Mobil versiya
İrasət Zahidov: “İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində işlər böyük vüsətlə davam etdirilir”
Tarix: 15-02-2022 | Saat: 19:13
Bölmə:Ölkə | çapa göndər

İrasət Zahidov: “İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi istiqamətində işlər böyük vüsətlə davam etdirilir”

Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdığı gündən indiyədək Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər həm iqtisadi, həm də siyasi cəhətdən xüsusi önəm daşıyır. İlk növbədə bu səfərlər həmin torpaqlarda böyük vüsətlə aparılan bərpa-quruculuq işlərinin birbaşa dövlət başçısının nəzarətində və diqqət mərkəzində saxlandığını vurğulayır. O cümlədən fevral ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına etdikləri səfər də bir çox önəmli hadisələrlə əlamətdar oldu.

Belə ki, Ağdam rayonunun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlər, eləcə də Prezident İlham Əliyevin açılışını etdiyi müəssisələr və təməlini qoyduğu obyektlər rayonun yenidən dirçəlməsinə misilsiz töhfədir. O cümlədən Prezident İlham Əliyev Ağdam şəhərində sənaye parkının iki yeni müəssisəsinin təməl daşını qoymaqla ümumilikdə bölgənin inkişafında növbəti mərhələyə keçidə start vermiş oldu. Məlum olduğu kimi, bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri də məhz qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye parkları və məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Qeyd etmək lazımdır ki, artıq Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir və hazırda 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Həmçinin işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda infrastruktur layihələri sürətlə icra olunur. Belə ki, artıq azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək və bu da ölkənin enerji təhlükəsizliyinin təminatına növbəti önəmli töhfə olacaq.

Belə bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Müzəffər Ali Baş Komandanın qətiyyəti və Şanlı Ordumuzun rəşadəti sayəsində artıq işğaldan azad edilmiş bu torpaqlarda bir çox digər sahələr kimi, turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlar atılır. O cümlədən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir. Əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edən daha bir əlamətdar hadisə dövlətimizin başçısı tərəfindən yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.

Həmçinin 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisədir. Bu səhiyyə müəssisəsi istifadəyə veriləndən sonra ağdamlılara yüksək səviyyədə müasir tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Bundan başqa hazırda Ağdam şəhər 1 nömrəli orta məktəbin inşası davam edir. Bu məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Bütün bu işlərlə paralel olaraq bu gün Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıb. Əlbəttə ki, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq.

Beləliklə, bu gün dövlətimiz tərəfindən işğaldan azad olunmuş ərazilərin yenidən dirçəldilməsi istiqamətində bütün zəruri addımlar atılır və ən yaxın zamanlarda bütün dünya görülən tədbirlərin möhtəşəm nəticələrinin şahidi olacaq.

İrasət Zahidov,
ATİAHİ Ağdaş rayon komitəsinin sədri

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025