Mobil versiya
Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir
Tarix: 16-03-2022 | Saat: 19:30
Bölmə:Seçki 2024 | çapa göndər

Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir

Xalqımızın mühüm milli simvollarından birinə çevrilən, müasir dövlətimizin milli quruculuq siyasətində mühüm rol oynayan Novruz Azərbaycan xalqının müqəddəs bayramıdır. Qədim zamanlarda bizim əcdadlarımız bu bayramı yaradıb və bu bayram min illərlə yaşayıb, xalqımıza, millətimizə həmişə səadət, xoşbəxtlik, sevinc gətiribdir, xalqımıza güc veribdir.

XX əsrin əvvəllərində – 30-cu illər stalinizm repressiyaları dövründə milli mədəniyyətimiz bütövlükdə repressiyalara, bir çox hallarda məhvə məruz qaldığı kimi, bu qanlı təqiblər Novruz bayramından da yan keçmədi. Qırmızı İmperiyanın, yəni Sovetlər quruluşunun vaxtında Novruz bayramına sırf dini bayram donu geydirib, onu milli mədəniyyətimizdən silməyə çalışırdılar. Bu bayrama İslam dininin qalığı kimi baxan bolşevizm bütün cəhdlərə baxmayaraq, onu xalqın yaddaşından silə bilmədi. Öz tarixi ənənələrinə sadiq qalan xalq bu mərasimin meydanlarda olmasa da, mənzillərdə keçirilməsinə nail oldu. Bu bayramı Azərbaycan xalqının ailə-məişətindən, milli yaddaşından sıxışdırıb atmaq mümkün olmadı. Bir sözlə, nə bolşevik təbliğatı, nə də hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər illərlə gendə köklənmiş Novruzu yaddaşlardan birdəfəlik silə bilmədi.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Novruz gününə aparan yol dörd mərhələdən – çərşənbədən keçir. Bunlar su, od, yel və torpaq çərşənbələridir. Hər bir çərşənbənin özünün ritualları var. Bayram günü süfrəni bəzəyəndə 7 cür nemət masaya qoyulur. Yeddi rəqəmi azərbaycanlıların düşüncəsinə görə müqəddəs olduğundan süfrədə 7 cür xörək, 7 cür şirniyyat və 7 cür qovurğanın olması xalqımız tərəfindən vacib sayılır. Müxtəlif bölgələrdə bayram süfrəsi üçün hazırlanan yemək çeşidləri də fərqlidir.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Ulu Öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatdı, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzuladı.
Ulu Öndərin ideyalarına hər bir məsələdə tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edərək çağdaş dövrün reallıqları ilə şərtlənir. Prezident İlham Əliyevin xalqımıza Novruz təbrikində bu mövqe bir daha aydın görünməkdədir. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı demişdir: "Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir".
Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa arzulayıram. Qələbələr hər zaman dövlətimizə, xalqımıza nəsib olsun.

Niyazi Nəcəfov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Şirvan Şəhər Komitəsinin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024