Mobil versiya
Ağdamın bərpası ilə bağlı kompleks tədbirlər görülür
Tarix: 16-02-2022 | Saat: 10:35
Bölmə:Seçki 2024 | çapa göndər

Ağdamın bərpası ilə bağlı kompleks tədbirlər görülür



İşğaldan azad edilmiş rayonlarımızda artıq neçə vaxtdır ki, bərpa- quruculuq işləri gedir. Geniş infrastruktur layihələr həyata keçirilir. Hava yolları, dəmir yolları, müasir tipli avtomobil yolları çəkilir. Yaşayış binaları, xəstəxanalar, məktəblər, uşaq bağçaları, klublar və digər inzibati və yaşayış binaları tikilir. Ağıllı kəndlər salınır.

Erməni vandalları tərəfindən dağıdılmış su elektrik stansiyaları yenidən bərpa edilir və eyni zamanda yeniləri tikilir. Bütün kəndlər qazlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan azad edilmiş bütün rayonlara, kəndlərə şəxsən səfər edir. Öz göstərişlərini verir. Açılışlarda iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr sürətlə icra olunur. Azad olunmuş ərazilərdə yarımstansiyaların sayı 9-a çatıb. ”Ağdam-1” və “Ağdam-2”” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək.

Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xəttlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapmışdır”.

Ağdam rayonunun bərpası ilə bağlı da kompleks tədbirlər görülür. Bu kompleks tədbirlər imkan verir ki, Ağdam rayonu yenidən qurulsun. Ağdamın inkişafı ilə bağlı qısa müddətdə çox önəmli addımlar atılıb.

Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməli qoyulub. Artıq 5 rezident işə başlayıb. Burada dəmir yolu, avtomobil yolu artıq inşa edilməyə başlanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlanmışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq”.

Ağdamda görülən əksər işlər Azərbaycanın öz daxili vəsaiti hesabına həyata keçirilir. Burada eyni zamanda bütün kadr potensialı, texnika səfərbər olunub. Bir sıra xarici şirkətlər də artıq burada görülən işlərdə fəallıq göstərməyə başlayıb. Getdikcə burada işləmək istəyən xarici şirkətlərin sayı daha da artmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Qarşımızda duran böyük işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının içtimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi praktiki işlərin görülməsi başlanacaqdır”.

Erməni vandalları 30 il işğal dövründə Azərbaycanın mədəni, dini abidələrini məhv etməyə çalışmışlar. Dini inanc yerlərimizi, türbələrimizi, məscidlərimizi söküb dağıtmışlar.

Heydər Əliyev Fondunun Prezidenti, Respublikanın birinci xanımı Mehriban Əliyeva da işğaldan azad edilmiş ərazilərə səfər edərək dini abidələrimizin vəziyyəti ilə maraqlanır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ağdam Cümə məscidinin bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən aparılır. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib.

Məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Ağdam Cümə məscidinin bərpa işləri başlanıb. Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək”.

Bütün azad olunmuş ərazilərdə mədəni, dini abidələrimizin, mənəvi dəyərlərimizin Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən, eyni zamanda fondun vəsaiti hesabına bərpa olunması Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti bir töhfəsidir.

Bu gün Ağdama və Şuşaya avtobus marşrutları işləyir. Bu bölgələrdən olanlar və hatta heç vaxt bu yerləri görməyən insanlar 30 il işğal altında inləyən ərazilərimizi görmək, şəhidlərimizin qanı ilə suvarılmış, geri qaytarılmış bu torpağa baş əyməyə gedirlər.

Həmin ərazilərdə olan yerli əhali və xarici qonaqlar bu dağıntıları heyrətlə izləyirlər. Xalqımızın necə bir düşmənlə, necə bir bəla ilə üzləşdiyini öz gözləri ilə görürlər.

Şəhla Ağbulud
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024