Mobil versiya
Azərbaycanın təşəbbüsləri bütün insanlığın rifahına xidmət edir
Tarix: 17-03-2022 | Saat: 12:00
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycanın təşəbbüsləri bütün insanlığın rifahına xidmət edir

Ulu Öndər Heydər Əliyev hələ 1998-ci ildə demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Liderin bu vəsiyyətini də yerinə yetirdi. 2020-ci il tariximizə Qələbə ili kimi yazıldı. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın dünyaya nümunə olan dəmir yumruq kimi birliyinin, həmrəyliyinin sayəsində 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, xalqımızın illərdir dilədiyi torpaqlarımıza qovuşmaq istəyi, arzusu reallaşdı. Ötən il dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və ailə üzvləri Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamızda Cıdır düzündə Novruz tonqalını alovlandırdılar. Prezident İlham Əliyev bu məkandan müraciətində “Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” söyləyərək işğalçı Ermənistana və ona 30 ilə yaxın dövrdə dəstək verən havadarlarına mesajlarını çatdırdı. Azərbaycan xalqının məğrur, yenilməz xalq olduğunu bir daha dünyaya göstərən şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirdi. Son iki ildə xalqımız birlik, həmrəylik, ruzi-bərəkət bayramı olan Novruzu xoş ovqatda qeyd edir, arzularımız yeniləri ilə əvəzlənərək soydaşlarımızın Böyük Qayıdışının gerçəkləşməsi fonunda Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın biri-birindən möhtəşəm uğurlara imza atacağına əminlik ifadə olunur.

Məlum olduğu kimi, Novruz sözünün mənası yeni gün deməkdir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə – Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bunun səbəbi isə bir sıra qədim inanclara görə kainatın 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranması və təbiətin həmin bu ünsürlər üzrə oyanışının qeyd olunmasıdır.

Hər bir xalq, millət öz milli-mənəvi dəyərləri, adət-ənənələri ilə tanınır. Azərbaycan xalqı öz dəyərlərini qoruyan, inkişaf etdirən, gələcək nəsillərə çatdıran xalq kimi nüfuz qazanıb. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olan milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstəyi təqdir edilərək 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyimizə yol açdı. Təsadüfi deyil ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilib. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu, bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı günü-gündən artır. Çünki bu təşəbbüslər təkcə xalqımızın deyil, bütün bəşəriyyətin rifahına xidmət edir.

Nəbi İsgəndərov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Cəlilabad rayon Komitəsinin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024