Mobil versiya
Rauf Ağayev: “Bu gün Azərbaycan dövlətçiliyi özünün intibah dövrünü yaşayır”
Tarix: 22-12-2021 | Saat: 12:02
Bölmə:Gündəm | çapa göndər

Rauf Ağayev: “Bu gün Azərbaycan dövlətçiliyi özünün intibah dövrünü yaşayır”

Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, Ölkə rəhbərliyinin və birbaşa Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir və ən son texnoloji avadanlıqlarla təchiz edilərək vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Xüsusilə son illər Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə ayırdığı böyük diqqət və qayğının nəticəsində Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin köklü kadr islahatları və aparılan digər tədbirlər səhiyyəmizi dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.

Qeyd olunmalıdır ki, 2003-2020-ci illər ərzində Azərbaycanda 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Görülən tədbirlər sayəsində ölkənin səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu indi ən yüksək standartlara cavab verir. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxış və müsahibələrində qeyd edib ki, bundan sonra da səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırılması yönümündə əlavə tədbirlər görüləcək. Belə bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan səhiyyəsi görülmüş tədbirlər sayəsində hər hansı xoşagəlməz hadisələrə, o cümlədən pandemiyaya əvvəlcədən hazır olub. Pandemiyanın ilk günlərindən də dövlət tərəfindən bütün lazımi tədbirlər düşünülmüş və effektiv şəkildə həyata keçirilib, bütün lazımi addımlar atılıb, beynəlxalq təşkilatlarla təmaslar qurulub. Bu gün isə artıq bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri uğurla fəaliyyət göstərir.

Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan dövləti tərəfindən vaxtında görülmüş qabaqlayıcı tədbirlər, həyata keçirilmiş peşəkar təşkilatlanma və digər atılan məqsədyönlü addımlar nəticəsində ölkəmizdə pandemiyanın daha böyük fəsadlarının qarşısı alındı. Pandemiya ilə mübarizə dövründə Azərbaycan vəziyyəti hər zaman nəzarətdə saxlamağı bacardı. Burada əlbəttə ki, birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin şəxsi səyləri nəticəsində yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynadı. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Əbəs yerə deyil ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın pandemiya ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirirlər. Heç bir şübhə ola bilməz ki, Azərbaycan səhiyyəsi bundan sonra da öz inkişafını davam etdirəcək və hər bir vətəndaşımız ən yüksək beynəlxalq standartlara cavab verən tibbi xidmətlərdən hər zaman yararlana biləcək.

Xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ölkəmizin, xalqımızın və dövlətimizin qarşısında tamamilə yeni üfüqlər açıb. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu. 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu növbəti erməni təxribatına cavab olaraq hərbi əməliyyatlara başladı və bununla da özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Qısa müddət ərzində əldə olunmuş tarixi Qələbə möhtərəm Prezidentimizin güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 17 illik hazırlıq dövrünün mükəmməl nəticəsi olaraq savaş meydanında əldə olunmuş qələbədən sonra məsələ siyasi yolla həll olundu və tarixi ədalət bərpa edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, indiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə və ən əsası da bunu bizə qəbul etdirməyə çalışırdılar. Lakin Azərbaycan Prezidenti hər zaman deyirdi ki, alternativ var və bu, torpaqların müharibə yolu ilə azad edilməsidir. 44 günlük Vətən müharibəsi dövlət başçımızn haqlı olduğunu bütün dünyaya göstərdi. Bu möhtəşəm Qələbə eyni zamanda həm tarixi ədaləti bərpa etdi, həm də gələcəyə yönəlmiş yeni, möhtəşəm perspektivlərə yol açdı. Ən əsası isə, Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə bütün Cənubi Qafqazı erməni faşizminin təhdidindən qurtardı.

Bu gün müstəqil Azərbaycan dövləti sözün əsil mənasında özünün intibah dövrünü yaşayır. Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və ölkəmizin regionda oynadığı aparıcı roldur. Bütün bu uğur və nailiyyətlət də Prezident İlham Əliyevin yenilməz əzm və iradə ilə həyata keçirdiyi daxili və xarici siyasətin nəticələri kimi əldə olunmuşdur.

Rauf Ağayev,
Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru,
Tibb elmlər doktoru, professor




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2025