Mobil versiya
Sahibə Abdullayeva: “1918-ci ilin mart-aprel soyqırımları tarixdə məlum olan ən qəddar qətliamlardan biri kimi qiymətləndirilməlidir”
Tarix: 31-03-2022 | Saat: 12:00
Bölmə:Seçki 2024 | çapa göndər

Sahibə Abdullayeva: “1918-ci ilin mart-aprel soyqırımları tarixdə məlum olan ən qəddar qətliamlardan biri kimi qiymətləndirilməlidir”

1918-ci ilin mart-aprel soyqırımları təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda ölkə ərazisində yaşayan digər millət və xalqlara qarşı həyata keçirilməklə, özünün amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biri kimi dəyərləndirilməlidir: Bu qırğınlarda qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. Həmin dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdular. Həmçinin soyqırımının gedişində on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da erməni daşnakları tərəfindən qılıncdan, süngüdən keçirilərək diri-diri yandırılmışdılar. Bütün bu hadisələrdə əlbəttə ki, “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır. Belə ki, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Heç şübhəsiz 1918-ci ilin mart-aprel soyqırımları istər amansızlığına, istərsə də miqyasına görə dünya tarixində məlum olan ən qəddar qətliamlardan biri kimi qiymətləndirilməlidir.

Bunu saytımıza verdiyi açıqlamasında Gəncə şəhər Əhməd Cavad adına 2 saylı tam orta məktəbin direktoru Sahibə Abdullayeva deyib.

Müsahibimiz qeyd edib ki, ötən iki əsr ərzində ermənilər Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddiaları zəminində davamlı olaraq xalqımıza qarşı ağır və kütləvi cinayət əməlləri törədiblər: “Hər zaman kütləvi qırğınlar və deportasiyalarla müşayiət olunan belə cinayətlərdən biri də 1918-ci ildə törədilmiş mart soyqırımlarıdır: “Bakı qırğınları ilə yanaşı Şamaxı və Quba qətliamlarının da ciddi şəkildə araşdırılması tələb olunur. Məsələ bundadır ki, Şamaxı hadisələri ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün bu istiqamətdə tədqiqat işləri hələ də davam etdirilir və bu səbəbdən erməni cinayətlərinin tam mənzərəsi hələ də formalaşmayıb. Ekspertlərin ilkin rəyinə əsasən Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. Daha sonrakı araşdırmalar nəticəsində isə müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, şəhərin 40 kənd və obasında isə daha 6-8 min nəfər qətlə yetiriblər. Həmçinin Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur”, - deyə S.Abdullayeva bildirib.

Daha sonra müsahibimiz öz fikirlərini davam etdirərək xüsusi olaraq vurğulayıb ki, ermənilərin xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır: “Etiraf olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra “Mart qırğınları” mövzusu da qadağan olunmuş mövzuya çevrildi. Yalnız xalqımız öz müstəqilliyini bərpa etdikdən sonra, 1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə müvafiq siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Ulu Öndər tərəfindən imzalanmış bu Fərman 1918-ciil hadisələri ilə bağlı aparılan tədqiqatlara yeni güclü təkan verdi. Məhz bundan sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu isbat edir.”

Müsahibəsinin sonunda S.Abdullayeva Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəsilə təkcə öz torpaqlarını işğaldan azad etmədiyini, eyni zamanda bütün Cənubi Qafqaz xalqalrını da erməni faşizmindən qurtardığını vurğulayaraq bunları deyib: “Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq özünün müstəqillik əzmini qoruyub saxladı, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirdi, xüsusilə 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail oldu. Nəhayət 2020-ci ilin sentyabr ayının 27-də başlanmış və cəmi 44 gün davam edən hərbi əməliyyatların nəticəsi olaraq Azərbaycan 30 il davam edən işğala son qoydu və öz ərazi bütövlüyünü bərpa etdi. Eyni zamanda da Azərbaycan dövləti bu Zəfərlə artıq uzun illər bütün Cənubi Qafqaz xalqlarını təhdid edən erməni faşizminin belini qırdı. Xalqımızın əldə etdiyi bu tarixi Qələbə Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir” – deyə, Sahibə Abdullayeva öz fikirlərini tamamlayıb.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024