Mobil versiya
MÜƏLLİMİN ŞAGİRDLƏRƏ İZAH ETDİYİ HƏR BİR MATERİAL ONLARIN AĞLININ, HİSSİNİN QİDA MƏNBƏYİNƏ ÇEVRİLMƏLİDİR
Tarix: 28-02-2022 | Saat: 11:35
Bölmə:Təhsil | çapa göndər

MÜƏLLİMİN ŞAGİRDLƏRƏ İZAH ETDİYİ HƏR BİR MATERİAL ONLARIN AĞLININ, HİSSİNİN QİDA MƏNBƏYİNƏ ÇEVRİLMƏLİDİR

UŞAQ İNKIŞAFININ DİNAMİKASINA QISA NƏZƏR

Məlumdur ki, pedaqoji-psixoloji xidmətin məqsədi – uşaqların və məktəblilərin hərtərəfli pedaqoji-psixoloji inkişafı, vəziyyəti isə – məktəbəqədər və məktəb dövründəki bütün yaş mərhələlərində psixi, şəxsi, o cümlədən fərdi inkişafa kömək etməkdir.
Bu məqsəd və vəzifələrə nail olmaq, yəni uşağın hər bir yaş mərhələsini hərtərəfli hiss etməsi və yaşaması, entogenizin müəyyən mərhələsinə uyğun gələn psixi, şəxsi və fərdi inkişaf imkanlarını realizə etməsi üçün ən mühüm şərt məktəbdə əlverişli psixo-pedaqoji şəraitin yaradılmasıdır. Bu baxımdan, uşağın və məktəblinin fərdiliyinə diqqət yetirmək də hər bir müəllim üçün çox önəmlidir. Belə ki, şəxsiyyətin formalaşmasında onun fərdi xüsusiyyətlərinin inkişaf etdirilməsinin vacibliyi, təlim-tərbiyə prosesinin məzmunlu təşkili və hər bir uşağa fərdi yanaşmanın həyata keçirilməsi ilə bilavasitə əlaqədardır.
Uşağın hər hansı bir fəaliyyət növünə yiyələnməsi yalnız böyüklərlə ünsiyyət, qarşılıqlı əlaqə formasında və bilavasitə müəllimin rəhbərliyi altında mümkündür. Buna görə də ünsiyyət uşağın psixi və şəxsi inkişafının zəruri şərti, onun ilk sosial ehtiyacıdır. Bu ehtiyacın təmin olunması körpə yaşlarda, yəni uşağın qayğı və nəvazişə, emosional kontakta xüsusi ehtiyacı olduğu bir dövrdə müstəsna əhəmiyyət kəsb edir. Uşaqlarda ehtiyac böyüklərlə emosional – səmimi münasibət vasitəsilə təmin olunur. Belə bir ünsiyyətin çatışmazlığı isə “hospitalizm effektinə”, yəni uşağın ümumi inkişafını tormozlayan ləng emosional inkişafa gətirib çıxarır. Böyüklərlə, ünsiyyət hər bir yaş mərhələsində şəxsiyyətin formalaşmasında özünəməxsus funksiyalar yerinə yetirir. İnkişafın ilk mərhələlərində ünsiyyətin forma, məzmun və vəzifələri uşaqların əşyalar aləmini qavraması ilə bağlıdır. Böyüklərlə ünsiyyət prosesində digər insanlarla təmasda olmaq tələbatı insanlara və ətraf aləmə emosional münasibəti formalaşdırır, psixi proseslər, əşyalarla əl oyunları inkişaf edir və yalnız 6-7 yaşa yaxın uşaqda “şəxsi kommunikativ fəaliyyət” yaranmağa başlayır.
Müşahidələr göstərir ki, təlim prosesində müəllimlərlə şagirdlər arasında bir sıra konfliktlər meydana çıxır. Onlar eyni zamanda ailədə də özünü müxtəlif səviyyədə göstərir. Bu konfliktlər əsasən “böhranlı yaş” dövrü ilə əlaqədar yaranır. Bunu müəllim və valideynlər mütləq nəzərə almalıdır. Müasir yaş psixologiyasında uşaqların məktəbli kimi inkişafı aşağıdakı mərhələlər üzrə bölünür:
– məktəbəqədərki dövr – 5 yaşdan 6-7 yaşadək
– ibtidai məktəb dövrü – 6-7 yaşdan 10 yaşadək
– yeniyetmə dövrü – 10 yaşdan 14 yaşadək
– erkən gənclik dövrü – 15 yaşdan 16-17 yaşadək
L.S.Vqotski yaşı nisbətən qapalı inkişaf mərhələsi kimi nəzərdən keçirmişdir. Onun fikrincə, yaşın əhəmiyyəti ümumi inkişaf dövriyyəsindəki yeri ilə müəyyənləşir. L.S.Vqotski tərəfindən işlənib hazırlanmış uşaq inkişafının mərhələləri aşağıdakı kimidir.
Hər şeydən əvvəl, burada uşaq inkişafının dinamikası aydın görünür: qısa böhranlı mərhələlər daha uzunmüddətli metrik, stabil (sabit) mərhələlərlə əvəz olunur. Sabit mərhələlərdə psixikanın və şəxsi xüsusiyyətlərin tədrici inkişafı, bilik, bacarıq və təcrübənin qazanılması baş verir. Bəs bu inkişaf nəyin təsiri altında baş verir? Hər şeydən əvvəl müəyyən yaş mərhələsi üçün aparıcı olan və uşağı aktiv şəkildə qoşulduğu fəaliyyətin təsiri altında baş verir.
L.İ.Bojoviç isə qeyd edirdi ki, uşağın inkişafında həlledici əhəmiyyətə malik yalnız aparıcı fəaliyyət deyil, həm də onu əhatə edən insanlarla uşağın qarşılıqlı münasibətlər sistemidir.

UŞAQLARIN FƏRDİ XÜSUSİYYƏTLƏRİNİ HƏRTƏRƏFLİ ÖYRƏNMƏK MÜƏLLİMİN ƏLİNDƏ KOMPAS ROLUNU OYNAYIR

Təlim və tərbiyəyə fərdi yanaşma heç də o demək deyildir ki, uşaq digər uşaqlardan kənarda, ayrılıqda, fərdi şəkildə təlim-tərbiyə almalıdır. Bu, hər bir şagirdin fərdi – pedaqoji-psixoloji xüsusiyyətlərinin, onun şəxsiyyətinin formalaşmasına təsir göstərən spesifik şəraitin peşəkar şəkildə öyrənilməsi və elmi cəhətdən əsaslandırılması deməkdir. Fərdilik dedikdə, şəxsiyyəti digərlərindən fərqləndirən xüsusiyyətlər nəzərdə tutulur. Eyni məqsədlər, proqramlar, təlim və tərbiyə üsullarına baxmayaraq, bütün şagirdlərdə fərdi xüsusiyyətlər, fərdi özünəməxsusluq görürük. Zaman keçdikcə, insanın təlim və tərbiyə təcrübəsi artdıqca, onun fərdi xüsusiyyətləri daha parlaq, daha məqsədli, daha əhəmiyyətli olur. “Təcrübə göstərir ki, uşaqların fərdi xüsusiyyətlərini hərtərəfli öyrənmək tərbiyəçinin (müəllimin əlində) kompas rolunu oynayır”. Hər bir şagirdin anlaq səviyyəsinə, fərdi pedaqoji-psixoloji xüsusiyyətlərinə müvafiq olaraqdan izah edilməlidir ki, hər bir şagird dərsdə öyrəndiklərinin məzmununu anlasın. “Şagird dərindən anlayaraq, əsaslı şəkildə düşünərək öyrəndikdə həmin materialı bir o qədər düzgün və möhkəm yadda saxlayır. Pedaqoji-psixoloji tədqiqatlar göstərmişdir ki, mənanı anlamadan, başa düşmədən materialı mexaniki öyrənmək üçün çox vaxt tələb olunur, bu cür öyrənilən material, mənası öyrənilən materialdan tez unudulur”.
Öyrətməkdə, tərbiyələndirməkdə, pedaqoji-psixoloji inkişafa nail olmaqda şagirdlərin fərdi pedaqoji-psixoloji xüsusiyyətlərini bilməyin faydası xeyli böyükdür. Professor Sultan Səlim Axundovun bu görüşdə gəldiyi qənaət çox maraqlıdır. Axundov yazır ki, material şagirdlərin anlaq səviyyəsinə, fərdi psixoloji xüsusiyyətlərinə müvafiq şəkildə izah olunarsa onda tədrisin faydası, dəyəri də qənaətbəxş olar. Düşündürməkdə hamını eyni ülgüyə salmaq düzgün olmaz, bu heç mümkün də deyil. Azərbaycan məktəb və pedaqoji fikir tarixinin qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rolu olan Nəriman Nərimanovun da fikirləri təqdirəlayiqdir. Nəriman Nərimanov İohan Henrix Pestalotsinin yaradıcılıq irsinə istinad edərək bildirir ki, “hər uşağın özünə görə bir qeyri xasiyyəti, təbiəti olmasına binaən hamıya bir qayda və bir qanunla dərs vermək, hamıya bir dillə bəyan etmək olmaz, hamını bir “ölçü ilə ölçmək” olmaz: Uşaqların bir parası zehinli, bir parası zehinsiz, fəhmsiz, bir parasınnın hafizəsi qüvvətli, bir parası naqis, bir parası müdhiş hekayələr sevən, bir parası gülünc və fərəhli nağıllardan həzz alan olur. Uşaqlara məhəb-bəti olan müəllim bunların hamısını mülahizə edər, hər kəsin öz bildiyinə, qanacağına görə hərəkət edərsə, hər kəsin eybinə görə çarə ararsa, əlbəttə, təlim və tərbiyə düz yol ilə gedib tərəqqiyi-əla dərəcəyə çatar”.
Müəllim müxtəlif fərdi psixoloji fərqlərə malik şagirdləri şəxsiyyət kimi formalaşdırmaq üçün çoxçalarlı pedaqoji ünsiyyətlilik keyfiyyətləri özündə cəmləşdirməlidir. Bu gün ümumtəhsil məktəblərində Nəriman Nərimanovun fikir və ideyalarını bir az da təkmilləşdirərsək belə deyə bilərik:
Uşağa görüləcək işin məqsədi, hansı istiqamətdə qurulması, icrası izah olunarsa;
İşin təşkili vasitələri, hərəkət qaydaları göstərilərsə;
Görüləcək iş uşaqlar tərəfindən şifahi və ya əyani təsvir olunarsa, onun bütün elementləri nitqdə öz əksini taparsa;
İşin icrasında fərdi iş üslubu müəyyən olunarsa, ona inkişafedirici təsir vasitələri seçilərsə;
Uşağın seçilmiş işə münasibəti müəyyənləşdirilərsə, o zaman Y.A.Komenskinin sözləri ilə ifadə etsək bu olar “qızıl qayda”.
Deməli, işin həm məzmunu, həm də metodiki formaları uşaqların gücünə uyğun olduqda, onlar çox maraq və həvəslə işləyərlər: belə ki, bu halda onlar öz güclərinə əmin olurlar, bu da daha artıq müvəffəqiyyət əldə etmək üçün onlara enerji və arzu verir.
Ancaq bu o demək deyil ki, dərs zamanı uşaqlar üçün heç bir çətinlik qalmır, artıq uşağa heç bir çətinliyi aradan götürmək lazım gəlmir. Yaxşı müəllim şagirdi maniədən maniəyə aparır, lakin o, uşaqların aradan götürə biləcəyi çətinliyi onların qarşısına qoyur, hər dəfə uşaqları onlar üçün mümkün olan yüksəkliyə qaldırır, bu yüksəklikdən uşaqlar artıq aşağı enmirlər, burada artıq bir qorxu içində qalmırlar, bu maniələri aradan götürməklə daha artıq maraqlanır, həvəslənirlər.
Uşaqlara həddindən artıq tanış olan, yaş üçün həddindən artıq sadə olan material verilirsə, belə material onların nə ağlına, nə də hissinə heç bir qida vermir, işə bir yenilik, canlılıq daxil etmirlər. Bu da işi uşaqlar üçün sıxıntılı bir halda qoyur, bu halda uşaqların işə artıq həvəsi olmur.
Müəllim, yalnız müəyyən yaşda olan uşaqların xüsusiyyətini bilməklə kifayətlənməməlidir.
Müəllimin rəhbərliyi bütün sinifin üzərində olmalı, eyni zamanda o, ayrı-ayrı hər şagirdin bilik vəziyyəti, işdəki bacarığı, əxlaqı onun gözünün önündə olmalıdır. Şagirdi tanımaq – əlbəttə yalnız işdə onun nöqsanlarını görmək deyildir, şagirdi tanımaq – onun əxlaqındakı xarakter cəhətlərini anlamaq, müvəffəqiyyətini yaxşılaşdırmağa, aktivliyini yüksəltməyə şagirdi həvəsləndirmək üçün nədən başlamaq lazım olduğunu hiss etməkdir.
Şagirdin bu kimi xarakter xüsusiyyətini anlamaq bacarığı, uşağa dərin sevgi üzərində əsaslanmış bu dəqiqlik, hər bir həqiqi pedaqoqun, hər bir həqiqi tərbiyəçi-müəllimin çox qüvvətli sandığı cəhətdir.

UŞAQ İNKİŞAFININ BÖHRANLI MƏRHƏLƏLƏRİ VƏ “MƏN” ANLAYIŞI

İnsani münasibətlər sistemində uşaq yerini müəyyənləşdirir. Aparıcı fəaliyyətə və ünsiyyətə qoşulmaq nəticəsində uşaqda ətraf aləmlə qarşılıqlı əlaqələr yaratmaq üçün daha böyük imkanlar açılır, şəxsiyyətin formalaşmasına gətirib çıxaran yeni tələbatlar meydana çıxır. Buna yenitörəmələr də deyilir. Yenitörəmələr dedikdə, müəyyən yaş dövründə ilk dəfə meydana çıxan psixi və sosial dəyişikliklər, şəxsiyyətin yeni növü nəzərdə tutulur. Bu yenitörəmələr uşaqda şüuru, onun ətraf mühitə olan münasibətini, daxili və xarici baxışını, görüşünü, ümumiyyətlə, həmin mərhələdə onun bütün inkişaf tərzini müəyyənləşdirir.
Yaş mərhələlərinin əsas şəxsi yenitörəmələrinin bəzilərini qeyd edək:
Körpəlik – emosional, özünü hissetməkdə əks olunan subyektiv yeni törəmə. Bu, şəxsiyyət şüurunun müjdəçisidir;
Erkən uşaqlıq “Mən” anlayışının yaranması (“Mən özüm”) – özünüdər-ketmənin yaranması;
Məktəbəqədər dövrün mühüm yenitörəmə – müxtəlif fəaliyyətlərin özünə uyğunlaşdırılması, fəaliyyətə, özünə yaradıcı münasibətin əsası kimi təxəyyülün yaranması;
İbtidai məktəb dövrü – psixi proseslərin sərbəstliyi, hərəkətlərin daxili planı, şəxsi davranışın təhlili, fəal əqli fəaliyyət ehtiyacı, nəzarət və özünənəzarət;
Yeniyetməlik dövrü öz hərəkətlərinin şüurlu tənzimlənməsi, başqalarının maraq və hissələrini nəzərə almaq və öz davranışında onlara istiqamətləndirmək;
Erkən gənclik dövrü və ya yuxarı sinif dövrü – öz müqəddəratını şəxsi və peşəkar şəkildə həll etməyə hazırlıq. Bura daxildir:
pedaqoji-psixoloji strukturları yüksək səviyyədə məktəblinin özünü dərk etməsinə yönəltmək;
şəxsiyyətin daxili məzmununu təmin edən ehtiyaclarını inkişaf etdirilməsi;
burada mənəvi məqsədlər, dəyərli istiqamətlər və müvvəqqəti perspektivlər nəzərdə tutulur;
öz maraq, bacarıq və ehtiyaclarının dərk edilməsi və inkişaf nəticəsi kimi fərdi, ilkin şəraitin yaradılması.
Hər bir yaş dövrünə yalnız bu dövrün sonuna yaxın əmələ gələn ayrı-ayrı xüsusiyyət və yenitörəmələrin toplusu deyil, həm də şəxsiyyətin tam strukturu və bu mərhələ üçün spesifik olan inkişaf meylləri daxildir. Bu meyllər uşağın mövcud həyat şəraitilə ziddiyyətə girə bilər. Yəni “uşaq ədalılıq göstərməyə, tərslik etməyə başlayır”. Yaş inkişafının böhranları hər bir mərhələnin sonunda meydana çıxan tələbatların ödənilməsinin nəticəsidir (depressiya). “Belə konteksdə xüsusi diqqət yetirmək lazımdır ki, uşaq sözügedən böhran dövründə nəinki sevgi hissləri qəbul etsin, həm də ətrafdakılara öz sevgisini versin. Hər bir böhran uşağın öz daxili aləminə dərindən yeni baxışı ilə bağlıdır. Bu baxış potensial imkanlarını reallaşdırmaq, başqalarına nəyə qadir olduğunu təsdiq etmək üçün lazımdır”.
Uşaq inkişafının böhranlı mərhələləri nəzəriyyəsinə (L.Q.Vqotski) əsasən, hər bir keçid dövrü və ya böhranlı mərhələ – sosial inkişaf situasiyasının yenidən qurulmasının nəticəsidir. Bunun əsasında isə bir tərəfdən mövcud ictimai münasibətlər sistemində uşağın obyektiv vəziyyətinin dəyişməsi, digər tərəfdən isə onun “daxili mövqeyinin” dəyişməsi durur. Bütün keçid dövrləri oxşar məzmun və simptomlara malikdir və ümumi qanunauyğunluqlar əsasında baş verir. Bir mərhələdən digərinə keçid dövründə spesifik inkişaf böhranları baş verir. Bunlar sabitlik dövründəki inkişaf xüsusiyyətlərindən tamamilə fərqlənir.
Keçid dövrləri yaş inkişafının çox məsuliyyətli mərhələsidir. O vaxta qədər uşaqda əvvəlki mərhələnin bütün əsas pedaqoji-psixoloji yenitörəmələri formalaşmalıdır. Bütün bunlar uşağı daha ali inkişaf pilləsinə hazırlayır.

UŞAQDA HƏYAT TƏRZİ, YENİ TƏLƏBATLARIN YARANMASI

Uşağın həyat tərzi ilə bu həyat tərzini qabaqlayan imkanlar arasındakı ziddiyyət yeni tələbatların yaranmasına gətirib çıxarır və yeni fəaliyyət səbəbi yaranır. Bununla əlaqədar olaraq fəaliyyətin özü də dəyişikliyə məruz qalır, uşağın psixi həyatında yeni inkişaf mərhələsinə keçid baş verir.
Zaman keçir, uşaq böyüyür, onun ünsiyyət dairəsi genişlənir. Bu zaman “Uşaq gözəlliyi görəndə və duyanda onun şüurunda tükənməz fantaziya, yaradıcılıq, canlı fikir bulaqları açılır”. Uşaq istəyir ki, onu başqaları da başa düşsün. Uşağın nə isə demək, izah etmək arzusu ilə bunu bacarmaması arasında ziddiyyət yaranır. Uşağın nitqinin inkişaf etməsi ilə bu ziddiyyət aradan qalxır.
Başqa bir misal: yeniyetmə böyüklərin həyatında iştirak etmək istəyir. Lakin o, bu tələbatını həyata keçirə bilmir. Belə bir güclü faktorun təsiri altında yeniyetmənin özünə, ətraf aləmə, onu əhatə edən insanlara – böyüklərə və yaşdaşlarına qarşı münasibəti dəyişir. O böyüyür. Ziddiyyətlər isə həmişə daha yüksək psixi inkişaf səviyyəsinin formalaşması ilə nəticələnir.
Təmin olunmuş tələbatlar yenilərini doğurur, təmin olunmamış tələbatlar isə inkişafı ləngidir, yeni tələbatlar doğurmur, daha mürəkkəb fəaliyyəti əsaslandırmır.
Göründüyü kimi, şagirdlər fərqli, müxtəlif və bənzərsizdirlər. Böyüklərdə olduğu kimi şagirdlərin da öz aləmi, öz sirli dünyası var. Deməli, “psixi qüvvələri məşq etdirməklə diqqətin yanaşmasının, təsəvvürün pərakəndəliyini, qeyri ixtiyari fəallıq hallarının qarşısını almaq asanlaşır”. Şagirdlərin daxili aləminə yol sevgi, məhəbbət, hörmət, qayğı qapısından keçir. Uşaqlar çox təmiz varlıqlardır.

ALINAN NƏTİCƏLƏR

Təlimin təşkili zamanı şagirdlərin fərdi və yaş xüsusiyyətləri nəzərə alınmalıdır;
Şagirdlərin bilik və bacarıqlarının necəliyinə, habelə psixoloji inkişafının dərəcəsinə diqqət yetirilməlidir;
Müəllim şagirdlərin mövcud bilik və bacarıq səviyyələrini dərs zamanı üzə çıxarmalı, onların hafizə xüsusiyyətlərinə, düşünmə tərzlərinə əhəmiyyət verməlidir;
Müəllim yeni tədris mövzusunun başa düşülməsini asanlaşdırmaq üçün yeni mövzu ilə ondan əvvəlki mövzu arasında körpü yaratmalıdır. Yaratmazsa müəllimin yeni mövzu üzərində söylədiyi fikirlər şagirdlər üçün zülmət görünəcəkdir;
Müəllim hər bir vəchlə şagirdlərin mühakimə yürütmələrinə qayğı göstərməlidir;
Müəllimin şagirdlərə izah etdiyi hər bir material onların ağlının, hissinin qida mənbəyinə çevrilməlidir;
Müəllim şagirdlərə sevgi, hörmət, inama hissi ilə yanaşmalıdır. Belə olduqda şagird də müəllimə sevgi ilə, hörmət ilə cavab verməyi bacaracaqdır.

Kamal Camalov
Naxçıvan Müəllimlər İnstitutunun dosenti
Pedaqogika elmləri doktoru
Azərbaycan Respublikasının Əməkdar müəllimi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024