Mobil versiya
Cənab İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir
Tarix: 02-04-2022 | Saat: 18:25
Bölmə:Seçki 2024 | çapa göndər

Cənab İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilib. Seçkilərdə inamlı qələbə qazanmış İlham Heydər oğlu Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içib və növbəti 7 il üçün səlahiyyətlərinin icrasına başlayıb. Əgər ötən illərə nəzər salsaq, Azərbaycan xalqının öz seçimində yanılmadığının, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunun bir daha şahidi oluruq.
11 aprel - xalqın öz Prezidentinə və iqtidarına inamını, güvənini bir daha rəsmi şəkildə müəyyənləşdirdiyi tarixdir. Məlum olduğu kimi, bu tarixdə xalqımız və dövlətimiz üçün çox əlamətdar hadisə baş verdi. Ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi və növbəti dəfə dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevə yüksək etimad nümayiş etdirildi. Xalqımız öz layiqli və ədalətli seçimini edərək sabitliyin, dinamik inkişafın, uğurlu daxili və xarici siyasətin dəstəkləndiyini bir daha təsdiqlədi və Prezident İlham Əliyevin seçkidə inamlı qələbə qazanmasını təmin etdi.
Azərbaycan Respublikasının inkişafının 2013-2018-ci illər dövrü həm də ölkəmizin siyasi dialoq məkanına çevrildiyi bir mərhələdir. Bu tarixi mərhələdə Azərbaycanda keçirilmiş mədəniyyətlərarası və dinlərarası dialoq tədbirləri beynəlxalq aləmdə qarşıdurmaların azaldılmasına, ziddiyyətlərin danışıqlar və müzakirələr yolu ilə, sülh şəraitində aradan qaldırılmasına, xalqlar və ölkələrarası inteqrasiyanın dərinləşdirilməsinə və genişləndirilməsinə xidmət etmişdir. Hətta bir çox münaqişəli məsələlərin müzakirə edilməsi üçün tərəflərin Azərbaycanı, Bakı şəhərini seçməsi və həmin məsuliyyətli görüşlərin tam təhlükəsizlik şəraitində və yüksək səviyyədə keçirilməsinin təşkili Azərbaycan Respublikasının beynəlxalq aləmdə qazandığı böyük imicin real göstəricilərindəndir.Beləliklə, 2013-2018-ci illərdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət və həyata keçirdiyi uğurlu islahatlar nəticəsində Azərbaycan Respublikası lider dövlətlərdən biri səviyyəsinə yüksəlmişdir. Artıq İlham Əliyev dünyanın tanınmış, aparıcı ölkələrinin liderləri ilə müqayisə oluna biləcək yeni tipli və müstəqil siyasət aparan dövlət xadimi kimi qəbul edilmişdir. Bu isə öz növbəsində Azərbaycan Respublikasında müstəqillik dövrünün İlham Əliyev erasının yarandığını diqqət mərkəzinə çəkmişdir. İlham Əliyev erası - müstəqillik tariximizin davamlı və dayanıqlı inkişafının, sürətli və hərtərəfli yüksəlişinin xüsusi inkişaf mərhələsi olub, sistemli şəkildə inkişafda olan və perspektivli bir ölkə səviyyəsinə çatmasını, daha böyük gələcəyə doğru inamla getməsini özündə əyani surətdə ifadə edən tarixi bir dövrdür.
11 aprel 2018-ci ilə keçirilməsi respublikada daha böyük və genişmiqyaslı islahatlar naminə atılmış addım idi. Seçkiqabağı proseslərdə namizədlikləri irəli sürülmüş 13 nəfər iddiaçıdan Mərkəzi Seçki Komissiyasında iddiası təsdiq olunmuş 8 nəfər namizədin iştirakı ilə keçirilmiş demokratik seçkilərdə həm də yeni nəsil siyasətçilərin iştirak etməsi əlamətdar hal hesab olunmalıdır. Dövlət müstəqilliyinin bərpa edilməsindən sonra Azərbaycan Respublikasında keçirilmiş ilk növbədənkənar prezident seçkisi olan bu səsvermədə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin 3 394 898 seçicinin etibarını qazanaraq 86,02 faiz səs toplaması seçkilərdə tam inamlı qələbənin əldə olunması deməkdir. Bu, Azərbaycanın müstəqillik tarixinə ilk növbədənkənar prezident seçkisi olmaqdan başqa, həm də güclü dövlət, güclü xalq və güclü liderin üzvü vəhdəti səviyyəsində qazanılan mühüm qələbə kimi də yaddaşlara yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin 18 aprel 2018-ci il tarixdə keçirilmiş andiçmə mərasimindəki nitqində növbədənkənar seçkilərin fəlsəfəsi xalqımıza çatdırılmaqla bərabər, həm də sanki yaxın gələcəkdə ölkəmizi gözləyən II Qarabağ - Vətən müharibəsinin də anonsu verilmişdir: “Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır... Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaransın... Bu reallıq həm də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir... Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır... Bu onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Bu onu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha güclü olmalıyıq və olacağıq!”
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, sərkərdəlik məharəti və “dəmir yumruğ”u nəticəsində 2020-ci ilin 44 günlük II Qarabağ - Vətən müharibəsində Ermənistanın 30 illik işğalından sonra Qarabağda qazanılmış tarixi Zəfər çoxəsrlik Azərbaycan tarixinin nadir və təkrarsız hadisəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılmış Zəfərlə ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir. Qarabağ Zəfəri regionda və dünyada yeni reallıqları meydana çıxarmış, daha böyük gələcəyin qurulmasına təkan vermişdir.Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə davam etdirilən işğaldan azad edilmiş torpaqlarımıza Böyük qayıdış hərəkatı Qarabağda dağıdılmış kəndlərin və şəhərlərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, həm də bütövlükdə müstəqil Azərbaycanın daha güclü və parlaq gələcəyini də aydın şəkildə təsəvvür etməyə imkan verir. Prezident İlham Əliyevin Ermənistan dövləti ilə sülh sazişi bağlamaq istiqamətindəki ardıcıl səyləri dövlət rəhbərimizin sülhsevərlik missiyasını dünyaya bəyan edir. Postmüharibə dövründə Zəngəzur və Laçın dəhlizlərində nəqliyyat-kommunikasiya qovşaqlarının yaradılması, bu logistika dəhlizlərinin açılması uğrunda apardığı davamlı mübarizə Prezident İlham Əliyevin həm ölkəmizin və həm də region dövlətlərinin inkişafına növbəti töhfəsi olacaqdır.Artıq dünyada Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev Qalib Prezident, xalqımız isə Qalib xalq kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlət rəhbərinin çoxcəhətli xidmətləri ilə yanaşı, onun liderlik istedadının və beynəlxalq nüfuzunun dövlətlər səviyyəsində etiraf olunması deməkdir.
Müstəqil Azərbaycan dövləti Müzəffər Prezident və Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük gələcəyə doğru qətiyyətlə addımlamaqda davam edir. Dünya liderləri sırasında xüsusi yeri və xalqımız qarşısında böyük xidmətləri olan Prezident İlham Əliyevin çoxcəhətli və yorulmaz fəaliyyətinin işığında Azərbaycanın hər sabahı daha parlaq və uğurlu görünür.

Anar Məmmədov – YAP Gədəbəy rayon təşkilatının əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024