Mobil versiya
Gündüz Bayramov: “Qonşu ölkələrlə yaxşı münasibətlərin qurulması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir”
Tarix: 23-02-2022 | Saat: 15:33
Bölmə:Seçki 2024 | çapa göndər

Gündüz Bayramov: “Qonşu ölkələrlə yaxşı münasibətlərin qurulması Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir”

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin imzalanması birmənalı olaraq Azərbaycan diplomatiyasının növbəti uğurudur. Bu sənəd Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni dövlətlərarası münasibətlərin formalaşması üçün əlverişli zəmin yaradır. Azərbaycanla Rusiya arasında rəsmi diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə belə bir sənədin imzalanması onu deməyə əsas verir ki, bundan sonrakı müddətdə Azərbaycan və Rusiya münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Bu, özünü iqtisadi, humanitar, tibbi, elektroenergetika və digər sahələrdə büruzə edəcək.

Sənəddə əsas diqqət çəkən daha bir məqamın Zəngəzur dəhlizi ilə bağlıdır. Bu dəhlizin açılması nəinki ölkələr arası, eyni zamanda, region üçün əhəmiyyətlidir və misilsiz layihədir. Rusiya Prezidenti çıxışında regionda nəqliyyat əlaqələrinin tezliklə açılması məsələsinə toxundu və bildirdi ki, bu prosesin bütün iştirakçıları – bilavasitə Azərbaycan və Ermənistan, əlbəttə ki, onların bütün qonşuları bunda maraqlıdırlar.

Bəyannamədə yer alan bir nüansa xüsusi diqqət yetirmək lazımdır. Belə ki, bu günə qədər bizi beynəlxalq təşkilatlarda dəstəkləyən ölkələr arasında Türkiyə, Pakistan və digər ölkələr gəlirdisə bu gün bu ölkələr arasına Rusiya da daxil olur. Sənəddə qeyd olunur ki, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi niyyətindən çıxış edərək, Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Məhz belə bir bəndin Bəyannamədə qeyd olunması Azərbaycanın xarici siyasətinin uğurudur. Bəli, artıq regionda yeni düzən formalaşır. Türkiyə Azərbaycan müttəfiqliyində Rusiyanın da rolu artır. Rusiya artıq Azərbaycanın haqq işində beynəlxalq təşkilatlar qarşısında qaldırılan məsələlərə əvvəlki tək biganə qalmayacaq. Bu isə bizə böyük üstünlüklər qazandıracaq.

İki ölkə arasında hərbi texniki sahədə əməkdaşlıq Azərbaycanın hərbi gücünün artmasına gətirib çıxaracaq: “Ölkəmizin hərbi potensialı hər il daha da artır. Yeni və müasir silahların alınması, şəxsi heyətin, müasir hərbi texnikaların sirlərinə yiyələnməsi və qarşılıqlı razılaşma ilə hərbi təlimlərin keçirilməsi təbii ki, təcrübə baxımından əhəmiyyətlidir. Belə olan halda Rusiya hərbi təcrübəsindən istifadə gücümüzə güc qatacaq. Bəyannamədə bu məsələyə xüsusi yer verilməsi isə onu deməyə əsas verir ki, nəinki hərbi təlimlər, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yarandığı təqdirdə Rusiya bu məsələdə öz sözünü deyəcək.

Prezident İlham Əliyev daim bu reallığı önə çəkir ki, hər bir ölkə üçün onun qonşuları ilə yaxşı münasibətlərinin qurulması çox vacib amildir. Azərbaycan o ölkələrdəndir ki, çox konstruktiv, düşünülmüş siyasət apararaq Ermənistan istisna olmaqla bütün qonşuları ilə gözəl münasibətlər qura bilib və dövlətimiz bu əməkdaşlıqdan maksimum faydalanır. Məlumdur ki, müasir dövrdə həm regional təhlükəsizliyin təmin olunması, həm də nəqliyyat, energetika, ticarət məsələlərinin uğurla həlli xeyli dərəcədə qonşularla münasibətlərin inkişaf səviyyəsindən asılıdır. Bu baxımdan əminliklə deyə bilərik ki, qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri daim yüksələn xətt üzrə inkişaf edir.

Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024