Mobil versiya
31 Mart soyqırımından 104 il ötür
Tarix: 31-03-2022 | Saat: 15:54
Bölmə:Seçki 2024 | çapa göndər

31 Mart soyqırımından 104 il ötür

1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacaq. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1906-cı illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman, erməni millətçilərinin azərbaycanlılara qarşı iki əsr davam edən cinayətkar əməllərinə verilən siyasi qiymət olmuş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.
Bütün dünya ölkələrini faşizm ideologiyası ilə düşünən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aktlarını tanımağa, insanlıq əleyhinə törədilmiş bu müdhiş cinayətlərə qiymət verməyə çağırırıq.

Soyqırım qurbanlarının əziz xatirələrini dərin hüzn və ehtiramla anır, onlara Allahdan rəhmət diləyirik!

Pünhan Qasımova,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Suvarma
Sistemlər İdarəsi ərazi partiya təşkilatının sədr müavini
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024