Mobil versiya
Xocalı Soyqırımı - tarixin qanlı səhifəsi
Tarix: 26-02-2022 | Saat: 16:38
Bölmə:Seçki 2024 | çapa göndər

Xocalı Soyqırımı - tarixin qanlı səhifəsi

İnsanlıq adına ləkə gətirən, bəşər tarixində ən dəhşətli faciələri belə kölgədə qoyan Xocalı soyqırımı xalqımızın ürəyinə vurulan, heç zaman sağalmayan, qaysaqlanmayan, zaman-zaman dərinləşən, dövr edən yaradır. Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi.

Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 nəfər girov götürülüb. Bu günədək 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Xocalının işğal edilməsində məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, bu şəhəri yer üzündən birdəfəlik silmək idi. Xocalı qətliamının, eləcə də ondan əvvəl xalqımıza qarşı dəfələrlə törədilən soyqırımların vaxtında hüquqi-siyasi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biri olub. Yaşanan faciələr, o cümlədən Xocalı soyqırımı haqda ətraflı, təfsilatlı araşdırmalar yalnız ümummili lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra aparılıb və bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi prosesi başlanıb.

Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin təşkil olunması Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən işğalçılıq siyasəti haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

Xocalıda axıdılan göz yaşları hələ də qurumaq bilmir. Bu göz yaşları hamımızın içini göynədir, qəlbimizi yandırır. Biz bu qanlı tarixi heç vaxt unutmayacağıq.

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024