ilin sentyabrında Azərbaycan Ordusunun mövqelərinə və dinc yaşayış məskənlərinə Ermənistan silahlı qüvvələri tərəfindən endirilən zərbələr müharibənin başlanmasını qaçılmaz etdi. Azərbaycanın genişmiqyaslı hücumlara cavab olaraq həyata keçirdiyi əməliyyatlar qısa müddətdə Ermənistan ordusunun darmadağın edilməsi və yüzlərlə şəhər, qəsəbə və kəndlərimizin azad olunması ilə başa çatdı. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentləri, Ermənistanın baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanatı imzaladılar. Bəyanat, faktiki olaraq Ermənistanın kapitulyasiya aktı idi.
Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşləri, habelə 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərinin hər biri 2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərin ayrı-ayrı sütunları kimi nəzərdən keçirilə bilər.

Habil İsmayılov,
YAP Göygöl rayon təşkilatı üzrə Haçaqaya kənd ərazi partiya təşkilatının sədri

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024