Mobil versiya
Azərbaycanda idmanın inkişafı istiqamətində yürüdülən siyasət davamlı olacaq
Tarix: 26-03-2022 | Saat: 13:56
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycanda idmanın inkişafı istiqamətində yürüdülən siyasət davamlı olacaq

Məlum olduğu kimi, ölkəmizdə idman sahəsində əldə edilən uğurlar uzun illərdir aparılan məqsədyönlü siyasətin, düşünülən proqramın inamla reallaşdırılmasının məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev martın 17-də 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən bu barədə ətraflı söhbət açaraq, idmançılarımızın da ölkəmizə ləyaqətlə xidmət göstərdiklərini bildirib.
Ölkə rəhbəri Azərbaycanın idmanın bütün növlərində, o cümlədən güləşdə rəqabətin ildən-ilə artdığını, müxtəlif ölkələrdə keçirilən yarışlarda güclü idmançılarımızın üzə çıxdığını vurğulayaraq, gənc güləşçilərimizin Avropada birinci yerə yüksəlməsini böyük nailiyyət kimi dəyərləndirib: “Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm də gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər”.


Prezident İlham Əliyev, həmçinin güləşin Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yer tutduğunu, milli idman növü olaraq daim diqqətdə saxlanıldığını, ölkəmizin bütün dövrlərdə – istər sovet, istərsə də müstəqillik illərində həm də güclü güləşçilərimizlə tanındığını diqqətə çatdırıb: “Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir. Əminəm ki, bu yaxınlarda medallar qazanmış idmançılar arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionları olacaqlar. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə əminəm ki, Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Hər halda Avropada gənclər arasında biz birinciyik və mənə verilən məlumata görə, çempionatda 34 ölkə iştirak edirdi. Bunu nəzərə alaraq, bir daha qeyd etmək istəyirəm ki, bu, doğrudan da böyük nailiyyətdir...”.
Azərbaycan Prezidenti çıxışında ölkəmizdə idmanın dövlət siyasəti olduğunu, prioritet istiqamət kimi daim diqqətdə saxlanıldığını və bu sahədə qabaqcıl dövlətlərin sırasında yer aldığını və buna görə də beynəlxalq idman qurumları tərəfindən Azərbaycana hər zaman böyük rəğbətlə yanaşıldığını bəyan edib. Bunun məntiqi nəticəsidir ki, respublikamızda indiyədək dünya səviyyəli iki tədbir–Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları keçirilib. Təkcə bu fakt, yəni bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin gerçəkləşdirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının Azərbaycana olan münasibəti kimi dəyərləndirilib.

Dövlətimizin başçısı nitqində idmanın bundan sonra da diqqət mərkəzində saxlanılacağını, idmanın kütləviliyinin təmin ediləcəyini və bütün bölgələrdə mövcud infrastrukturdan səmərəli istifadə olunmasının vacibliyini, bu sahədə istedadlı uşaqların seçilib onlara qayğı, diqqət göstərilməsini, habelə ölkəmizdə bundan sonra təşkil olunacaq beynəlxalq yarışların davamlı xarakter almasının zəruriliyini qeyd edib.
Ölkə rəhbərinin sözləri ilə desək, Azərbaycan torpaqları işğal altında olduğu 30 il ərzində idman sahəsində əldə edilən uğurlar, bayrağımızın qaldırılması, himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Zaman göstərdi ki, bu əminlik əbəs olmayıb.
Bu baxımdan dövlət başçısının nitqində idmançılara müraciəti də mühüm əhəmiyyət daşıyır: “Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq, o cümlədən İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar... Biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik. Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq. Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq...”.
Dövlətimizin başçısı çıxışının sonunda azad edilmiş torpaqlarda idmanın inkişafına da xüsusi önəm veriləcəyini xatırladaraq, indidən bu işlərlə məşğul olunduğunu, Qarabağ və Şərqi Zəngəzurda stadionlar, idman kompleksləri və digər idman qurğularının tikiləcəyinin bütün şəhərlərin Baş planlarında öz əksini tapdığını da diqqətə çatdırıb. Bütün bunlar onu göstərir ki, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, Azərbaycanda idmanın inkişafı istiqamətində yürüdülən siyasət davamlı olacaq.

Zamir Hüseynov,
YAP Göygöl rayon təşkilatının məsul işçisi

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024