Mobil versiya
Gəncədə 6 evin problemi düz 9 ildir ki, həll olunmur
Tarix: 02-02-2022 | Saat: 16:39
Bölmə:Seçki 2024 | çapa göndər

Gəncədə 6 evin problemi düz 9 ildir ki, həll olunmur

Məhkəmə imtiyazlı vətəndaşların torpaq sahələrini mübahisələndirərək evlərin sökülməsinə dair qərar verib


Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu öz çıxışlarında dəfələrlə qeyd edən Prezident İlham Əliyev demişdir: “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır. Xüsusilə son 19 ildə Azərbaycanda ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi əhatəli islahatlar həyata keçirilib və bu islahatlar növbəti illərdə də davam edəcək. Həmçinin bu gün imtiyazlı vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Həyata keçirilən siyasətin əsas məqsədi budur ki, həmin kateqoriyadan olan vətəndaşlar hər cür qayğı ilə əhatə olunsunlar.

Yazımızın əsas mövzusuna keçməkdən öncə, daha doğrusu bu keçidi rahat anlaşılan edə bilmək üçün bir məqamı da vurğulamaq lazımdır. Məsələ bundadır ki, imtiyazlı vətəndaşların özlərini də sosial rifah durumuna görə müxtəlif kateqoriyalara bölmək olar. Məsələn, bəzi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlara mütləq şəkildə dövlət tərəfindən hazır ev və ya mənzil verilir. Bir başqaları isə sadəcə uyğun torpaq sahəsilə təmin olunduqda artıq özləri həmin sahədə ev tikmək imkanına sahibdirlər. Bu əlbəttə ki, çox gözəl düşünülmüş praktikadır. Amma bir şərtlə ki, sonradan kimsə kənardan peyda olub, həmin imtiyazlı şəxsə verilmiş torpaq sahəsini mübahisələndirməsin. Əlbəttə, belə bir vəziyyətin yaranması əslində qətiyyən məntiqə uyğun deyil. Ən azından imtiyazlı vətəndaşlara verilən torpaq sahələrinin bilavasitə dövlət qurumları tərəfindən ayrıldığına görə. Amma təcrübə göstərir ki, bu da mümkündür. Həm də bizim bəhs edəcəyimiz vəziyyətdə bir deyil, birdən-birə 6 nəfər imtiyazlı vətəndaşın hüquqlarının pozulduğu iddia olunur. İddiaçıları təqdim etməzdən əvvəl bir məqamı da qeyd edək ki, bu problemin yaranma tarixi nə az-nə çox artıq düz 10 il bundan əvvələ təsadüf etsə də, problem hələ də öz həllini tapmayıb.

Beləliklə, 2012-ci ilin 10 may tarixində İsmayılov Nicat Məhərrəm oğlu (Ağdam rayonundan məcburi köçkün), İsmayılov Məhərrəm Musa oğlu (Nicat İsmayılovun nümayəndəsi, Azərbaycan Respublikasının Əməkdar müəllimi), Babayeva Rəsmiyyə Vaqif qızı (özüm və həyat yoldaşı II qrup əlil), İsgəndərova Qətibə Cumalı qızı (təqaüdçü, həyat yoldaşı rəhmətə gedib) və Quliyev Əli Nuru oğlu (təqaüdçü) imtiyazlı şəxslər kimi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində inşa ediləcək fərdi yaşayış evlərinin tikintisi üçün eskiz layihəsi üzrə Gəncə şəhər memarlıq və tikinti bölməsinin razılığına əsasən boş yerlərdə evlər tikiblər (adları çəkilən vətəndaşların kimlikləri barədə tələb olunan məlumatlar redaksiyamıza təqdim edilib – red.). İnşa edilmiş evlər sonradan Nizami rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə qeydiyyata alınmışdır. Evlər tikiləndən 1 il sonra, yəni 2013-cü ilin iyun ayında isə vətəndaş Məmmədov Elşad Cəmil oğlu yeni ev sahiblərini məhkəməyə verərək yerin ona məxsus olduğuna dair iddia qaldırmışdır. Etiraf edək ki, bu faktın özü artıq bir neçə ciddi sual doğurur. İlk növbədə Elşad Məmmədov tərəfindən təqdim olunan sənədə görə 0,8 ha ərazisi olan torpaq sahəsini o, 2013-cü ildə Şərifov Faiq Şərif oğlundan alqı-satqı yolu ilə almışdır. Yəni həmin vaxt alqı-satqı predmeti olan torpağın üzərində artıq tikili evlər olub. Bəs görəsən bu torpağı alan şəxs nəticədə ciddi mübahisənin yaranacağını niyə nəzərə almayıb? Həmçinin 12.04.2013-cü il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə Məmmədov Elşad Cəmil oğlunun adına çıxarış verilməsi prosedurunun qanuniliyi də müəyyən şübhələr doğurur. Çünki təqdim olunan rəsmi sənədlərə görə çıxarış verilərkən idarənin əməkdaşları tərəfindən yerində müayinə olunmuş, bu torpaq sahəsində vətəndaşlara məxsus 6 yaşayış evinin tikili vəziyyətdə olduğu müəyyən edilmiş, Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsi (Gəncə Ərazi İdarəsi ) arxiv işində də (forma 1), torpaq üzərində tikili evlərin olduğu və mübahisəli olması barədə qeydiyyat aparılmışdır. Bəs belə olduğu halda digər vətəndaşın adına çıxarış verilməsi nə dərəcədə qanunauyğundur? Nəhayət daha bir sual: əgər mübahisəli torpaq sahəsini Elşad Məmmədova satan Faiq Şərifov həqiqətən də bu ərazinin sahibi idisə, bu zaman nəyə görə həmin torpağın üzərində evlər tikildiyi müddətdə o, öz etirazını bildirməyib və müvafiq orqanlara müraciət etməyib? Ən azından zərərçəkənlər (icazənizlə mən özlərinə ev tikmiş imtiyazlı vətəndaşları hələlik məhz belə adlandırmaq istəyirəm) iddia edirlər ki, tikintinin davam etdiyi bir il ərzində onlara heç kim torpağa mülkiyyət hüququna malik olduğu barədə müraciət etməyib. Amma inanın ki, hadisələrin bundan sonrakı inkişafı daha qəribə məcrada gedir...

Elşad Məmmədov 2013-cü ilin iyun ayında Gəncə şəhəri Nizami rayon Məhkəməsində mübahisəli torpaq üzərində tikilmiş evlərin sökülməsinə dair iddia qaldırır. Məhkəmənin sabiq hakimi tələsik və heç bir araşdırma aparmadan, zərərçəkənlərin sözlərinə görə onların məhkəmədə iştiraklarını tam təmin etmədən... evlərin sökülməsinə dair qətnamə çıxarmaqla 6 ailəni ciddi problemlər qarşısında qoyur.

Göründüyü kimi, Gəncə şəhəri Nizami rayon Məhkəməsində qəbul edilmiş qərar həqiqətən də qəribəliyi ilə diqqəti cəlb edir və daha ciddi suallar doğurur. Məsələ bundadır ki, bu gün Azərbaycanda vətəndaşlar tərəfindən hətta qeyri-qanuni (yəni əvvəlcədən layihə-smeta sənədləri hazırlanmadan) tikilmiş evlərin belə vətəndaşa kompensasiya verilmədən sökülməsi çox nadir hallarda baş verir. Təbii ki, xüsusi təyinatlı torpaq sahələrində və ya strateji kommunikasiya xətlərinin üzərində tikilən evlər istisnadır. Digər hallarda isə, əgər vətəndaş artıq evi yaşayış üçün yararlı vəziyyətə gətiribsə, bu zaman dövlət orqanları ilk növbədə həmin evin qanuni qaydada qeydiyyata alınması istiqamətində addımlar atırlar. Şübhəsiz bu da vətəndaşların mənzil-kommunal şəraitlərinin yaxşılaşdırılması yönümündə aparılan dövlət siyasətinin bir təzahürüdür. Gəncə şəhəri Nizami rayon Məhkəməsində isə Gəncə şəhər memarlıq və tikinti bölməsinin razılığına əsasən boş yerlərdə tikilmiş və sonradan Nizami rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə qeydiyyata alınmış, həm də imtiyazlı vətəndaşlara məxsus olan birdən-birə 6 evin sökülməsinə dair qərar qəbul edilir.

Sonrakı araşdırmalar barədə növbəti saylarımızda daha ətraflı danışacağıq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024